Ukrayna prezidenti Vladimir Zelenski dəvətsiz qonaq kimi Sinqapura gedib. Məqsədi Sinqapurda keçirilən “Şanqri-La Dialoqu”nda iştirak edərək dünya liderlərini Ukraynaya dəstək verməyə çağırmaq olub.
Ovqat.com-un məlumatına görə, “Şanqri-La Dialoq” beynəlxalq təhlükəsizlik forumunun “Qlobal sülh və regional sabitliyi qorumaq üçün həll yollarını yenidən nəzərdən keçirmək” adlı sessiyada çıxış edən Zelenski Asiya ölkələrinin liderlərini Ukraynada ədalətli sülh üçün Qlobal Sülh Sammitinə qatılmağa çağırıb.
Çıxışından sonra jurnalistlərə verdiyi açıqlamasında Ukrayna lideri Çini bərk tənqid edərək “Putinin əlindəki alət”ə bənzədib. “Təəssüf ki, Çin bu gün bir çox ölkələrin sülh sammitində iştirakının qarşısını almağa çalışır”, -deyə Ukrayna lideri gileylənib.
Qeyd edək ki, Çin rəsmiləri iyunun 15-16-da İsveçrədə keçiriləcək Qlobal Sülh Sammitinə Rusiyanın dəvət olunmamasını açıq şəkildə tənqid edib və toplantıya qatılmayacağını bildirib. Ötən cümə günü mətbuat konfransında danışan Çin XİN-in sözçüsü Mao Ning sammitin bütün tərəflərin iştirakı ilə keçirilməli olduğunu bildirərək deyib ki, əks halda, konfransın sülhün təmin olunmasında mühüm rol oynaması çətindir. Çinin bu çıxışından sonra bir sıra ölkələr də İsveçrədəki sammitə qatılmaqdan boyun qaçırıb. Ukrayna üçün ən gözlənilməz sürpriz isə ABŞ-dan gəlib. Prezident Co Bayden hələ də bu məsələ ilə bağlı qərarını açıqlamasa da, iddialara görə, onun başı həmin vaxt seçkiqabağı təşviqata qarışacağından sammitdə iştirak etməyə bilər. Bundan əlavə, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin də sammitə qatılmayacağı bildirilir.
Kiyevin təşəbbüsü ilə 15-16 iyunda İsveçrədə keçirilməsi nəzərdə tutulan sammitə dünya dövlətlərinin bu ilgisizliyi Zelenskini narahat etdiyindən o, Sinqapurda toplanan rəsmilərlə görüşüb onları İsveçrəyə dəvət etmək üçün çağrılmadığı “Şanqri-La Dialoqu” tədbirinfə iştiraka qərar verib.
Ukrayna lideri Siqapurda ABŞ Müdafiə naziri Lloyd Ostinlə görüşüb. Ostin Rusiyanın hücumlarına qarşı Ukraynanı “tam dəstəklədiyi”, həmçinin onun ehtiyaclarını ödəmək üçün ölkəsinin təhlükəsizlik yardımı barədə həmsöhbətinə məlumat verib. Pentaqon rəhbəri həmçinin, Ukraynaya "öz azadlığını müdafiə" məqsədilə kömək etməkdə qərarlı olduqlarını vurğulayıb.
Zelenski də görüşdən sonra verdiyi açıqlamada Ostinlə danışıqlarının “çox yaxşı” keçdiyini açıqlayıb.
Ukrayna prezidenti açıqlamalarında bəyan edib ki, 100-dən çox ölkə və beynəlxalq təşkilat Ukrayna üçün ədalətli sülhə nail olmaq məqsədilə Qlobal Sülh Sammitində iştirak etmək barədə düşünürlər və bunu açıq şəkildə bəyanlayırlar. O, İsveçrədə planlaşdırılan həmin sammitdə “Ukraynaya sülh formulu”ndan əlavə, nüvə güvənliyi, ərzaq təhlükəsizliyi, hərbi məhbuslar və Rusiya tərəfindən qaçırılan uşaqların azad olunması məsələlərinin müzakirəyə çıxarılacağını vurğulayıb.
Ukrayna lideri sosial media hesabındakı paylaşımında Sinqapur prezidenti Tharman Şanmuqaratnamla da görüşdüyünü və Birinci Qlobal Sülh Sammitinə hazırlıq işlərini müzakirə etdiyini bildirib. O, beynəlxalq hüquqa hörmət edən və davamlı sülhün bərqərar olmasına çalışan bütün ölkələrin sammitdə iştirakının vacib olduğunu qeyd edib.
Görüş zamanı Ukrayna-Sinqapur əlaqələrinin gücləndirilməsini də müzakirə etdiklərini vurğulayan Zelenski Rusiyanın təcavüzünü pisləmək, ona qarşı sanksiyaları dəstəkləmək və humanitar yardım göstərməklə bağlı aydın mövqeyinə görə Sinqapura təşəkkür edib.
Paylaş: