Xəbər lenti


Son zamanlar dünya mediasında Ermənistanla Rusiya arasında gərginliyin artmasına dair spekulyasiyalar çoxalıb. Halbuki, reallıqda hər iki tərəfdən əsl gərginliyə səbəb ola biləcək ciddi əməli addımların olmadığı və İrəvan-Moskva “duel”inin əsasən ritorik xarakter daşıdığı aydın şəkildə görünür. 

 

Etiraf etmək lazımdır ki, ixtisasca jurnalist olan Paşinyan uğurlu informasiya kampaniyası apararaq bir çoxlarını, xüsusən də Qərbdəki havadarlarını Ermənistanın Rusiyadan üz döndərmək planlarına inandıra bilib, bunun qarşılığında isə müəyyən yardımlar almağı və dəstək qazanmağı bacarıb.  

 

İki ölkə arasındakı münasibətlərin hazırki vəziyyətini anlamaq üçün Rusiyanın Ermənistanda hansı sahələrdə təmsil olunduğuna nəzər salaq: 

 

- Hərbi-siyasi kontekstdə: Gümrüdəki hərbi baza, Erebuni hərbi hava bazası, birgə Hava Hücumundan Müdafiə sistemi, Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərini qoruyan, həmçinin Azərbaycanla şərti sərhəddəki 5-6 məntəqədə, eləcə də Zvartnots hava limanında xidmət aparan Rusiya sərhədçiləri; 

 

- İqtisadi kontekstdə: Ermənistanın atom energetikası, qaz və elektrik paylayıcı şəbəkələri, eləcə də dəmir yolları üzərində Rusiyanın inhisarı, ticarət dövriyyəsi (son 2 ildə 3 dəfəyə yaxın artaraq 7.3 mlrd. dollara çatıb), pul köçürmələri (son 2 ildə 4 dəfədən çox artaraq 4 mlrd. dollara yaxınlaşıb). 

 

Həmçinin, Ermənistan Rusiyanın aparıcı rol oynadığı inteqrasiya layihələrində də yer almaqda davam edir:  

 

- KTMT (hərbi-təhlükəsizlik ittifaqı); 

- AİB (iqtisadi-gömrük ittifaqı); 

- MDB (siyasi dialoq platforması). 

 

Bununla yanaşı, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı yeganə strateji müttəfiqi olaraq qalır. 

 

Bütün bu sadalananların fonunda indiyədək Paşinyan hökuməti Ermənistanda Rusiyanın təsirini azaltmaq üçün cəmi iki, özü də miqyası baxımından çox kiçik addımlar atıb: 

 

- Ermənistan KTMT-dəki fəaliyyətini dondurub, lakin təşkilatdan çıxmayıb. Ölkə rəsmiləri təşkilatın tədbirlərində iştirak etmir, İrəvanın KTMT-dəki təmsilçisi təyin olunmur (amma təmsilçilik ləğv edilmir), təşkilat tərəfindən qəbul edilmiş sənədlər imzalanmır; 

 

-   Zvartnots hava limanındakı Rusiya sərhədçilərinin avqustun 1-dək Ermənistan sərhədçilərilə əvəz olunması və lazımi təhvil-təslim işlərinin aparılması üçün Moskvaya müraciət göndərilib.  

 

Maraqlıdır ki, bu iki addımın heç biri Azərbaycanla bağlı deyil. Başqa sözlə, Ermənistan hakimiyyətinin cari “anti-Rusiya” addımları Azərbaycanla normallaşmaya xidmət etmir.  

 

Bu kontekstdə Paşinyan hökumətinin iki mümkün qərarı rəsmi Bakı ilə münasibətlərin yaxşılaşdırılmasına xidmət edə bilər: 

 

- 2021-ci ildə Azərbaycanla şərti sərhəddə peyda olan Rusiya sərhədçilərinin ərazidən uzaqlaşdırılması; 

 

- İranla sərhəddə xidmət aparan Rusiya sərhədçilərinin çıxarılması. 

 

Azərbaycan öz sərhədlərində heç bir kənar qüvvələrin, o cümlədən də Rusiya sərhədçilərinin olmasında maraqlı deyil. Buna baxmayaraq, atılan addımlar Azərbaycana qarşı olmadıqca, Bakı Moskva-İrəvan münasibətlərinə aid məsələlərə reaksiya verməyəcək.

 

 Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi





Ana səhifəyə qayıt        Baxış: 4 984          Tarix: 16-03-2024, 11:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma