Almaniya mətbuatında hakim koalisiyanın parçalanması və vaxtından əvvəl seçkilərin keçirilməsi məsələsi uzun müddət müzakirə mövzusu olub. Kansler Olaf Şoltsun gələn il keçiriləcək seçkilərdə SDP siyahısından çıxarılması və onun yerinə daha populyar siyasətçinin təyin edilməsi təklifləri əvvəllər də səsləndirilib.
Oktyabrın əvvəlində maliyyə naziri Kristian Lindner hökumət koalisiyasının davam gətirəcəyinə şübhə ilə yanaşdığını bildirib. Ondan əvvəl Bundestaqın vitse-prezidenti Volfqanq Kubitski də koalisiyanın bu ilin sonuna qədər dağılacağını bəyan etmişdi. Parçalanmanın güclənməsi ilə bağlı şayiələr fonunda müdafiə naziri Boris Pistorius hökuməti birliyə çağırmışdı. Seçkilərə bir ildən də az müddət qaldığı üçün FDP, Yaşıllar və SDP arasında iqtisadi və sənaye siyasəti ilə bağlı gərginliklə davam edən müzakirələr koalisiyanın dağılması potensialı ilə bağlı ehtimalları gücləndirmişdir.
Koalisiya daxilində müzakirələr və parçalanma
Cari ayda kansler Olaf Şolts ölkə iqtisadiyyatının tənzimlənməsi məsələsinin müzakirəsi üçün nazirlərlə görüş keçirib. Kristian Lindnerin vergilərin azaldılması və fiskal nizamlılıqla bağlı planının iqtisadiyyat naziri Robert Habekin investisiya çağırışına qarşı müzakirə edildiyi bildirilir. Robert Habek investisiyaları stimullaşdırmaq məqsədilə xüsusi fond yaratmaq istəsə də, Kristian Lindner iqtisadiyyatı stimullaşdırmaq üçün vergilərin azaldılması ideyasını müdafiə edib. Nəticədə tərəflər 2025-ci il üçün çoxmilyardlıq büdcə kəsirinin ən yaxşı şəkildə necə bağlanacağı ilə bağlı fikir ayrılığına düşüblər. Mübahisəli məsələlər içərisində artan enerji qiymətləri, Çinlə rəqabət apara bilmək üçün müxtəlif strategiyaların hazırlanması məqamları olub. Görüşdə K.Lindner Bundestaqa növbədənkənar seçkilərin keçirilməsinin vacibliyini bəyan etsə də, Şolts bu fikri rədd edib. Məhz bundan sonra Azad Demokratlar Partiyası liderinin istefaya getdiyi məlum olub. Yeni maliyyə nazirinin Olaf Şoltsun əsas iqtisadi müşaviri adlandırılan Yorq Kukis olacağı bildirilib.
Müxalifətin təklifi
CDU/CSU-nun lideri Fridrix Merz kansler Şoltsla keçirdiyi görüş zamanı hazırkı hökumət böhranını müzakirə etməyə hazır olduğunu və istənilən vaxt Bundestaqda gözlənilən qanun layihələrini müzakirə edə biləcəyini açıqlayıb. Lakin müxalifət liderinin şərtinə görə, kansler yaxın günlərdə etimad səsverməsinə başlamalı, seçkiləri tezləşdirməlidir.
Koalisiyanın dağılmasına reaksiyalar
Koalisiyanın dağılmasından sonra Almaniya prezidenti Frank-Valter Ştaynmayer siyasi böhranı arxada qoymaq üçün bütün tərəfləri məsuliyyətli olmağa çağırıb. Onun sözlərinə görə, 75 illik federativ respublika tarixində nadir hadisələrdən olan çoxluğun itirilməsi Əsas Qanunun müvafiq maddəsinə uyğun olaraq addım atmağı şərtləndirir.
Federal Seçki Komissarı Ruth Brand kanslerə yazdığı məktubunda erkən seçkilərin yanvar-fevral aylarında keçirilməsinə şübhə ilə yanaşdığını bildirib və bu cür qərarın verilməsində kansleri tələsməməyə çağırıb.
CDU/CSU-nun lideri Fridrix Merz isə erkən seçkilərin ABŞ prezidenti Donald Trampın vəzifəsinin icrasına başlayacağı günə qədər – 19 yanvarda keçirməyi təklif edib.
İctimai sorğuların nəticələri
Almanların 54%-i hakim koalisiyanın parçalanması ilə bağlı söz-söhbətlərin artması fonunda ölkədə erkən ümumi seçki keçirilməsini lazım bilir. Son sorğu göstərib ki, respondentlərin yalnız 41%-i kansler Olaf Şoltsun SPD, Yaşıllar və Azad Demokratlar (FDP) koalisiyasının 28 sentyabr 2025-ci il tarixində keçiriləcək növbəti seçkilərə qədər fəaliyyətdə qalmasını istəyir. İfrat sağçı Almaniya üçün Alternativ (AfD) tərəfdarlarının 93%-i və ifrat solçu Sahra Vaqenknext Alyansı (BSW) tərəfdarlarının 75%-i erkən seçki ideyasını dəstəkləyib. Əsas müxalifət qüvvəsi – XristianDemokratlar və Xristian Sosial İttifaqı (CDU/CSU) blokunun nümayəndələri arasından 69%-i erkən seçkilərin keçirilməsinin tərəfdarı olub.
1333 seçici arasında keçirilən digər bir sorğuya əsasən, koalisiyanın fəaliyyətindən razı olanlar 14% təşkil edib. Az, yaxud heç qane olmayanların göstəricisi artaraq 85%- ə yüksəlib. Sorğuya görə, CDU/CSU-ya 34%, AfD-yə 17%, BSW-yə 6% respondent dəstəyi olub.
Nəticələrə görə, respondentlərin 65%-i Bundestaqa erkən seçkilərin keçirilməsini düzgün addım hesab edir. 33% isə kanslerin təklif etdiyi tarixdə – mart ayında seçimləri məqsədəuyğun sayır. Həmçinin sorğuda iştirak edənlərin 59%-nin fikrincə, koalisiya zamanında parçalanıb, 40%-ə görə parçalanmanın əsas səbəbkarı “Azad Demokratlar”, 26%-ə görə “Yaşıllar”, 19%-in fikrincə isə “Sosial-Demokratlar”dır. Həmin sorğuya görə, erkən seçkilərdə Xristian-Demokratların 34%, AfD-nin 18%, SDPnin 16%, Yaşılların 12%, BSW-nin 6% səs toplaya biləcəyi ehtimal olunsa da, “Azad Demokratlar”ın 5%-lik baryeri keçə bilməyəcəyi qeyd edilib.
Partiyalar tərəfindən irəli sürülən namizədlər
Azad Demokratlar Partiyasının nümayəndəsi və yenicə koalisiyadan ayrılmış Kristian Lindner növbəti Almaniya Bundestaqına namizədliyini irəli sürəcəyini bildirib.
Almaniyanın vitse-kansleri və İqtisadiyyat naziri, Yaşıllar Partiyasının həmsədri Robert Habek koalisiyanın dağılmasından sonra qarşıdan gələn seçkilərdə partiyasının kansler namizədi olacaq. R.Habek açıqlamasında platformanı populistlərə buraxmaq istəmədiyini bildirib.
Gərgin və mübahisəli müzakirələrdən sonra Almaniya Sosial Demokrat Partiyasının (SPD) idarə heyəti yekdilliklə 2025-ci ilin fevralında keçiriləcək federal seçkilərdə kansler vəzifəsinə Olaf Şoltsun namizədliyini irəli sürüb. Buna baxmayaraq, əhalinin əksəriyyəti müdafiə naziri Boris Pistoriusu əsas namizəd olaraq dəstəkləməyin tərəfdarıdır. Keçirilən sorğulara görə, müdafiə naziri 57% respondentin dəstəyini qazandığı halda, hazırkı kansler yalnız 13% tərəfindən dəstəklənib. Pistoriusun dəstəkçiləri arasında SDP-nin Türingiya vilayəti üzrə sədri Andreas Bauzevayn da olub. Bütün bunlara rəğmən, Boris Pistorius hazırkı hökumət başçısı Olaf Şoltsun rəhbərlik etdiyi Sosial Demokrat Partiyasından kansler postu uğrunda mübarizə aparmayacağını açıqlayıb.
Əks-kəşfiyyat funksiyalarını yerinə yetirən Almaniya Konstitusiyasının Mühafizəsi üzrə Federal Büronun rəhbəri Tomas Haldenvanq qarşıdan gələn Bundestaq seçkilərində müxalifətdə olan Xristian-Demokrat İttifaqından iştirak etməyi planlaşdırır.
BSW lideri Sahra Vaqenknext kansler postuna namizədliyini irəli sürəcəyini istisna etməyib.
Yaşıllar federal seçkilərdə vitse-kansler Robert Habeki kansler vəzifəsinə namizəd seçiblər. Namizədliyi ilə bağlı təcili təqdimatda o, “Almaniya xalqının namizədi” adlandırılıb. Partiya üzvləri onun “yaxşı kansler keyfiyyətlərinə” sahib olduğunu bildirib və Habek nümayəndələrin 96,5%-nin səsini toplayıb.
“Etimad səsverməsi”
Əgər hökumət öz siyasətinin parlamentdə əksəriyyət tərəfindən dəstəklənəcəyinə əmin deyilsə, hökumətin başçısı, yəni Federal Kansler Əsas Qanunun 68-ci maddəsinə uyğun olaraq “etimad səsverməsi” tələb edə bilər. Bu proseslə hökumətin kim tərəfindən dəstəklənməsi məsələsi Bundestaqda səsverməyə çıxarılır. Səsvermə sorğusu ilə səsvermə arasında 48 saat olmalı, həmçinin əlavə məsləhətləşmələr üçün vaxt ayrılmalıdır.
Kansler Olaf Şolts (SPD) 11 dekabr 2024-cü ildə etimad səsverməsi üçün sorğunun başlayacağını bildirib. Səsvermənin dekabrın 16-da keçirilməsi planlaşdırılır. Əgər gözlənildiyi kimi, deputatların əksəriyyəti kanslerə etimad göstərməkdən imtina edərsə, Federal Prezident Frank-Valter Ştaynmayer 21 gün ərzində Bundestaqı buraxacaq.
Nəticə
“İşıqfor koalisiyası”nın parçalanmasının arxasında duran əsas səbəb iqtisadi planların müzakirəsindəki gərginliklər və ümumi qənaətin əldə edilməməsi oldu. Yanvar ayına kimi erkən seçkilər baş tuta bilməyəcəyindən, yeni il üçün dövlət büdcəsinin müəyyənləşdirilməsi təxmini olacaq. Kansler ilin sonunadək təxirə salına bilməyən mühüm qanunları Bundestaqda səsverməyə çıxarmaq istəyir. Bu qanunlar arasında vətəndaşların daha çox ümumi gəlir əldə etməsi, pensiyaların sabitləşdirilməsi və sənayenin optimallaşdırılması addımları yer alır.
“İşıqfor”un parçalanması ilə iqtisadiyyatda müəyyən geriləmələrin olacağı ilə bağlı fikirlər mövcuddur. Enerji qiymətinin artımı, miqrasiya, təqaüd dərəcələri, sənaye sahələrinin təkmilləşdirilməsi, Ukrayna müharibəsi gedişində Rusiya təbii qazı kimi mövzular ətrafında koalisiya daxilində hər zaman anlaşılmazlıqlar mövcud olub. “İşıqfor”un zəruri islahatlar keçirməyəcəyi təqdirdə, xristian-demokratların Bundestaqda çoxluq qazanacağı ehtimalı böyükdür.
Müəllif: Nəsibə Mirzəyeva,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi
Paylaş: