“Onlar (Türkiyə rəsmiləri) bizimlə Rusiya arasında vasitəçi olmaq istəyirlər. Mən hər şeyə görə Prezident Ərdoğana minnətdaram, amma o bilməlidir ki, təkcə Türkiyənin vasitəçi olması bizə kifayət etmir. Bizim üçün Sülh Zirvəsi formatı daha məqbuldur... Mən düşünmürəm ki, Türkiyə təkbaşına Putinin siyasətlərini sıxışdıra bilsin”.
Ovqat.com-un məlumatına görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski dünən “Mİ Ukrayna” telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, “türkiyəli tərəfdaş”lara hörmətlə yanaşır, amma onların Rusiya Federasiyası ilə güclü əlaqələri və öz iqtisadi maraqları var.
“Əlbəttə ki, Türkiyə də vasitəçilik missiyasını yerinə yetirə biləcək liderlər, ölkələr sırasında olacaq”, - deyə Ukrayna prezidenti əlavə edib.
Maraqlıdır ki, Zelenskinin faktiki olaraq Türkiyənin vasitəçilik təklifini rədd edib böyük ümidlər bəslədiyi digər beynəlxalq güc mərkəzləri də Ukraynanın sülh üçün güzəştə getməsinin vacibliyindən danışırlar. Bunlardan biri də NATO-nun Baş katibi Yens Stoltenberqdir. Baş katib dünən BBC-yə açıqlamasında Ukraynanın ən böyük şanssızlığının NATO müttəfiqlərinin “avtoritar alyans” qədər bir araya gələ bilməməsindən qaynaqlandığı və bu səbəbdən də Ukraynanın sülh danışıqlarında güzəştə getməli olacağını bildirib.
“Rusiya, İran, Çin və Şimali Koreya getdikcə daha çox birləşirlər. Nəticə etibarilə, hazırda Qərb “avtoritar” alyansla üz-üzədir”, - Yens Stoltenberq BBC-yə açıqlamasında bildirib.
NATO hərbi alyansının müttəfiqlərinin iyul ayına qədər Ukrayna üçün uzunmüddətli maliyyə sazişi imzalayacaqlarına əmin olduğunu bildirən Stoltenberq deyib ki, Çin Rusiyanın müharibə iqtisadiyyatını dəstəkləyir, müdafiə sənayesinin əsas hissələrini təhvil verir.
“Bunun müqabilində isə Moskva öz gələcəyini Pekinə girov qoyur”, - deyən Stoltenberq bildirib ki, NATO "avtoritar güclərin daha güclü ittifaqına qarşı durmaq" üçün öz coğrafiyasından kənar digər ölkələrlə - Yaponiya və Cənubi Koreya ilə də işləməlidir.
NATO rəhbəri həmçinin qeyd edib ki, Ukryanaya 5 il ərzində 100 milyard avroluq fond yaratmaq ümidi ilə son günlər digər ölkələri də bu müharibəyə daha çox pul ayırmağa inandırmağa çalışır. O, bəzi ölkələrin bu həftə tərəddüd etdiyini bildirməsinə baxmayaraq, iyul ayına qədər razılaşma əldə edəcəyinə əmin olduğunu vurğulayıb.
“Müharibənin yaxın gələcəkdə bitəcəyinə inansaq və ümid etsək belə, Ukraynanı uzun illər dəstəkləməliyik, gələcək təcavüzün qarşısını almaq üçün onların müdafiəsini qurmalıyıq”, - deyə Stoltenberq bildirib.
Stoltenberq Rusiya qüvvələrini Ukraynadan dəf etmək və Putini işğalçılıq məqsədlərindən əl çəkməyə məcbur etmək üçün hərbi dəstəyin həyati əhəmiyyət daşıdığını desə də, o, Ukraynanın sonda güzəştə getməli ola biləcəyini də istisna etməyib.
“Günün sonunda onların hansı kompromislərə hazır olduqlarına qərar verən tərəf Ukrayna olmalıdır, biz onların danışıqlar masası ətrafında faktiki olaraq məqbul nəticə əldə edəcəkləri mövqedə olmasını təmin etməliyik”, - NATO-nun Baş katibi açıqlamasında deyib.
Stoltenberq bu sözlərlə Ukraynanı güzəştə getməyə çağırmadığını vurğulayıb və əlavə edib ki, “Ukrayna qalib gələndə” “əsl sülh” əldə oluna bilər. Baş katib onu da diqqətə çatdırıb ki, Vladimir Zelenski hətta Papanın çağırışlarına baxmayaraq, Zelenski heç bir danışıqlar aparmaq istəmir.
Bir sözlə, Türkiyə Ukrayna ilə Rusiya arasında vasitəçi olmaq niyyətindədir, Zelenski digər “tərəfdaşlarını” da söhbətə qoşmaq istəyir, Stoltenberq isə ona “güzəştə hazır ol” deyir.
Paylaş: