Bu gün Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü keçirilir. Əksər Türk dövlətləri rəsmilərinin iştirakı edəcəyi sammitdə ciddi bir əksiklik də özünü göstərir. Söhbət Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın bu sammitdə iştirak etməyib, Almaniyada futbol izləməyə yollanmasından gedir.
Nəzərə alsaq ki, Türkiyə yığması bu gün yox, sabah Niderland qarşısına çıxacaq, sayın Ərdoğanın bu qərarı başadüşülən deyil. Görünən budur ki, futbol bəhanədir və Azərbaycanla Türkiyə arasında həqiqətən də ciddi inciklik var. Qardaş ölkə lideri də məhz bu səbəbdən siyasi uzaqgörənliklə izah edilməsi mümkün olmayan məlum addımı atıb.
Sual oluna bilər: Azərbaycanla Türkiyə arasında incikliyin əsl səbəbi nədir? Səbəb nə olursa olsun, Türkiyə liderinin son anda bu addımı atması nə qədər doğrudur?
Əvvəla, ondan başlayaq ki, Türk Dövlətləri Təşkilatı hər kəsdən əvvəl Türkiyənin layihəsidir və Azərbaycan qardaş ölkənin bütün Türk dünyasında lider kimi qəbul olunmasında əlindən gələni edib və edir. Dolayısıyla Ərdoğanın bu sammitdə iştirak etməməsindən ən çox zərər çəkən də məhz Türkiyə olacaq.
İncikliyin səbəbi nə olursa olsun, “mən Şuşa sammitində iştirak etməyib futbol izləməyə gedəcəyəm” arqumenti də dünyanın ən ciddi liderləri arasında yer alan sayın Ərdoğanın imicinə yaraşmır. Böyük dövlət adamları hansısa fikir ayrılığını əsas gətirib həm öz ölkəsinin, həm də strateji müttəfiqlərinin gələcək perspektivlərə hesablanmış hədəflərini futbol matçına qurban verməz. Hətta o matç milli komandanın həyati əhəmiyyətli yarışı olsa belə.
Üstəlik, iki qardaş ölkə lideri arasındakı narazılığın TDT-nın olduqca mühüm sammitində iştirakı təxirə salacaq qədər ciddi əsası olsa belə, bu addımı daha diplomatik bəhanə ilə atmaq olardı. Zira, bütün müttəfiqlər Şuşada toplandığı bir zamanda “Mən Berlində futbola baxmağa gedirəm” demək, əslində öz strateji hədəfini aşağılamaq, bu zamanadək dünyaya təqdim etdiyin vizyonundan geri çəkilməkdir. Halbuki, Türkiyə məhz bu vizyonu ilə beynəlxalq aləmdə öz təsir gücünü artırır, sayğınlıq qazanırdı. Birdən-birə Türkiyə Prezidentinin öz strateji hədəfindən geri çəkilməsi qardaş ölkənin beynəlxalq nüfuzuna da kölgə sala bilər.
Bəs, Rəcəb Tayib Ərdoğanın bu incikliyi üçün hansısa ciddi əsas var idimi?
Təbii ki, iki lider arasındakı söhbətlərdən bixəbər olduğumuzdan bu barədə qəti fikir söyləyə bilmirik. Biz sadəcə bəzi mülahizələr yürütmək imkanına malikik.
İlk baxışdan Sayın Ərdoğan bəyin bu qeyri-adi qərarı ŞƏT-in Astana sammitində alması belə təəssürat yarada bilər ki, İlham Əliyevin orada imzaladığı sənədlər, verdiyi bəyanatlar Türkiyənin milli maraqlarına zidd olduğundan Ərdoğan bu kəskin etirazını ortaya qoyub. İlham Əliyevin Astana səfərində imzalanan sənədlərdən biri “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”dir. Bəyannamədə Azərbaycan üzərindən keçməsi planlaşdırılan “Orta dəhliz”in çəkilməsindən, “Bir Kəmər, Bir Yol” layihəsinin infrastrukturunun yaradılması perspektivindən söhbət gedir. Azərbaycan üzərindən çəkilən bu yolların hamısı isə Türkiyədən keçəcək. Dolayısıyla, bundan biz qədər, hətta bəlkə bizdən daha çox qardaş ölkə qazanacaq.
Bəyannamədə nəzərdə tutulan digər bir xüsus ölkəmizin BRICS-ə üzv olması və ŞƏT-lə əlaqələrinin genişləndirməsi hədəfi ilə bağlıdır. Sənədin sonuncu bəndində bu barədə bildirilir:
“4.5 Çin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlayır, ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləyir. Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır”.
Bəlkə NATO üzvü olan Türkiyə Alyansın kollektiv maraqlarını nəzərə alıb Azərbaycanın alternativ layihədə iştirakına qarşı çıxır? Doğrusu, bu ehtimal da inandırıcı görünmür. Ən azı ona görə ki, nə BRICS, nə də ŞƏT hərbi ittifaq deyil və hər iki ittifaqla münasibətləri gücləndirmək məsələsində ilk addımı atan da Türkiyədir. Biz sadəcə, qardaş ölkə ilə ayrı cizgilərdə olmayaq deyə, onun açdığı çığırla irəliləyirik. Və bu addımlar onun Alyansdakı çəkisini nəinki azaltmayıb, əksinə daha əhəmiyyətli hala gətirib. Zira alternativlik və çoxşaxəli xarici siyasət dövlətlərin təsir gücünü artırar, onu hər iki tərəfdə hesablaşılacaq qüvvəyə çevirər. Yeri gəlmişkən, Azərbaycan da ŞƏT-in Astana sammitində məhz bu cür çoxşaxəli xarici siyasət prinsipindən çıxış edib və orada təqdim olunan layihələrə tam olaraq qoşulmayıb. Sadəcə qoşulmaq ehtimalınının var olduğunu göstərib. Eynilə Türkiyə kimi.
İlham Əliyevin “ŞƏT plus” formatında səsləndirdiyi fikirlər də bu strateji üstünlüyündən faydalanmaq istədiyini açıq şəkildə göstərir. Məlum olduğu kimi, Azərbaycan prezidenti həmin çıxışında yalnız ŞƏT üzvləri ilə iqtisadi əməkdaşlıqdan danışmış və heç bir tərəfə qoşulmayacağını açıq şəkildə ifadə edərək demişdi: “Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir”. “Multilateralizm”in çoxtərəflilik olduğunu nəzərə alsaq, İlham Əliyevin nə dediyini anlamaq çətin deyil. Deməli, Ərdoğanın narazılığı NATO-nun kollektiv maraqlarından irəli gələ bilməzdi.
Olmaya, Azərbaycan ərazi bütövlüyümüzün bərqərar olunmasında misilsiz rol oynayan qardaş ölkəyə hansısa hörmətsizlik edib? Doğrusu, prezident seçkilərindən sonra ilk səfərini Ankaraya edən, hətta qardaş ölkənin istəyi ilə digər strateji müttəfiqimiz sayılan İsrailin əleyhinə Misirdə bəyanatlar verən İlham Əliyevin belə bir mövqeyi ilə tanış deyiləm. Üstəlik, Azərbaycan istər Türkiyədən, istər İsraildən, istərsə də Pakistandan nə silah alıbsa, öz halal pulu ilə alıb. Rəsmi Bakı bununla da kifayətlənməyib. Qarabağda və Azərbaycanın digər rayonlarında demək olar ki, bütün quruculuq işlərini strateji müttəfiqlərinin, o cümlədən Türkiyənin inşaat şirkətlərinə verib. Milyardlarla dolların xərcləndiyi bu layihələrdə bizim öz tikinti şirkətlərimiz ən yaxşı halda subpodratçı kimi iştirak edib. Çəkdikləri zəhmətin əvəzini belə, tam mənası ilə ala bilməyiblər. Dövlət qurumlarımız nəinki bu ədalətsiz bölgünün qarşısını almayıb, bəzən hətta qardaşlarımıza ayıb olmasın deyə, çox şeyə göz yumub. Bir sözlə, biz maddi cəhətdən də dosta-düşmənə borclu deyilik. Mənəvi cəhətdən isə yeri gələndə, ən kritik anlarda rəsmi Bakı Ankaranın yanında dayanıb və dayanmalıdır da. Yəqin ki, bu da sayın Ərdoğanı narazı salacaq bir mövqe deyil.
Yoxsa, Ərdoğan bəy Azərbaycanı Rusiya ilə yaxın əlaqələri əlaqələrə görə “qısqanır”? Məncə, Türkiyə bu sahədə də bizim hökumətdən çox fərqli movqedə deyil.
Bəlkə Azərbaycan hakimiyyətinin son zamanlar Türkiyənin ana müxalifət partiyası CHP ilə yaxın əlaqələri qardaş ölkənin liderinin xoşuna gəlməyib? Açığını desəm, bu ehtimal mənə daha inandırıcı görünür. Amma göydə Allah var, Azərbaycanın iqtidarından tutmuş sadə vətəndaşına qədər hər kəs Türkiyədə keçirilən son prezident seçkilərində açıq şəkildə AKP-nin yanında dayanmışdı. Hətta bu mövqeyimiz Türkiyə qardaşlarımız tərəfindən də birmənalı qarşılanmamışdı. Türkiyədə hər kəs bizə qardaş olsaq belə, başqa-başqa evlərə sahib olduğumuzu xatırladır, onların daxili işlərinə qarışmamağı tələb edirdilər. Kifayət qədər haqlı idilər də. Baxmayaraq ki, bizim də sayın Ərdoğana sayqı duymaq və yeri gələndə öz fikrimizi açıq ifadə etmək hüququmuz vardı. Bununla belə, qardaşlıq münasibətlərini pozmamaq xətrinə könül qucağımızı CHP-yə də açmalı idik və bunu pis-yaxşı etməyə çalışırıq. Amma yenə qəlbimizin yarıdan çoxunun Ərdoğan və onun AKP-dən yana olduğu da sirr deyil.
Doğrusu, belə xırda ambisiyalara görə qardaş ölkənin böyük dövlət hədəfinin bir futbol matçına qurban verməsi qətiyyən rasional təsir bağışlamır. Və nə yazıq ki, Türkiyənin böyük dövlət vizyonunun əsas hədəfi olan Şuşa sammiti bu gün Ərdoğansız xeyli sönük görünür. Mən bir Azərbaycan vətəndaşı kimi buna sadəcə üzülür və iki qardaş ölkənin aralarındakı hüsumətləri bir kənara ataraq yenidən eyni hədəfə doğru irəliləməsini arzulayıram. Ümid edirəm ki, Türkiyənin sağlam ağıl da bu istəyə qoşulacaq.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: