Xəbər lenti


Türkiyə prezidenti dünən yenə dünya mediasında ciddi müzakirələrə yol açan açıqlama ilə çıxış edib. O, AK Partiyanın Rizə İl Təşkilatının toplantısındakı Türkiyənin Qarabağa girdiyini və eyni şəkildə İsrailə də müdaxilə edə biləcəyini bildirib.

 

"Biz çox güclü olmalıyıq ki, İsrail Fələstinə bunu etməsin. Qarabağa və Liviyaya girdiyimiz kimi, onlara da eyni şeyi edəcəyik. Bizim edə bilməyəcəyimiz heç bir şey yoxdur", - Ərdoğan belə deyib.

 

Ərdoğanın bu çıxışından aşağıdakı suallar ortaya çıxır:

 

Türkiyə lideri bu sözləri deyərkən nəyi nəzərdə tutur? Qarabağ Türkiyənin birbaşa müdaxiləsi iləmi xilas olunub? Ankara həqiqətənmi İsrailə hərbi müdaxiləyə hazırlanır? Cənab Ərdoğan xüsusilə son zamanlar niyə İsrailin əleyhinə bu qədər kəskin bəyanatlar verir və bunun Türkiyəyə, Türk dünyasına nə kimi xeyri, yaxud zərəri ola bilər?

 

Türkiyənin hətta iqtidaryönümlü media qurumları belə Rəcəb Tayib Ərdoğanın məlum fikirləri, böyük ehtimalla, bədahətən (spontan olaraq) səsləndirdiyni və mövqeyini ifadə edərkən məqsədini aşdığını bildirirlər. Həqiqətən də bu mövqe ilə razılaşmamaq mümkün deyil. 

 

Əvvəla, ona görə ki, Türkiyə II Qarabağ savaşında sözün gerçək anlamında Qarabağa girməyib. Sadəcə strateji müttəfiqi olan Azərbaycana çox ciddi siyasi dəstək və hərbi texnikalar verib. Bu, iki anlayış arasında çox ciddi fərq var və  Türkiyə rəsmiləri də dəfələrlə bu həqiqəti ifadə ediblər, indi də edirlər.

 

İkinci ona görə ki, II Qarabağ döyüşlərində Azərbaycanı dəstəkləyən təkcə Türkiyə olmayıb. Beynəlxalq hüquq baxımından tamamilə haqlı olduğumuzdan dünyanın əksər dövlətləri bizi ya susaraq, ya da açıq şəkildə dəstəkləyiblər. Cənab Ərdoğanın tez-tez qarşı çıxdığı İsrail və yəhudi lobbisi də bu məsələdə Azərbaycanın yanında yer alıb. Həmçinin, Böyük Britaniya da BMT TŞ-da Azərbaycana qarşı qətnamənin qəbul olunmamasında müstəsna roy oynayıb. Hətta o zamanın ABŞ prezidenti Tramp belə, seçkiləri bəhanə edib Azərbaycanın haqq işinə mane olmayıb və s. və ilaxır. Bütün bunları görməməzlikdən gəlmək həqqaniyyətlə bir araya sığmır və Cənab Ərdoğan öz fikirlərini səsləndirərkən, gərək bu xüsusları da diqqətdən qaçırmaya.

 

Üçüncü ona görə ki, həmin döyüşlərdə bizə müharibənin taleyini dəyişən silahları satanlar arasında İsrail, Belarus, və adını çəkmək istəmədiyimiz başqa dövlətlər də var idi. Müharibədə kimin silahının daha həlledici rol oynadığını müəyyənləşdirmək isə mümkün deyil. Üstəlik, etiraf edək ki, 2020-ci ilə qədər ölkəmizin ən çox silah aldığı ölkə İsrail idi və bu, beynəlxalq hesabatlarda da öz əksini tapıb. Məsələn, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun 2022-ci ildə yayımladığı hesabatına görə, İsrail 2017-2021-ci illərə qədər Azərbaycanın əsas silah təchizatçısıydı. Ölkəmiz bu 4 ildə silahlarının 61%-ni İsraildən almışdı və bu, silah idxalı indiyə qədərki ən yüksək göstərici kimi tariximizə düşüb. Onu da qeyd etmək yerinə düşər ki, həmin dövrdə qlobal silah ixracının 3%-i kimi önəmli paya sahib olan İsraildən ən çox silah alan 2-ci dövlət biz olmuşduq:  Hindistan - 45%, Azərbaycan - 17%, Vyetnam - 8,5%. Biz sadəcə İranla münasibətlərimizi düşünüb ən çox silahı İsraildən aldığımızı ön plana çıxarmır və strateji müttəfiqimiz Türkiyənin silahlarını reklam edərək onun dünya silah bazarında önəmli fiqura çevrilməsinə çalışırdıq. Bunun əsas səbəbi qardaş Türkiyəyə daha çox güvəndiyimizdən və onun silah sənayesinin güclənməsinin bizim milli maraqlarımıza daha çox cavab verməsindən irəli gəlirdi.

 

Fikrimcə, Türkiyə prezidenti də bu həqiqətləri bilməmiş deyil və görünür, bu səbəbdən də qardaş ölkənin iqtidaryönümlü siyasi şərhçiləri  belə, onun dünənki çıxışının nəzərdə tutduğu mövqeyini aşdığını düşünür. Başqa sözlə, əslində sayın Ərdoğan həmin çıxışında onu İsrailə niyə müdaxilə etmədiyini qınayanlara cavab verib. Demək istəyib ki, Türkiyə hələ İsrailə müdaxilə edəcək gücdə deyil. Nə zaman hərbi sənaye kompleksimizi gücləndirib İsrailə və onun dəstəkçisi ABŞ-a cavab verə biləcək səviyyəyə yaxınlaşsaq, Qarabağ və Liviya döyüşlərində olduğu kimi, Fələstini də dəstəkləyərik.

 

Ərdoğanın çıxışı zamanı Qarabağı və Liviyanı örnək göstərməsi də məncə, bu ehtimalı qüvvətləndirir. Məlumdur ki, Türkiyə bizə də, Liviyaya da öz “Bayraktar”larını sataraq  dəstək vermişdi. Onun yəqin ki, öz müxaliflərinin suallarını cavablandıran çıxışında məhz iki dövlətin adını çəkməsi də Fələstinə necə dəstəyin verə biləcəyinə işarədir. Ərdoğan əgər həqiqətən də Fələstinə girib İsraillə döyüşməyi nəzərdə tuturdusa, məntiqlə Şimali Kipri misal göstərməli idi. Bu mənada onun “Qarabağa girdik” cümləsində real hərbi müdaxilədən söhbət getmədiyinə inanıram.

 

Açığı, bir çox şərhçilər kimi, mən də o qənaətdəyəm ki, Türkiyə prezidenti İsrailə qarşı bu cür kəskin ritorika ilə çıxış etməsi daxili auditoriyaya hesablanıb və dünya dövlətləri də bunun fərqindədir. Bu səbəbdən də Ərdoğanın belə çıxışlarını anlayışla qarşılayırlar. Məsələ burasındadır ki, Ərdoğan dini təəssübü ağır basan auditoriyanın təmsilçisi kimi hakimiyyətə gəlib. Hakimiyyətinin ilk illərində bu düşüncəni səmimi şəkildə dəstəkləyib. Lakin dini təəssübkeşlik hissinin Türkiyəni Yaxın Şərq bataqlığına sürüklədiyini anlayınca tədricən öz cizgisindən aralanıb. Təbii ki, icraatlar sahəsində. Onun son zamanlar MHP ilə Cümhur ittifaqı qurması da əslində dini cizgidən milli cizgiyə keçməsinin bir göstəricisidir. Amma milli cizgiyə keçərkən keçmiş silahdaşlarını da tərk etməyib və etməz də. Çünki bunu etməsi nə Türkiyənin, nə də onun strateji müttəfiqlərinin xeyrinədir. 

 

Əksinə, Ərdoğan kimi qurucu siyasətçilər xitab etdikləri toplumları real-politik cizgiyə gətirməli və ölkəni təhlükəli məcralara yönəlməkdən qorumalıdır. Necə ki, ötən əsrin əvvəllərində Mustafa Kamal Atatürk də məhz bu mövqeyi seçmiş, Atatürk inqilabları adlanan dəyişim prosesinin başlatmışdı. 

 

Atatürklə Ərdoğanın yeganə fərqi inqilabi dəyişiklikləri həyata keçirmələrində söykəndikləri metodlardadır. Mustafa Kamal Atatürkün dövründə təfəkkürlərdəki inqilabları bəlkə zor gücünə həyata keçirmək olardı. Ərdoğanın zamanında isə ölkənin siyasi həyatına təsir edən kritik kütlənin öz dilində danışmaq, onlara tədricən ölkə və dünya reallıqlarını anlatmaq lazımdır. Türkiyə prezidenti də məhz bunu edir. Bir tərəfdən, İsrail-Fələstin gərginliyinin ortadan qaldırılması üçün proseslərə müdaxilə etməyin vacibliyindən danışır, digər tərəfdən isə Türkiyənin hələ o gücə çevrilmədiyini bildirir. Amma fikirlərini spontan şəkildə ifadə etmək məcburiyyətində qaldığından bəzən yanlış anlaşılan sözləri də dilə gətirir.

 

Ərdoğanın dünən səsləndirdiyi fikirlər də əslində bu qəbildən idi və etiraf edim ki, Azərbaycana və Türkiyəyə düşmən qüvvələr bu fikirlərdən istifadə etməyə çalışacaqlar. Xüsusilə də erməni lobbiləri. Çünki bu zamanadək erməni təbliğatçıları bənzər fikirlər səsləndirib Azərbaycanın Qarabağda qazandığı qələbəyə kölgə salmaq istəyirdilər. Bildirirdilər ki, guya, Qarabağda onlara qarşı Azərbaycanla yanaşı Türkiyə qoşunları da döyüşüb. Halbuki, Türkiyənin bizə dəstəyi siyasi və mənəvi baxımdan olub. Hətta o savaşda istifadə etdiyimiz silahların böyük əksəriyyətini belə, Türkiyədən almamışıq. Amma sözsüz ki, Türkiyənin bizə verdiyi mənəvi dəstək bütün silahlardan üstün idi. Çünki Azərbaycan son 30 ildə ilk dəfə hansısa dövlət tərəfindən açıq şəkildə dəstəkləndiyini hiss edir və bu da onun döyüş əzmini artırırdı. Məhz Türkiyənin dəstəyindən aldığı sarsılmaz ruhla döyüşlərə atılan Azərbaycan əsgəri Qarabağı işğaldan azad etdi, alınmaz qala hesab olunan Şuşaya üçrəngli bayrağımızı asdı və bu uğurda minlərlə əsgərimizi itirdik. Əlbəttə ki, ermənilərin və onların dəstəkçilərinin “Qarabağı başqa qüvvələr qurtardı” fikirləri ilk növbədə şəhidlərimizin ruhuna hörmətsizlikdir. Bu baxımdan, Ərdoğanın istəmədən səsləndirdiyinə inandığım fikirlər dünya ictimai rəyində birmənalı qarşılanmayacaq. Bununla belə, onun Azərbaycana verdiyi dəstək heç bir zaman unudulmayacaq və tariximizə qızıl hərflərlə yazılacaq. 

 

Bəzi siyasi şərhçilər Əroğanın dünən səsləndirdiyi fikirlərin erməni, yunan və yəhudi lobbilərini Türkiyəyə və Azərbaycana qarşı birləşdirəcəyini güman edirlər. Nə yazıq ki, son zamanlar onsuz da bu tendensiyanın yarandığı hiss olunur. Hər 3 lobbi açıq şəkildə Türkiyəyə qarşı çıxış edirlər. Sözsüz ki, bu tendensiyanın ortaya çıxmasında Türkiyə yetkililərinin spontan   açıqlamalarının da özünəməxsus payı var. Açıq deyəcəyəm, xüsusilə yəhudi lobbisinin Türkiyəyə qarşı çevrilməsi Sayın Ərdoğanın 2009-cu ildə Davosda səsləndirdiyi “van minut” çıxışından sonraya təsadüf edir. Bununla belə, yəhudi lobbisinin xüsusilə erməni lobbisi ilə birləşib ortaq məxrəcdən çıxış edəcəyi inandırıcı deyil. Son zamanlar Trampın yüksəlişi və yəhudi lobbisinin onun yanında yer alması da bu ittifaqı çətinləşdirir. Çünki erməni diasporu əsasən Kaliforniyada məskunlaşıb və bu ştat demokratların nəzarətindədir. 

 

Digər tərəfdən, ABŞ-da demokratlarla respublikaçılar arasındakı rəqabət də getdikcə kəskinləşir və ölkədə siyasi qütbləşmə yaranır. Və bu qütbləşmə erməni lobbisi ilə yəhudi lobbisinin bir araya gəlməsinə imkan vermir. Türkiyə bu ziddiyyətdən öz faydasına istifadə etməli və yeri gələndə yəhudi lobbisinin dəstəyini almalıdır. 

 

Əslində II Qarabağ savaşından sonra bunun üçün münbit şərait yaranmışdı. Azərbaycan rəsmilərinin də qatqıları ilə Türkiyə-İsrail arasında yaxınlaşma baş vermişdi. Ötən il 7 noyabrda HƏMAS-ın İsrailə hücumları ilə bu yaxınlaşma böyük ölçüdə sarsıldı. Amma Ərdoğanın hazırda İsrail hökumətinə qarşı çıxışlarının iki dövlət arasındakı yaxınlaşma perspektivini tam ortadan qaldırmır. Zira Netanyahu hökumətinin Qəzza siyasəti yəhudi lobbisi tərəfindən də tam dəstəklənmir. Fikrimcə, spontan çıxışlar tez-tez təkrarlanmasa, Türkiyə ilə yəhudi lobbisi arasında münasibətlər tam pozulmayacaq. Ən azı ona görə ki, Türkiyə regiona təsir imkanına sahib əvəzedilməz ölkədir və əvvəl-axır müsəlman dünyası ilə münasibətlərini normallaşdırmağa məhkum olan İsrailin qardaş ölkəyə böyük ehtiyacı var. Sadəcə Türkiyə çalışıb bu qapıları taybatay bağlamamalıdır.

 

Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 308          Tarix: 29-07-2024, 15:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma