Sükanı və əlindəki “silah”ı belə saxla, Aygün!
Jurnalist həmkarım Aygün Muradxanlının rəhbərlik etdiyi Prime TV-in ərsəyə gətirdiyi “Hibrid müharibələrin narkotik tərəfi” filminin müzakirəsinə qatılanlardan biri də mən idim. Etiraf edim ki, bu tədbir hansısa filmin müzakirəsinin fövqündə dayanırdı. Müzakirə iştirakçıları çıxışlarında narkotikin topluma vurduğu zərər, onun bir xəstəlik kim yayılması və xarici kəşfiyyat orqanlarının əlində hədəf ölkəyə qarşı ən güclü silaha çevrilməsi, Azərbaycanın üz-üzə qaldığı bu təhdidə qarşı mübarizəsində atacağı addımlar və s. kimi məsələlərə geniş şəkildə işıq tutdular. Səmimi deyim ki, bu tədbirdən bilmədiyim çox şeyləri öyrəndim.
Filmdə və toplantıda dilə gətirilən məlumatlar Azərbaycanın həqiqətən də böyük bir təhdidlə qarşı-qarşıya olduğunu göstərir. Təsəvvür edirsinizmi, bu gün Azərbaycanda 280 000 narkoman rəsmən qeydiyyata alınıb. Özü də bu fakt hansısa qeyri-hökumət təşkilatı tərəfindən yox, birbaşa Azərbaycan DİN tərəfindən etiraf olunur. Ən dəhşətlisi isə odur ki, bu rəqəm sadəcə təsbit edilənlərin sayıdır. Təsbit edilə bilməyənlər isə bundan 5-10 dəfə çoxdur. Belə çıxır ki, məmləkətimizin ən azı 1 milyon vətəndaşı narkotikdən asılı vəziyyətdədir. Hətta bu öldürücü vərdişə “yoluxan”ların sayı 2 milyondan çox da ola bilər. Azərbaycanın cəmi 10 milyon vətəndaşı olduğunu nəzərə alsaq, bu hər 5 nəfərdən birimizin narkoman olması anlamına gəlir.
Üstəlik, bu 10 milyonun hamısının Azərbaycanda yaşamadığı, xeyli sayda insanımızın xaricdə məskunlaşdığı da heç kimə sirr deyil. Onları hesaba qatsaq, daha doğrusu, hesabdan çıxsaq, nisbət daha böyük həddə yüksələr. Mən hələ toplumumuzda yeni anadan olmuş və məsumluq dövrünü yaşayan uşaqlarımızı demirəm. Baxmayaraq ki, rəsmi statistikaya görə, narkotika bağımlılığının yaşı 8-ə qədər enib. Bununla belə, uşaqlarımızın, xüsusilə 14 yaşına qədərki balacaların arasında bu bəlaya yaxlananların nisbətinin daha aşağı olduğuna ümid edirəm. Yenə rəsmi statistikaya görə, Azərbaycanda 14 yaşınadək uşaqlarımızın sayı 2.5 milyon civarındadır. Onları da hesaba qatsaq, belə bir nəticə ortaya çıxar: kim bilir, bəlkə də hər 3 nəfərdən birimiz ağ ölümlə çarpışır.
Ən pisi isə odur ki, narkotika aludəçiləri bu bəlanı ətraflarına da yaymağa çalışırlar. Bu isə o deməkdir ki, hər birimiz, xüsusilə də gənc nəsillər böyük bir bəla ilə üz-üzədirlər. Narkotika bağlılığı bu baxımdan dünyanın ən ağır xəstəliyidir. Müqayisə edərsək, ən ağır pandemiyalar belə, toplumun 60%-nə yayıldıqdan sonra sönmə mərhələsinə keçir və kütləvi immunitet yaradaraq özü özünü məhv edir. Narkotika isə kütləvi immunitet yaradan “xəstəlik” deyil. Bütün toplumu məhv etmədikcə, yoxolma dövrəsinə girmir.
Narkotika bağımlılığına qarşı ən yaxşı mübarizə, təbii ki, ictimaiyyətin bilgiləndirilməsidir. Maarifçiliklə bu xəstəliyin qarşısının daha effektli alına biləcəyinə inanıram. Odur ki, Aygün xanımın başlatdığı bu xidməti toplumsal faydalı iş hesab edirəm.
Qismət elə gətirdi ki, 2 gün öncə keçirilən tədbir barədə bu gün – 26 iyunda rəy yaza bildim. Bu gün həm də Silahlı Qüvvələr Günüdür. Fikrimcə, gözəgörünməz bir qüvvənin məni iki gün gecikdirməsi təsadüfi deyil. Bəlkə də bu hikmət Aygün xanımın başlatdığı mübarizənin Silahlı Qüvvələr Günü ilə birbaşa əlaqəsındən qaynaqlanır. Çünki çəkdiyi filmin adından da göründüyü kimi, narkotika əslində hibrid savaşının bir silahıdır. Hər bir təhlükəyə, savaşa qarşı sinə gərənlərin isə bir adı var - ƏSGƏR. Əyinlərində hərbi forma olmasa belə, onlar Silahlı Qüvvələrin mənsublarıdır. Vaxtilə böyük şairimiz Səməd Vurğun məhz bu məntiqdən çıxış edərək, “Müsəlləh əsgərəm mən də bu gündən”, - deyirdi. Aygün xanım da hibrid müharibəyə qarşı döyüşən və təkcə narkotika ilə deyil, digər sahələrdə də qollunu çırmalayıb savaşa atılan müsəlləh əsgərdir. Mən bu gün münasibəti ilə bütün əsgərlərimizlə yanaşı Aygün xanımı da, onun rəhbərliyi altında fəaliyyət göstərən Prime TV-ni də Silahlı Qüvvələr münasibətilə təbrik edirəm.
Sükanı və əlindəki "silah"ı belə saxla, Aygün!
Heydər Oğuz,
Ovqat.com
***
Dövlət Sərhəd Xidmətininin dövlət tərəfindən əhəmiyyətli dərəcədə maliyyələşdirilməsinə baxmayaraq, Azərbaycanın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi səmərəsiz olaraq, qalır.
Prime TV telekanalının sahibi Aygün Muradxanlı belə hesab edir.
Rəhbərlik etdiyi şirkət tərəfindən hazırlanmış “Hibrid müharibələrin narkotik tərəfi” filminin müzakirəsində çıxış edən Muradxanlı alternativ strategiyalara ehtiyac olduğunu qeyd edib.
Filmdə Daxili İşlər Nazirliyinin məlumatına görə Azərbaycanda 280 000 narkomanın qeydiyyatda olması haqqında narahatlıq doğuran statistika işıqlandırılır. Ölkədə bütün cinayətlərin üçdə birini təşkil edən bu rəqəm yalnız səthi ola bilər, belə ki, ekspertlər hesab edirlər ki, real say beş dəfə çox ola bilər. Maraqlıdır ki, məktəblilər belə narkotik vasitələrin qanunsuz dövriyyəsinə cəlb olunublar. Son illər Azərbaycanda 140-dan çox özəl narkoloji klinika açılıb, daha çox sayda klinikanın açılması planlaşdırılır.
Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli narkotik problemində İranın ciddi rolu olduğunu qeyd edib. Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra İrandan narkotik vasitələrin, o cümlədən sintetik narkotik vasitələrin dövriyyəsi kəskin şəkildə artıb. Tehran Əfqanıstandan Qərbə narkotik daşımaları kanalının qurbanı olduğunu iddia edərək öz rolunu dansa da, Nəsibli iddia edir ki, Azərbaycana narkotik vasitələrin 95%-i İrandan daxil olur. O, bunu İranın Azərbaycana qarşı hibrid müharibəsinin elementi adlandırıb.
Nəsibli həmçinin İranda dini təhsil alıb vətənə qayıtmış minlərlə azərbaycanlının qarşılaşdığı problemi qeyd edib. Məscidlərdə işləməsi çox vaxt qadağan olunan bu şəxslər Azərbaycan vətəndaşları olaraq qalırlar. Onların potensial təsirinin aradan qaldırılması da daha geniş narkotik probleminin həlli üçün həlledici əhəmiyyət kəsb edir.
Filmdə iddia olunur ki, son dörd ildə İranla quru sərhədlərinin bağlanması narkomaniyaya qarşı mübarizəyə gətirib çıxarmayıb, bu da Azərbaycan məmurlarının narkotik vasitələrin ticarətində potensial iştirakına dəlalət edir. Nəsibli iddia edir ki, daxili əməkdaşlıq olmadan narkomanlığın belə kəskin artması ehtimalı çox azdır.
Milli Məclisin deputatı Vüqar İsgəndərov dövlətin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə səylərini etiraf edib, lakin bu problemin aradan qaldırılmasının çətin olduğunu bildirib. O, narkotik vasitələrin yayılmasının azalmasında cəmiyyətin rolunu qeyd edib və “Qurtuluş” narkoloji mərkəzinin effektiv reabilitasiya proqramlarını yüksək qiymətləndirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin narkotiklərə nəzarət idarəsinin keçmiş rəis müavini, hazırda isə Milli Məclisin deputatı olan Arzu Nağıyev bildirib ki, qara bazarda kokainin bir qramı 400 dollardır, istehlakçılar isə həftədə 3-4 qram istifadə edirlər. Nağıyev 11-ci sinif şagirdlərinin və məktəb müəllimlərinin qan nümunələrindən istifadə ilə mütləq məxfi təhlil aparmağı təklif edib. O, həmçinin orduda narkomaniya probleminə diqqət çəkib, hərbi qulluqçuların müntəzəm olaraq təhlil verməsinin tərəfdarı olduğunu bildirib.
Nağıyevin fikrincə, Sərhəd Xidməti və Dövlət Təhlükəsizlik Xidməti ciddi şəkildə səy göstərsə də, narkotik vasitələrin qanunsuz dövriyyəsinin davam etməsi daha qətiyyətli tədbirlər görülməsi zərurətini göstərir. Film və onun müzakirələri Azərbaycanda narkotik probleminin çətinliyini və hökumətin, cəmiyyətin iştirakı ilə və beynəlxalq əməkdaşlıq vasitəsilə çoxtərəfli həllərə ehtiyac olduğunu göstərir.
Turan.az
Paylaş: