Rəsmi İrəvan Ermənistan-Gürcüstan elektrik verilişi xəttinin və ona xidmət edən iki yarımstansiyanın tikintisini növbəti dəfə təxirə salıb.
Ovqat.com-un məlumatına görə, erməni alim - energetika məsələləri üzrə mütəxəssis, siyasi elmlər doktoru Vahe Davtyan özünün facebook paylaşımında bu iddianı irəli sürüb.
O bildirib ki, tender müsabiqəsinin bir iştirakçısı “Siemens” şirkəti digər bazarlarda həddindən artıq məşğulluğunu əsas gətirərək İrəvana maliyyə təklifi təqdim etməyib, digər iştirakçı isə müflis olduğunu rəsmən açıqlayıb.
“Əslində, biz elə bir vəziyyətlə üzləşimişik ki, beynəlxalq biznes mövcud təhlükəsizlik risklərini və yüksək dərəcədə gözlənilməzliyi nəzərə alaraq Ermənistanda uzunmüddətli fəaliyyət göstərməkdən sadəcə yayınır”, - Davtyan öz qısa analizində bu qənaətə gəlib.
Davtyan onu da vurğulayıb ki, Ermənistan-Gürcüstan elektrik verilişi xəttinin tikintisindəki son ləngimə və beynəlxalq biznes tərəfindən ona maraq göstərilməməsi də birbaşa İrəvanın həyata keçirdiyi “anklav siyasəti” ilə bağlıdır: “Anklavların köçürülməsi halında Ermənistanın strateji kommunikasiya arxitekturasının köklü şəkildə dəyişəcəyini və faktiki olaraq təhlükə altında olacağını nəzərə alsaq, ən azı yeni reallıqlar nəzərə alınmadan yeni dövlətlərarası elektrik ötürücü xəttinin tikintisinə başlamaq olmaz. Beynəlxalq biznes istisna etmir ki, nə vaxtsa elektrik xətlərinin logistikasını Bakı ilə əlaqələndirməli olacaq” – erməni mütəxəssis vurğulayıb.
Ölkəsinin qarşılaşdığı problemi mühasirəyə alınma kimi qiymətləndirən alim bunu Ermənistanın iqtisadi və infrastruktur şəbəkəsini boğmağa yönəlmiş planın ən bariz təzahürlərindən biri adlandıraraq Azəbaycan tərəfindən həyata keçirilən həmin siyasətə maraqlı bir ad da tapıb - “Anakonda” üsulu boğma strategiyası.
Azərbaycanın “Anakonda üsulu ilə boğma siyasəti” nəticəsində Ermənistanın enerji sistemində strateji çöküş yaşanacağını gizlətməyən Davtyanın fikrincə, bu təhlükə Gürcüstan istiqamətində kifayət qədər aydın görünür.
“Şimal-Cənub enerji dəhlizinin bir hissəsi olan 2019-cu ildə istifadəyə verilməli idi. Üstəlik, eyni dəhlizin digər hissəsi olan 3-cü İran-Ermənistan elektrik ötürücü xətti də hazır deyil. Nəticədə Ermənistan öz yerini Azərbaycana verərək Şimal-Cənub meqalayihəsindən sıxışdırılır. Bu isə Ermənistanı mühasirəyə almağa, onun iqtisadi və infrastruktur şəbəkəsini “anakonda” üsulu ilə boğmağa yönəlmiş planın ən bariz təzahürlərindən biridir”, - erməni professor fikirlərini belə yekunlaşdırıb.
Paylaş: