Belarus prezidenti Aleksandr Lukaşenko martın 26-da ordunun döyüş hazırlığının yoxlamaq məqsədilə hərbçilərlə görüşündə Suvalki dəhlizinə mümkün hücum ssenarisini müzakirə edib. Prezident hərbçilərdən bu hücuma hazır olub-olmadıqlarını soruşub. Hərbçilər isə ona "Bütün tədbirlər planlaşdırılıb, döyüş hazırlığı davam edir və şəxsi heyət hazırlanır", - deyə hərbçilər ona cavab veriblər.
Bu nəyin mesajıdır? Lukaşenko doğrudanmı NATO ilə ağır döyüşlərə hazırlaşır? Yoxsa, bu da onun növbəti “zarafat”larından biridir?
Məsələ burasındadır ki, ötən il “Vaqnerçilər” Belarusa sürgün olunanda Belarus prezidenti “lazım gələrsə, onları Polşaya gəzməyə göndərə biləcəyini” bildirmişdi. Onun bu bəyanatı Baltik ölkələrində ciddi narahatlıq doğuranda Lukaşenko tərəf-müqabillərinə təskinliyi də özünü çox gözlətməmişdi: - “Narahat olmayın, zarafat edirdim”. Elədirsə, Belarus liderinin növbəti dəfə Baltik ölkələrini təhdid edən sözlərini nə dərəcə ciddi qəbul etmək olar?
Ovqat.com-un məlumatına görə, Ukraynalı analitik Boqdan Zosuimçuk qələmə aldığı “Lukaşenkonun sakit üsyanı: terrorçuların Suvalk dəhlizi və Spitz ilə əlaqəsi var?” sərlövhəli yazısında bu suallara cavab axtarıb.
Məqalədə deyilir:
Belarus prezidenti Aleksandr Lukaşenko ordunun döyüş hazırlığının yoxlanılması zamanı generalları “Suvalski dəhlizi”nin yaradılmasına eyham vuraraq, Polşa və Litva ilə qarşıdurmaya hazır olmağa çağırıb. Xüsusilə Kreml Baltikyanı ölkələr üzərində nəzarəti bərqərar etmək planları barədə çoxdan açıq danışdığı üçün onun sözləri təhlükə kimi qiymətləndirilə bilər. Amma indi belə bir eskalasiyanın vaxtı uğursuz görünür. Kreml Ukraynaya qarşı müharibəsini gücləndirmək üçün “Crocus City Hall” hücumundan istifadə etməyə hazırlaşır, ona görə də Lukaşenko NATO ilə hipotetik müharibədən Belarusda çox populyar olmayan müharibədə birbaşa iştirakdan qaçmaq cəhdi kimi istifadə edir.
Bir az axmaq davranışı sayəsində Belarus prezidenti Aleksandr Lukaşenko uzun müddətdir ki, müzakirə qəhrəmanına çevrilib. Bu dəfə isə onun Oşmyan rayonundakı poliqona səfəri zamanı o, əlində ağ Şpits (it) tutaraq stol arxasında oturduğu, qarşısına isə general və polkovniklərin dayandığı şəkil qrotesk təsiri bağışlayır. Onun Suvalski dəhlizi və Vilnüsün cəmi bir neçə kilometr aralıda olması və belarus generallarının təkcə Litvaya deyil, həm də Polşaya “müqavimət göstərməyə” hazırlaşmaları barədə sözlərinə necə reaksiya verdiyi bilinmir.
Bu, NATO-nun müdaxiləsindən qorunmaq üçün paranoyak strategiyadır, yoxsa öz hücumundan əvvəl Qərbi qorxutmaq cəhdi? Bəzən Lukaşenkonu ciddi qəbul etmək çətindir; mən inana bilmirəm ki, gözümün önündə otuz il ərzində demokratik özünüidarəetmə ənənəsi olan doqquz milyonluq Avropa xalqı üzərində tam şəxsi nəzarəti bərqərar etmiş bir adam dayanır.
Bu arada Belarus həbsxanalarının zindanlarında ən azı 1592 siyasi məhbus var; real rəqəmlər daha çox ola bilər, çünki onların çoxu “məişət” cinayətlərinə görə həbs edilib. Yüz minlərlə belarus təqiblərə görə evlərini tərk etmək məcburiyyətində qalıb. Onun əlləri çoxlarının, o cümlədən ukraynalıların da qanına batıb: moskvalılar məhz Belarus vasitəsilə Ukraynanın şimalını işğal etməyə cəhd edirlər. Buça və digər dəhşətlər Minskin köməyi sayəsində mümkün olub. Lukaşenko sübut edib ki, o, hər şeyə qadirdir, ona görə də bu diktatorun, daha doğrusu, satrapın açıqlamalarına laqeyd yanaşmaq olmaz.
Müharibə ssenariləri
Moskva üçün ən cazibədar hədəf Polşa və Litva sərhədində, 80 kilometr uzunluğunda və 42 kilometr enində olan geosiyasi baxımdan mühüm ərazi olan “Suvalki dəhlizi”dir. Əgər Kreml bu torpaq sahəsini ələ keçirsə, Kalininqrada (əsl adı “Koniqsberq”dir) quru çıxışı yaratmaq imkanı əldə edə bilər. Bu, İsveçin Alyansa daxil olmasından sonra Baltik dənizinin NATO-nun daxili su hövzəsinə çevrilməsi fonunda xüsusilə vacibdir.
Litvalı diplomat Linas Linkyaviçyus NATO-nun Rusiya ilə hərbi əməliyyatları baş verəcəyi təqdirdə Kalininqradın dərhal Alyansın nəzarətinə keçəcəyini bildirib. Suvalki dəhlizinin yaradılması eyni zamanda NATO-nun Baltikyanı ölkələrlə - Litva, Latviya və Estoniya ilə quru əlaqəsini kəsir və onları Rusiyanın təcavüzünə daha da həssas vəziyyətə gətirir.
Avropaya qarşı təcavüzün başqa variantları da mümkündür: belaruslu müxalifətçi Valeri Saxaşçik əmindir ki, Lukaşenkonun köməyi ilə Putin Vilnüsdə “blitskriq” təşkil edəcək. NATO birliyini sınamaq üçün bu hücum daha az hədəflə məhdudlaşdıra bilər, məsələn, Litva ilə sərhədə yaxın körpüləri dağıtmaq kimi. Təsəvvür etmək mümkündür ki, Belarus ordusunun davamlı təlimlərindən birində hərbçilər müttəfiqlərin reaksiyasını öyrənmək üçün sadəcə olaraq Litva sərhədini keçərək ərazinin kiçik bir hissəsini işğal edəcəklər.
Bir çox əlamətlər belə bir inkişaf üçün hazırlıqların davam etdiyini göstərir. Belarus ərazisində nüvə silahının yerləşdirilməsi belə bir ssenarinin bir hissəsi ola bilər: Putin Lukaşenkonun bir az sakitləşməsi və bu ssenarilərin baş verəcəyi təqdirdə cavab zərbəsindən qorxmaması üçün atom silahlarının bir hissəsini bu ölkəyə köçürdü. Ancaq bu cür hərəkətlər üçün ən əlverişli vaxt 2024-cü ilin payızının sonu - ABŞ-da prezident seçkilərinin keçiriləcəyi ərəfədir. Ən əsası isə: Lukaşenko niyə bir daha belə perspektivlərə diqqət çəkir?
Lukaşenkonun təxribatı
Bu yaxınlarda Lukaşenko bir başqa rezonans doğuran bəyanatı ilə məşhurlaşdı: iddia etdi ki, onun göstərişi ilə təhlükəsizlik qüvvələri Belarus Respublikasının yollarını bağlayıb, ona görə də “Crocus City Hall”da terror aktını törədən taciklər Belarus üzərindən Avropaya qaça bilməyiblər. Guya, bundan sonra onlar cəbhə xəttindən Ukraynaya daxil olmaq qərarına gəliblər. Lukaşenkonun bəyanatları Kiyevin terror aktında iştirakı ilə bağlı təbliğat rəvayətləri qeyri-ixtiyari olaraq məhv etdi və Putini axmaq kimi göstərir. Amma bu çarəsiz addım təsadüfi deyil, bilərəkdən seçilmiş strategiyadır.
Məlum olduğu kimi tacik İŞİD-çilərin Belarusa keçmək cəhdi versiyasını ilk dəfə Belarusun Rusiyadakı səfiri Dmitri Krutoy səsləndirdi. Sonra Kremlin gözləri parıldadı, burnundan buxar fışqırdı, amma özünü eşitməmiş kimi göstərdi. Putin, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, FSB rəisi Aleksandr Bortnikov və bütün təbliğatçılardan ibarət xor dəstəsi “Ukrayna izi” haqqında danışmağa davam etdi. Bu dəfə eyni mülahizə Lukaşenko tərəfindən irəli sürüldü: “Ukraynanın bununla heç bir əlaqəsi yoxdur, taciklər başqa yerə qaçırdılar”.
Rusların liderindən fərqli olaraq, Lukaşenko Qərbi məhv etmək və ya SSRİ-ni dirçəltmək istəmir: onun ən böyük arzusu Putinin pəncəsindən xilas olub, Qasım Jomart Tokayev kimi Çinin qanadı altına düşməkdir. Bu ümidlə də mütəmadi olaraq Si Cinpinə baş çəkir və onun adından müxtəlif vasitəçilik funksiyalarını yerinə yetirir. Buna görə də, eskalasiyanın səviyyəsinin artmasına ehtiyac duymur, xüsusən də Si Cinpinin Fransaya səfəri ərəfəsində.
Son iddialara əsasən, Patruşevin başçılıq etdiyi “şahinlər” qrupu getdikcə Kremldə üstünlük əldə edir, terror aktı ilə bağlı vəziyyətdən istifadə edərək Ukraynaya qarşı eskalasiyanın yeni səviyyəsinə başlamaq istəyir. Bu qrupun “sabit ideyalarından” biri nüvə silahından istifadə etməkdir ki, bu da Qərbi tamamilə qorxutmalı və onları Kiyevi dəstəkləməkdən çəkindirməlidir. Nüfuzlu rusiyalı analitik Sergey Karaqanovun “Russia In Global Affairs” jurnalında dərc olunmuş “Çətin, lakin zəruri qərar” adlı məqaləsində iddia edilir ki, bu, ona Ukraynaya öz şərtlərini qəbul etdirməyə imkan verəcək və böyük ehtimalla, Belarus ərazisindəki raketlərdən istifadə olunacaq ki, Qərbin mümkün cavabı məhz İttifaq dövlətinin bu hissəsinə düşsün.
Nüvə zərbəsi olmasa belə, məsələn, Çinin müqaviməti ilə müharibənin yeni mərhələsi Minsk üçün ciddi problemlər demək olacaq. Əvvəllər Lukaşenko Ukraynaya ordu göndərmək istəməməsini NATO-nun “İttifaq dövləti”nin bu cinahını hədəfə ala biləcəyi ilə əsaslandırırdı və Putin buna inanırmış kimi davranırdı. Lakin Rusiya nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsindən sonra o, bəyan etməyə hazırdır ki, Minsk Qərbin işğalından qorxmur.
Ukrayna komandanlığı, prezident Vladimir Zelenski və bir sıra aparıcı dünya mediası artıq may-iyun aylarında Rusiya ordusunun yeni hücumuna hazırlıq barədə dəfələrlə məlumat yayıb. Bununla belə, Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi bildirir ki, hazırda rusların Xarkov, Kiyev və ya Odessaya qarşı irimiqyaslı əməliyyatlar üçün kifayət qədər qüvvəsi yoxdur.
Bu vəziyyətdə Kreml Belarus Respublikasının yetərli sayda olmasa belə, yaxşı hazırlanmış və təlim keçmiş ordusundan istifadə etməyə getdikcə daha çox şirnikləşir. BYPOL təşəbbüsünün təsisçisi Aleksandr Azarov “Espresso” telekanalına açıqlamasında bildirib ki, təlimatçılar və təbliğatçılar Belarus ordusunun döyüşə hazırlanması üzərində fəal işləyiblər.
"...Ordu, prinsipcə, Ukraynanın işğalına hazırdır. Lakin biz belə bir işğalın baş verə biləcəyinə inanmırıq, çünki bu, fəlakətli nəticələrə gətirib çıxaracaq. Belarus hərbçilərinin özləri də Ukrayna ərazisində birbaşa hərbi əməliyyatlarda iştirak etmək istəmirlər”, - Aleksandr Azarov belə düşünür.
Ukraynada müharibəyə başlamaq ideyası Belarusda nə qədər bəyənilməsə də, Lukaşenko ağasına “yox” deyə bilməz. Beləliklə, o, ya Litvaya, ya da Polşaya hücum etməyə hazır olduğunu nümayiş etdirərcəsinə təlim meydançasına qaçır, amma sonra? Sonra isə qılıncının iti tiyəsilə Kremlin təbliğat hekayələrinin məhv edilməsi ilə bağlı narazılığı da kəsməlidir. Lukaşenko nüvə müharibəsi düşüncəsini ağlının ucuna da gətirmir, Vilnüsə “blitskriq” etmək fikrində deyil, Ukrayna ilə də döyüşmək istəmir, amma nə qədər müqavimət göstərsə də, ip özünün yox, ağasının əlindədir.
Lukaşenkonun generalların qarşısında sığalladığı Spitz Umka hekayəsi təsadüfi seçilməyib. Yəqin ona deyiblər ki, siyasi strateqlər təbliğat hekayələrində diqqəti cəlb etmək üçün xarizmatik itdən istifadə olunmasını tövsiyə edirlər, çünki insanlar şirin heyvanlara daha tez reaksiya verirlər. Belarus prezidenti bu itə 2020-ci ildən sahibdir. Umkanın həyatı stresslə doludur: o, zibilliklərdə sürüklənir, Lukaşenko ilə bərabər kartof əkir və 2023-cü ilin yazında isə axtalanmışdı...
Tərcümə etdi: Ovqat.com
Paylaş: