Elçin Alıoğlu
Trend
Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlar ABŞ və Rusiya arasında yeni geosiyasi qarşıdurmaya çevrildi
Mayın 1-dən 4-dək ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Nazirlər Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul ediliblər.
Vaşinqtonda olarkən onlar ABŞ-nin dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
Azərbaycan XİN-nin olayla bağlı rəsmi bəyanatında deyilir: "Nazirlər hazırkı vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər. Nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər. Hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər".
ABŞ-ın dövlət katibi Entoni Blinken də danışıqların gedişatından və yekun nəticədən razıdır.
O, Tviter hesabında yazıb: "Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul etmək şərəf idi. Əldə olunan irəliləyişlərdən razıyam. Razılaşmanın əlçatanlığına nikbin baxıram".
Ceyhun Bayramovla Ararat Mirzoyan arasında növbəti görüş bu ayın sonunadək Moskvada olmalıdır.
Rəsmi Bakı vasitəçilərsiz danışıqlara tərəfdar olduğunu bəyan edib.
Ermənistanın baş naziri Nikol Paşinyan isə Azərbaycanla yekun sülh sazişini imzalamağa hazır oldduğunu bəyan edib və bu hadisənin iyunun 1-də Avropa İttifaqının Kişinyovda keçiriləcək zirvə toplantısında baş verə biləcəyini istisna etməyib.
Fəqət, Bakı və İrəvanın ritorikaları arasında ciddi fərq var.
Belə ki, əgər rəsmi Bakı bölgəmizdə sülh və stabilliyin bərqərar olmasınla can atdığını vurğulayırsa, İrəvan Azərbaycanı "qarabağlı erməniləri etnik təmizləməyə məruz qoymaq istəyi"ndə suçlayır.
Azərbaycan ölkəmizin daxili işlərinə qarışmağın yolverilməzliyini deyir, Ermənistan isə hələ də "qarabağlı erməni xalqı"ndan bəhs edir.
Ermənistan XİN-in, konkret olsaq baş nazir Nikol Paşinyanın və onun administrasiyasının son bəyanatları əslində ermənilərin çox ağır vəziyyətdə olduqlarını anladıqları üçün təşvişə qapıldıqlarını göstərir.
Paşinyan "qonşu dövlətlərə qarşı ərazi iddialarımız yoxdur, Azərbaycanın sərhəd toxunulmazlığını və ərazi bütövlüyünü tanıyırıq" tipli bəyanatları sıralasa da, rəsmi İrəvan bizə ünvanlanmış ərazi iddiaları ilə revanşist idefikslər əl çəkməyərək yekun sülh sazişinin imzalanma prosesini mümkün qədər uzatmağa çalışır.
Lakin Ermənistanın baş nazirinin "iyunun 1-də Kişinyovda ciddi irəliləyiş ola bilər" açıqlaması təsadüfi deyil. Çünki C.Bayramovla A.Mirzoyanın Vaşinqtonda əldə etdikləri razılaşmalar mütləq şəkildə Moskvada müzakirə ediləcək: Rusiya heç bir vəchlə "əsas vasitəçi və moderator" rolu ilə mövqeyi ilə vidalaşmaq niyyətində deyil.
XİN başçılarının Moskva görüşündə Rusiya Federasiyasının mövqeyi nəzərdən keçiriləcək, Kremlin istək və təklifləri müzakirə olunacaq. Daha sonra isə iyunun 1-dək prosesin aktiv mərhələsi başlana bilər.
Azərbaycan üçün müzakirələrlə görüşlərin harada keçirilməsi, prosesdə kimin vasitəçilik etmək istəyi önəmli deyil. Rəsmi Bakının mövqeyi yetərincə konkret və sadədir: Ermənistan ya yekun sülh müqaviləsini imzalamalı, qarabağlı ermənilərin Azərbaycan sakinləri olduqlarını və onların reintqerasiyaya başlamaq məcburiyyətində qaldıqlarını rəsmi qaydada bəyan etməli, yaxud da sülh sazişi imzalamaq niyyətində olmadığını bildirməlidir.
Sülh sazişi 44 günlük İkinci Qarabağ müharibəsində qalib Azərbaycandan fərqli olaraq, kapitulyasiyaya uğramış Ermənistana sülh müqaviləsi daha gərəkdir.
ABŞ-dakı görüş, müzakirələr və danışıqlar da İrəvan üçün şansdır.
Vaşinqton danışıqlarında yekun sülh sazişinin razılaşdırılacağını, bütün problemlərin həll ediləcəyini, sonra da nazirlərin birgə mətbuat konfransında sazişi oxuyacaqlarını, sonda da sənədin mətninin internetdə yayılacağını gözləyənlər yanılırlar.
Diplomatiyada belə olmur.
Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə edilməsi asan deyil: arxada 30 illik işğal, iki müharibə var.
Bayramovla Mirzoyan bir neçə önəmli məqamla bağlı razılığa gəliblər.
Sadəcə, bir fakt: Azərbaycan və Ermənistan XİN-lərinin mətbuat üçün açıqlamalarına fikir verin. Mətnlər az qala sözbəsöz bir-birlərini təkrarlayır.
Danışıqlar nəticəsiz, müzakirələr sonucsuz oldusa, onda nə üçün, hansı səbəbdən rəsmi Bakı və İrəvan belə analoji bəyanatlarla çıxış etdilər?
Danışıqlarda əldə edilmiş razılaşmalar hələlik açıqlanmır, çünki Cənubi Qafqaz bölgəsində vəziyyəti gərginləşdirməklə öz maraqlarını təmin etməyə çalışan dövlətlər az deyil. Onların sırasında Rusiya və İran ilk yerləri tutur.
C.Bayramovla A.Mirzoyan da mümkün riskləri nəzərə alaraq hələlik bəlli bəyanatlarla kifayətlənir.
Hadisələr müəyyən nikbinliyə əsas verir.
İrəliləyişlər var.
İndi əsas məsələ yekun nəticənin əldə olunmasıdır.
Vaşinqtonda yekun sülh sazişinin imzalanması ilə bağlı əldə edilmiş ən önəmli nəticə müəyyən razılaşdırmaların əldə edilməsidir. Sənədə gəldikdə isə, bu gür sazişi xarici işlər nazirləri yox, dövlət və hökumət başçıları imzalayırlar.
Azərbaycan və Ermənistan XİN-lərinin press-relizlərinin də az qala eyni olmaları ciddi nüansdır.
Diplomatiyanın yazılmamış qaydadarına və ənənələrinə görə, bəyanatların sinxronluğu müzakirə aparan tərəflərin prosesin onlar üçün məqbul istiqamətdə hərəkət etdiyinin göstəricisi sayılır.
Entoni Blinkenin açıqlamasında üstüörtülü, diplomaik qaydalara uyğun olaraq razılaşdırılmış məqamların sayı hələ müzakirə ediləcək məsələlərlə müqayisədə üstünlük təşkil etdiyi vurğulanıb. Bundan başqa, danışıqlarda irələyiş və müəyyən razılaşmalar olmasaydı, indi rəsmi açıqlamalar və bəyanatlar "savaş"ını mühahidə edərdik.
Ən azı Ermənistan XİN-i həmişəki ampluasına sadiq qalaraq Bakıya qarşı ən absurd və marazmatik ittihamlar irəli sürərdi.
Hadisələrin ən pis, mənfi məcrada cərəyanı olardısa, ümumiyyətlə, Vaşinqton görüşü və danışıqlarla bağlı rəsmi açıqlamalar yayılmayacaqdı.
Əsas məsələlərə gəldikdə isə, onların siyahısı belədir:
1. Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası
2. Qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, onların hüquqlarının və təhlükəsizliklərinin Azərbaycan Konstitusiyası çərçivəsində təminatı və s.
3. Rusiyanın Sülhməramlı Kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə səlahiyyətlərinin mündəricatı və sayı
4. Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədində təhlükəsizliyin təminatı mexanizmləri
5. Regional nəqliyyat infrastrukturu marşrutlarının və kommunikasiyalarının bərpası, işə salınması
6. Zəngəzur dəhlizi layihəsinin işə salınması
7. Azərbaycan ərazisi olan, lakin hazırda Ermənistanın işğalındakı 8 kəndin statusları və taleyi
8. Ermənistanın Azərbaycana qarşı hər hansı formada ərazi iddialarından əl çəkməsi
9. Azərbaycanla Ermənistanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığının qarşılıqlı şəkildə tanınması
10. Birinci Qarabağ Müharibəsində əsir alınmış və girov götürülmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilməsi
... Ermənistan israr və inadla çalışır ki, şərti dövlət sərşədinin delimitasiyası ilə demarkasiyası prosesi bu sərhəd boyunca "bufer təhlükəsizlik zonası"nın yaradılması, yəni Azərbaycanın sərhəddən hərbçilərini və hərbi texnikasını təqribən 30 km ölkə içlərinə çəkməsi ilə müşayiət olunsun. Rəsmi İrəvanın ölkəyə Avropa İttifaqının "müşahidə-monitorinq missiyası"nı, daha doğrusu, alman polislərlə hərbçiləri, habelə fransalı jandarmları çağıraraq onları şərti dövlət sərhədi istiqamətə yollaması da məhz bu istəklə bağlıdır.
Habelə, rəsmi İrəvan çalışır ki, şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesini Ermənistanın işğalında olan 8 kəndimizin azad edilməsi prosedurundan ayırsın, məsələlərə ayrılıqda baxılsın.
Amma İrəvanın cəhdləri əbəsdir: beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, demarkasiya və delimitasiyanı aparılacağı xəritələr belə, həmin kəndlərin Azərbaycan ərazisi olduğunu açıq-aydın göstərir. Yəni Qazaxın 7 kəndi və Naxçıvandakı Kərki kəndi avtomatik olaraq azad edilməlidir.
Sadalanan məqamlardan dolayı Ermənistan tələsməlidir, çünki rəsmi Bakı proseslərə artıq başlayıb.
Məsələn, qarabağlı ermənilərin Azərbaycan qanunvericiliyinə və cəmiyyətinə reinteqrasiyası üçün ilkin şərt sayılan dialoq artıq başlayıb.
Həmin dialoq prosesini Laçın yolundakı sərhəd nəzarət-buraxılış postumuzda hər gün müşahidə etmək mümkündür.
Ermənilərdən fərqli olaraq, ABŞ situasiyanı dəqiq qiymətləndirərək zəruri nəticələr hasil edib. Məhz bu səbəbdən Vaşinqton İrəvana təzyiq edir, yekun sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlarla müzakirələrin daha da intensivləşməsinə çalışır.
Rusiya Federasiyasının da sözügedən istiqamətdə istəklərini və planları analojidir: bir fərqlə ki, Moskva müzakirələrdə Vaşinqtonu kənarlaşdıraraq təşəbbüsü ələ almağa, vahid moderator və tək vasitəçi olmağa can atır.
Paylaş: