Xəbər lenti


 

Polşanı Litva, dolayısıyla həm də Latviya və Estoniya ilə birləşdirən strateji əhəmiyyətli Suwalki dəhlizı ətrafında gərginlik artıb. Bu dar dəhliz Rusiyanın hərbiləşdirilmiş Baltikyanı anklavı Kalininqrad və Rusiya prezidenti Vladimir Putinin müttəfiqi Aleksandr Lukaşenkonun rəhbərlik etdiyi Belarusla əhatə olunub. Putin dəhlizi ələ keçirsə, üç Baltikyanı ölkənin faktiki olaraq NATO-nun qalan hissəsi ilə əlaqəsi kəsiləcək.

 

Son bir ay ərzində Ukraynada Rusiyanın fırtına qoşunları kimi xidmət göstərmiş və öz qəddarlığı ilə məşhur olan yarımhərbi “Vaqner” Qrupu Polşa sərhədindən üç mil məsafədə yerləşən hərbi poliqonda Belarus xüsusi təyinatlılarına təlim keçir. Qrupun yüksək rütbəli komandirinin sözlərinə görə, iyun ayında Rusiya Baş Qərargahına qarşı hərbi üsyandan sonra on minə yaxın “Vaqner” əsgəri Belarusa yerləşdirilib.

 

Polşanın “Vaqner” Qrupu ilə bağlı narahatlığını bilən Lukaşenko polyakları ələ salmaqdan xoşlanır. O, açıq şəkildə deyib: “Bəlkə bunu deməməliyəm, amma deyəcəyəm: “Vaqnerçilər tərəfindən stresə girməyə başlayırıq. Onlar qərbə getməyi xahiş edirlər: “Buraxın, gedək”, - deyirlər”. 

 

Bu ayın əvvəlində iki Belarus helikopteri Suvalki dəhlizinin cənubunda yerləşən Bialovieza yaxınlığında Polşanın hava məkanını pozdu. Keçən həftə Belarusun Suvalki dəhlizinə bitişik Qrodno bölgəsində hərbi təlimlərə başlaması Polşa və Litvada narahatlıqları daha da artırdı.

 

 

Bu hərəkətlər təəccüblü şəkildə Putinin digər təxribatları ilə üst-üstə düşür. İyulun sonunda o, Varşavanı Sovet lideri İosif Stalinin İkinci Dünya Müharibəsi zamanı Polşadan zəbt etdiyi tarixi torpaqlarını, həmçinin “Ukraynanın bir hissəsini geri almaq niyyətində” ittiham etdi. Putin həmçin vurğuladı: “məlumdur ki, onlar Belarus torpaqlarını da arzulayırlar”.

 

Putin qızğın ritorikasını hərbi əməliyyatlar müşayiət etdi. “Vaqner” Qrupunu Belarusa göndərməklə yanaşı, o, Ukraynaya qarşı təcavüz etmək üçün Belarus ərazisindən istifadə etməyə çalışır və bu yaxınlarda Rusiyanın Belarusa nüvə silahı yerləşdirdiyini rəsmən bəyanladı. İyun ayında Rusiya Baltik dənizində kütləvi hərbi təlim keçirdi. Eyni zamanda NATO da ona illik və uzun müddətə planlaşdırılan BALTOPS dəniz təlimi ilə cavab verdi. Bu ay Moskva Baltikyanı bölgədə altı min şəxsi heyətin, otuz döyüş gəmisi və qayığının və otuz təyyarənin iştirak etdiyi daha böyük “Okean Qalxanı” təliminə start verdi.

 

Putinin məqsədləri bəllidir. O, Alyansın müdafiə gücünü yoxlamağa çalışır. O, NATO müttəfiqləri arasında nifaq salmaq,  Mərkəzi Avropanın Alyansa inamını sarsıtmaq istəyir.

 

Polşa, Litva və Latviya buna cavab olaraq sərhədlərini möhkəmləndirdilər, Varşava Belarusla sərhədinə on minə yaxın hərbi qüvvə göndərdi. Lakin onların bu təşəbbüsləri NATO-nun rus təxribatlarına cavabının bir hissəsi olmalı, mövcud ritorik qınaqlardan kənara çıxmalı, Alyansın hərbi hazırlığını və qabiliyyətini nümayiş etdirməlidir.

 

NATO Alyansa digər üzv dövlətlərə dəniz, hava və quru aktivlərini yerləşdirərək Suvalki qapısında xəbərdarlıq etmədən təlim keçirməlidir. Məqsəd Polşa və Litva qüvvələri və hazırda bu iki ölkədə yerləşən NATO-nun İrəli Mübarizə Batalyonları ilə koordinasiyada əməliyyat hazırlığını nümayiş etdirmək və sınaqdan keçirmək olmalıdı.

  

Alyansın Çox Yüksək Hazırlıqlı Birgə İşçi Qüvvələri (VTJF) bu güc nümayişinin əsasını təşkil etmək üçün ideal elementə çevrilməlidir. İyirmi min əsgərdən ibarət bu qüvvə hava, dəniz və xüsusi əməliyyat güclərinin komponentləri ilə yanaşı, beş min nəfərlik çoxmillətli quru briqadasına malikdir. Aparıcı elementlərin qarşısına üç gün ərzində dislokasiyanı tamamlamaq missiyasını həyata keçirmək vəzifəsi qoyulur .

 

Soyuq Müharibə illərində NATO Sovet İttifaqının hərbi təxribatlarına bu cür cavab vermişdi. İndi də Putinin Suvalki bölgəsindəki oxşar təxribatlarına eyni cavab verilməli, eyni addımlar atılmalıdır.

 

VTJF-nin bölgəyə yerləşdirilməsi ilə NATO Rusiya ilə münaqişədən qorxmadığını nümayiş etdirə bilərdi. Təəssüf ki, bu təəssürat müttəfiq liderlərin dəfələrlə təkrarlanan Rusiyanın Ukraynaya müdaxiləsi ilə başlayan “münaqişəyə NATO-nun qarışmadığı” mesajları ilə alt-üst olub. Bu bəyanatlar Putini Alyansın qətiyyətini şübhə altına almağa həvəsləndirir.

  

Halbuki belə bir dislokasiya NATO-nun iyulda Vilnüsdə keçirilən sammitində irəli sürülən yeni hərbi strategiyasının işləkliyini vurğulaya bilərdi. Avro-Atlantik Məkanın Caydırıcılığı və Müdafiəsi Konsepsiyası Alyansa təcavüzə, o cümlədən Putinin Suvalki yaxınlığında təşkil etdiyi təxribatlara daha effektiv cavab vermək üçün nəzərdə tutulmalı idi. Belə bir “qeyri-müəyyən məşq” Alyansın müharibə zehniyyətinin davamlı cavanlaşmasına, qətiyyət, birlik və güc nümayişi ilə Rusiyanın təxribatlarına sürətlə və qətiyyətlə müqavimət göstərmək təcrübəsinə töhfə verərdi.

 

Bəziləri bunun Rusiyanı təhrik edəcəyini iddia edə bilərlər. Ancaq Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən öyrənməli bir şey varsa, o da budur: Moskvanın Ukrayna sərhədlərinə qoşun yığdığı bu hücumdan əvvəlki aylarda Alyansın Mərkəzi Avropaya daha güclü qoşun yeritməməsi Putini daha da cəsarətləndirdi. Təcili bir təlimə səbəb olan təxribatları nəzərdən keçirərkən, Suvalki dəhlizində baş verən son hadisələr siyahının başında olmalıdır.

 

Yan Bjezinski 

Atlantik Şurasının baş elmi işçisi. (Əvvəllər ABŞ Müdafiə nazirinin Avropa və NATO siyasəti üzrə köməkçisinin müavini vəzifəsində çalışıb).

 

Tərcümə etdi: Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 684          Tarix: 18-08-2023, 08:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma