Xəbər lenti


 

Uşaq vaxtı hər kiçik qalmaqala görə qaçıb müəllimə və ya valideyninə xəbərçilik edənə “şeytan” deyərdik. Bizim aləmimizdə “xəbərçiliy”in də buna müvafiq adı vardı – “şeytanlamaq”.

 

Böyüdükcə, bəzi “şeytan uşaqlar” ağıllanıb bunun yaxşı əməl olmadığını anladılar. Bəzilər isə “şeytan” olmaqda davam etdilər. Və həyatlarının sonrakı illərində bu əməllərinin ağır nəticələri ilə də üzləşdilər.

 

Ermənistan Baş naziri Nikol Paşinyanın hazırda 48 yaşı var. İki ildən sonra Məşədi İbad yaşına qədəm qoyacaq. Yəni ahıllanacaq. Amma indidən belə görünür ki, ahıllanmaq onun ağıllanması ilə nəticələnməyəcək. Zira Paşinyan bu yaşında belə, özünü məktəb illərindəki “şeytan uşaqlar” kimi aparır.

 

Ovqat.com-un məlumatına görə, erməni baş nazir bu gün İrəvanda baş tutan Stoltenberq görüşündə əməlli-başlı İlham Əliyevi və rəsmi Bakını “şeytanlayıb”. Üstəlik, əksər “şeytan uşaqlardan” fərqli olaraq bu çuğulluğunu heç gizlətməyib də.

 

O, görüşdən sonra keçirilən birgə mətbuat açıqlamasında deyib:

 

“Mən NATO-nun baş katibi Yens Stoltenberqə Ermənistan hökumətinin Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olması ilə bağlı baxışını və yanaşmalarını təqdim etdim. Mən dəfələrlə səsləndirdiyim kimi, Azərbaycanla münasibətləri ən yüksək səviyyədə razılaşdırılmış üç prinsip əsasında həll etməyə hazır olduğumu bir daha təsdiqləyirəm. Bu, Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün tanınması, 1991-ci ildə SSRİ-nin dağılması zamanı iki respublika arasında mövcud olan sərhədin bərpası, Ermənistan-Azərbaycan dövlətlərarası sərhədinin müəyyən edilmiş qaydada demarkasiyasıdır. Alma-Ata Bəyannaməsinə uyğun olaraq, həmçinin regional infrastrukturların blokdan çıxarılması bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında ölkələrin suverenliyinə və yurisdiksiyasına hörmətlə həyata keçirilməlidir. Sonuncu məsələ ilə əlaqədar mən də bu mövzudakı anlayışımızı tamamlayan “Dünyanın kəsişməsi” layihəsini təqdim etdim. Biz beynəlxalq ictimaiyyətdən, o cümlədən NATO-dan Ermənistan və Azərbaycan arasında məlum prinsiplərə əsaslanan sülh prosesinə, eləcə də məcburiyyət və təhdidlərin birmənalı şəkildə rədd edilməsinə güclü dəstək gözləyirik”.

 

O, həmçinin bildirib ki, Stoltenberqə 1991-ci ilə aid Ermənistan-Azərbaycan sərhədindən qoşunların ayna prinsipinə əsasən çıxarılması, qarşılıqlı silahlanmaya nəzarət və hücum etməmə haqqında müqavilənin imzalanması ilə bağlı təkliflərini irəli sürdüyünü də bildirib: “Lakin bu təkliflər hələ də rəsmi Bakıdan müsbət cavab almayıb”.

 

Qeyd edək ki, Paşinyanın bu 3 prinsipini Azərbaycan da geri çevirmir. Rəsmi Bakı sadəcə onu vurğulayır ki, qalıcı sülhə nail olmaq üçün 3 prinsip yetərli deyil. Bundan əlavə, Ermənistan zəhmət çəkib öz Konstitusiyasından və Müstəqillik Aktından Azərbaycana və Türkiyəyə qarşı torpaq iddiaları ilə bağlı maddələri çıxarmalı, bir daha belə səfeh fikirlərə düşməmək barədə öhdəlik götürməlidir. Rəsmi Bakının Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması barədə 5 baza prinsipi adlanan tələblərı aşağıdakı kimidir:

 

“- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

 

- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

 

- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

 

- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

 

- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması”.

 

Beynəlxalq hüquq normalarına tamamilə uyğun olan bu prinsipləri qəbul etmək yerinə, Paşinyan nədənsə bütün dövlətlərarası görüşlərində “şeytanlama” metoduna üstünlük verir. Onun indiyə qədərki səylərinin heç bir nəticə vermədiyi isə ortadadır. Bu isə o deməkdir ki, “valideynləri” və “müəllimləri” də erməni liderinin “şeytançılığına” xoş baxmırlar. Di gəl ki, Paşinyan hələ də öz ampluasından ya xilas ola bilmir, ya da olmaq istəmir. 

 

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 515          Tarix: 19-03-2024, 23:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma