Xəbər lenti


Suriyada hərbi münaqişə artıq 13 ildən çoxdur ki, davam etməkdədir. 2011-ci ilin mart ayında ərəb baharı dalğası ilə ölkədə başlayan vətəndaş müharibəsi sonradan regional və regiondankənar qüvvələrin cəlb olunduğu çoxtərəfli qarşıdurmaya çevrildi. 

 

Bu qarşıdurma 2017-ci ildə Astana sülh prosesinin ortaya çıxması nəticəsində yeni mərhələyə qədəm qoydu. Belə ki, Türkiyə, İran və Rusiya arasında konsensusun əldə edilməsi ilə Suriyada müəyyən status-kvo formalaşdı.

 

Ölkə ərazisində bu razılaşmadan kənar qüvvələr də mövcuddur ki, onlardan ən mühümü Suriyanın Şimal-Şərqinə nəzarət edən ABŞ dəstəkli kürd qruplarıdır. Ölkənin əsasən cənub və mərkəzi hissəsi Rusiyanın azsaylı quru qoşunları və əlavə olaraq Hərbi Hava Qüvvləri, həmçinin İran proksiləri tərəfindən dəstəklənən Əsəd ordusunun nəzarəti altındadır. Suriyanın Şimal-Qərbinə isə Türkiyə ordusu və Ankaranın dəstəklədiyi silahlı qruplar (ən əsası “Heyət Təhrir əş-Şam”) nəzarət edir. Astana üçlüyü tərəflərinə tabe olan, eləcə də bu razılaşmadan kənar qüvvələrlə yanaşı, Suriyada digər silahlı dəstələr də mövcuddur ki, onlar azsaylı olduqları üçün proseslərə təsir imkanları olduqca məhduddur.

 

Bu il ərzində Türkiyə tərəfi Bəşər Əsədlə danışıqlar aparmaq üçün çoxsaylı cəhdlər etdi. O isə öz növbəsində əsasən Rusiya və İranın dəstəyinə arxalanaraq Ankara ilə birbaşa təmaslardan boyun qaçırdı. Bunun əvəzində Dəməşq digər ərəb dövlətləri ilə əlaqələrin bərpasına daha çox önəm verdiyini nümayiş etdirdi. 

 

Halbuki, Ukraynadakı müharibə nəticəsində Rusiyanın, İsrailin Yaxın Şərqdəki hərbi əməliyyatları nəticəsində isə İranın zəifləməsi Suriyada yeni status-kvonun formalaşmasını labüd edirdi. Bu baxımdan, hazırki eskalasiya qanunauyğun xarakter daşıyır. Belə ki, qaçılmaz dəyişikliklərə danışıqlar yolu ilə nail olmaq cəhdləri nəticəsiz qaldığı üçün ölkədə yeni status-kvonun formalaşması hərbi yolla baş verir. 

 

Lakin bunun üçün hərbi qruplar öz imkanlarının maksimumuna çatmalıdır ki, yeni status-kvo formalaşsın. Yalnız bundan sonra yerdə yaranacaq yeni vəziyyət danışıqlar masası arxasında öz təsdiqini tapmalıdır. Sözügedən danışıqlar isə, İran XİN rəhbərinin Türkiyəyə səfəri fonunda, artıq Tehran və Ankara arasında getməkdədir.  

 

Hazırda “Təhrir əş-Şam”ın ən zəif tərəfi havada hələ də Rusiyanın hökmranlıq etməsidir. Əgər yaxın müddətdə bu üstünlüyün qarşısı alınmazsa, yerdə yeni status-kvo daha tez bərqərar olacaq.

 

Beləliklə də, yekun olaraq iki mühüm məqamı vurğulamaq vacibdir:

 

- Türkiyə Qəzza və Livanda gözlənilən həllərdən kənar qaldığı üçün Suriyada öz rolunu artırmaq niyyətindədir. İndiyədək mövcud olan konsensusun digər tərəfləri - Rusiya və İranın zəifləməsi də bunu labüd edir.

 

- Digər tərəfdən, bir çox münaqişə bölgələrində olduğu kimi, Suriyada da tərəflər yanvarın 20-dək öz mövqelərini gücləndirməyə və yeni reallıq yaratmağa çalışırlar ki, Tramp administrasiyası öz gələcək siyasətini məhz bu reallığa uyğun formalaşdırsın.

 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi




Ana səhifəyə qayıt        Baxış: 4 682          Tarix: 2-12-2024, 22:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma