Xəbər lenti


İyunun 30-da Fransada keçiriləcək növbədənkənar ümumi seçkilər öncəsi sorğular göstərir ki, ifrat sağçılar mütləq çoxluğu əldə edə bilərlər.

 

Ovqat.com-un məlimatına görə, “Le Nouvel Obs” jurnalı və ictimai rəyi araşdıran “Odoxa” şirkəti tərəfindən aparılan sorğunun nəticələri belə düşünməyə əsas verir.

 

Rəy sorğusunun nəticələrinə inansaq, ifrat sağçılar Milli Assambleyada 250-300 yer qazana bilərlər. Onların hökumət qurması üçün mütləq çoxluq eldə etmələri lazımdır. Bu üçün isə seçkilərdə 289 deputat yeri qazanmaq tələb olunur.

 

Rəy sorğuları göstərir ki, ifrat sağçı Marine Le Penin partiyası Milli Ralli (RN) birincə turda səslərin 33 faizini qazana bilər.

 

Sol və Yaşıl partiyaların erkən seçkilər öncəsi qurduğu Yeni Xalq Cəbhəsi ittifaqı isə 28 faizlə ifrat sağçıları təqib edir.

 

Odoxa-nın sorğusuna görə, Fransa prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi “Birlikdə” liberal alyansın səs nisbətinin isə 19 faiz civarında olacağı təxmin edilir.

 

Bu səs nisbətləri ilə qalib gəlmə ehtimalı olan deputatların sayı hesablandıqda RN-nin çoxluğu əldə edə biləcəyi bildirilir. Sol partiyaların ittifaqının 160-210, Makronun qurduğu koalisiyanın isə 70-120 yer qazanacağı ehtimal edilir. Mühafizəkar Respublikaçılar və digər sağçı partiyaların 10-50 yer qazana biləcəyi proqnozlaşdırılır. Sorğunun nəticələrinə görə, seçkilərdə iştirak nisbəti 64 faiz olacaq.

 

Başqa bir rəy sorğu da oxşar nəticələri göstərir.

 

İctimai rəyi araşdırma şirkəti “Ifop Fiducial” tərəfindən “LCI televiziyası, “Le Figaro” qəzeti və “Sud Radio” tərəfindən keçirilən seçki sorğusu da oxşar nəticələri üzə çıxarıb. Bu sorğunun nəticələrinə əsasən, ifrat sağçı RN 35 faiz, Yeni Xalq Cəbhəsi 29 faiz, Makronun ittifaqı isə 21,5 faiz səs alacaq.

 

Bu sorğuya görə Milli Məclisdəki yerlərin sayı hesablandıqda, RN-nin seçə biləcəyi deputatların sayının 200 ilə 240 arasında ola biləcəyi bildirilir. Yeni Xalq Cəbhəsinin 180-dən 210-a, Makronun ittifaqının 110-dan 180-ə, Respublikaçılar və digər sağçı partiyaların isə 40-dan 60-a qədər mandat qazana biləcəyi təxmin edilir.

 

Fransada seçkilərin ikinci turu iyulun 7-də keçiriləcək. İkinci tur nəzərə alınaraq, sorğunun nəticələrinin diqqətlə qiymətləndirilməsinin vacibliyi bildirilir.

 

Avropada ifrat sağçı partiyaların gücləndiyi seçkilər Fransada təxminən 32 faiz səs toplayan ifrat sağçı RN-nin qələbəsi ilə nəticələndi. Prezident Emmanuel Makronun partiyası olan İntibah 15,2 faizlə ikinci, sosialistlər isə 14 faizlə Makrondan cüzi geridə qalıb. Bu nəticələrdən sonra Makron Milli Məclisi buraxıb və növbədənkənar seçkilər keçirmək qərarına gəldi. 

 

Bir çox müşahidəçilər Makronun sol mərkəzçi qrupları hərəkətə gətirmək üçün bu addımı atdığı bildirirlər. Onun hesabına görə, sol mərkəzçi qüvvələr əslində Makrondan inciyib seçkilərdə passiv iştirak ediblər. Nəticədə onların neofaşist kimi qiymətləndirdikləri ultra-sağçılar daha ön plana çıxıblar. Fransa prezidenti də məhz onları faşizmin qələbəsi ilə qorxudub seçkilərdə aktiv iştiraklarını təmin etmək fikrinə düşdüyü üçün erkən seçimə getdi. Keçirilən rəy sorğuları isə ondan xəbər verir ki, Makronun uzağa hesablanmış manevri özünün başında çatlaya bilər. Necə deyərlər, “çoxbilmiş qarğalar dimdiklərindən tora düşərlər”.

 




Ana səhifəyə qayıt        Baxış: 5 860          Tarix: 23-06-2024, 20:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma