Xəbər lenti

 

Azərbaycanın müstəqillik hərəkatında bütün xalq rol oynadığından, bir çoxumuz məcburi diplomata, döyüşçüyə, siyasi liderə çevrilmişdik. Bu mənada hər kəsin həmin keçməkeşli günlərlə bağlı böyük xatirələrinin olması da təəccüblü deyil.

Maraqlıdır ki, o dövrdə çox ciddi siyasi fəaliyyətlərlə məşğul olanların çoxu bu gün gözdən kənarda qalıblar. Onlardan biri də CXP sədri Bədrəddin Quliyevdir. 

Bildirdiyinə görə, Heydər Əliyevlə Elçibəy arasında ilk danışıqları aparan o olub. Məhz bu danışıqlardan sonra Heydər Əliyev Naxçıvanda hakimiyyətə gəlib və ölkəmizin 25 illik tarixinin təməlləri atılıb.

Həmin danışıqlar necə baş tutub, hansı nəticələr əldə olunub, tərəflər bir-birinin qarşısında nə şərtlər qoyub? Niyə Elçibəyin elçiliyini Bədrəddin Quliyev edib? Bütün bu suallara CXP sədrinin Ovqat.com-a verdiyi müsahibədə cavab tapacaqsınız.

Müsahibəni təqdim edirik:

 

-Bədrəddin bəy, son zamanlar Beycan Fərzəliyev Naxçıvanla bağlı xatirələrini Əvəz Zeynallının "Qaynar qazan" layihəsinə verdiyi müsahibədə ictimailəşdirməyə başlayıb. Həmin illərin əsas şahidlərindən biri də sizsiniz. Necə oldu ki, AXC-nin Naxçıvan şöbəsində çox adamın tanımadığı Beycan bəy birdən-birə Muxtar Respublikanın Baş naziri postuna yiyələndi, həm də yerli cəbhəçilərinin təqdimatı ilə?

-Bu suala cavab verməmişdən əvvəl o dövrün tarixinə ekskurs etməkdə fayda var. Əks halda baş verənlərin ortaya çıxma səbəbləri aydınlaşa bilməz. İstərsəniz, suala da məhz bu dövrün ictimai-siyasi vəziyyətinin analiziylə başlayaq.

-Əlbəttə, buyurun.

-Yəqin ki, xatırlayarsınız, 1991-ci ilin 19-21 avqustunda SSRİ-də dövlət çevrilişi olmuşdu. Yanayev və çevrilişdə iştirak edən generallar televiziyaya çıxıb elan etmişdilər ki, SSRİ-də yeni bir sistem qurulur. Həmin vaxt Qorbaçov Soçidə idi və çevriliş şurası onu devirmişdi. Keçmiş sistemə yenidən qayıdış cəhdi olan bu hadisə cəmi 3 gün sürmüşdü. Daha sonra Yeltsinin rəhbərliyi ilə rus demokratları xalqı ayağa qaldıraraq çevriliş cəhdinin qarşısını almışdılar. Bununla da bir çox sovet respublikalarında, o cümlədən Azərbaycanda da Kommunist Partiyalarının hakimiyyəti zəifləmiş və hakimiyyət dəyişikliyi üçün real zəmin yaranmışdı. Çünki SSRİ-nin subyektləri olan respublikalardakı yerli hakimiyyətlər yenidən mürtəce siyasətlərini davam etdirə biləcəkləri sevincinə qapılmış və tələsik qərar verərək çevrilişçiləri açıq şəkildə dəstəkləmişdilər. Yeltçin hakimiyyətə gələndən sonra isə  mürtəce qüvvələr öz siyasi dəstəklərini itirmişdilər. Belə bir zamanda mərhum Heydər Əliyevin cangüdəni  Əmir Hüseynov mənimlə görüşmək istədi və biz AXC-nin Nərimanov heykəlinin yanındakı qərargahında görüşdük. Hazırda həmin binada Yasamal rayon Hərbi Komissarlığı yerləşir.

-Siz o zaman AXC-də nə vəzifə daşıyırdınız və Əmir bəy sizi hardan tanıyırdı? Bilirsiniz, bunu niyə soruşuram? Mən də o zaman AXC-nin Naxçıvan şöbəsi aktivlərindən idim. Açığı, sizi Becan bəy Naxçıvana gəldikdən sonra tanıdım və aramızda yaxın münasibətlər yarandı. Əmir bəy də mənim kimi Naxçıvan fəallarından idi. Onun sizi daha erkən tanıması qəribəmə gəldi.

-Yox, ola bilər ki, siz məni gec tanıyıbsınız. Mən 1989-91-ci illərdə Azərbaycanın müxtəlif bölgələriylə yaxın əlaqələrdə olan Tətil Komitəsinin 3 fəal üzvündən biri idim. Digər üzvlər isə İnqilab Aslan və Şəmsəddin Umudov idi. Sədrimiz Etibar Məmmədov olsa da, yerlərlə əlaqələri biz qururduq. Tətil Komitəsinin fəalları olaraq biz, adətən, 7-ci mikrorayonda rəhmətlik Abbas bəyin evində toplanırdıq. Əmirlə də bu əsnada tanış olmuş və yaxın münasibətlər qurmuşduq.

 

-Bəli, bu barədə Beycan Fərzəliyev də "Qaynar qazan"a verdiyi müsahibəsində bəhs edib. Deyəsən, hətta rəhmətlik Abbas bəy onun bacısı oğluymuş.

-Elədir. Beycan bəyin bacısı oğluydu. Evi də 7-ci mikrorayonda, 5-ci mərtəbədə idi...

-Aydındır. Davam edək, Əmir bəy sizinlə nə yaxşı görüşmək istəmişdi?

-Əmir bəy Heydər Əliyevin mesajını gətirmişdi. Bilirsiniz ki, Heydər Əliyev o vaxt Naxçıvandan Azərbaycan Respublilkası Ali Sovetinə seçilmiş deputat idi və Ayaz Mütəllibovun komandası onun əleyhinə kampaniya aparırdı. Heydər Əliyevin qətiyyətli çıxışları bütün Azərbaycan xalqında ona qarşı rəğbəti artırır və onu demokratik qüvvələrlə eyni platformada birləşdirirdi. Heydər Əliyev də Əmir bəylə bizə mesaj göndərmişdi ki, hazırda ölkədə siyasi böhran yaranıb. Ayaz Mütəllibovun hakimiyyəti onsuz da öz səhvlərinin nəticəsində gedəcək. Ölkədə proseslərin tam nəzarətdən çıxmaması üçün qüvvələri birləşdirib düşünülmüş və məqsədönlü bəzi addımlar atmaq lazımdır. Əks halda, onsuz da həm daxildə, həm xaricdə nüfuzunu itirmiş mövcud hakimiyyətin səbatsızlığı nəticəsində ortaya çıxa biləcək avtoritar boşluq Azərbaycanı təxmini mümkün olmayan çaxnaşmalara, hərc-mərcliyə apara və ermənilər bundan faydalanıb bizə daha böyük zərbələr vura bilər.

-Bu görüş avqustun neçəsində baş tutmuşdu?

-Ayın 21-də. "QKÇP" qiyamı zamanı Heydər Əliyev Moskvada idi. Ayın 21-də Bakıya qayıtmışdı və ilk işi AXCP ilə əlaqə qurmaq olmuşdu.

-Yəni onda hələ “QKÇP”-çilər devrilməmişdi?

-“QKÇP”-çilərə qarşı Moskvada etiraz aksiyaları keçirilirdi. Artıq hiss olunurdu ki, bu çevriliş cəhdi alınmayacaq. Belə bir vəziyyətdə yaranmış siyasi böhranı aradan qaldırmaq lazım idi. Heydər Əliyevin bizdən istəyi Naxçıvanda ona dəstək verib Muxtar Respublikada hakimiyyətə gəlmək idi. Naxçıvanda o zaman parlament faktiki iki hissəyə bölünmüşdü. Deputatların bəziləri Kommuinist Blokunda, bəziləri isə Demokratik Blokda təmsil olunurdular. Heydər Əliyev də “Demblok”un dəstəyini qazanmaq üçün Əbülfəz Elçibəyin razılığını almaq istəyirdi.

-Axı, səhv etmirəmsə, o vaxt Heydər Əliyev hakimiyyətə gəlmək istəmədiyini deyirdi. Elə bir təəssürat yaradılırdı ki, xalq tələb etdiyi üçün Heydər Əliyev milli iradəyə qarşı çıxmamış və hakimiyyətə gəlməyə razılıq vermişdi...

 -Mən sizə faktı danışıram. Hər hansı şərh vermək istəmirəm.

-Təbii, buyurun, davam edin.

-Əmir bəylə danışdıqdan sonra mən Elçibəyin yanına getdim. Almurad bəyin evinə... Beycan Fərzəliyev də orda idi. Əbülfəz bəy mənə dedi ki-ordubadlı Etibar var idi-onunla bərabər gedərsən Heydər Əliyevin yanına, danışıqları bərabər apararsınız.

-Ordubadlı Etibarla?

-Bəli.

-Elçibəyin adından nə danışacaqdınız? Yəni Elçibəy Heydər Əliyevin mesajına nə cavab vermişdi?

 

-Dedi ki, ölkənin indiki vəziyyətində qüvvələri birləşdirməkdən başqa alternativ yoxdur. Heydər Əliyevə deyərsiniz ki, mən onun Naxçıvanda hakimiyyətə gəlməsinə dəstək verərəm. Amma bir şərtlə: Beycan Fərzəliyevi Naxçıvanın Baş naziri təyin etsin.

-Yeganə şərt bu idi?

-Başqa şərtlər də var idi. Bunlar texniki xarakterli mülahizələr idi. Kadr dəyişikliyi ilə bağlı başlıca şərt Beycan bəyin Baş nazir təyin olunmasıydı. Elçibəy bizə demişdi ki, yəqin Heydər Əliyev Kombloku bəhanə gətirəcək. Onların görüşünü almadan cavab verə bilməyəcəyini deyəcək. Siz də ona deyərsiniz ki, indiki zamanda bundan başqa alternativ yoxdur.

Elçibəyin fikrini alandan sonra biz yenidən Əmir bəylə görüşdük. O da bizi Heydər Əliyevin yanına apardı. Heydər Əliyev onda qardaşı Cəlal Əliyevin evində qalırdı. Lermontov küçəsində bir binada, 6-cı mərtəbə, sağ qapıydı. Liftlə qalxdıq. Mənzilə daxil olanda gördük ki, Heydər Əliyev də bizi gözləyir. Mən, Əmir, ordubadlı Etibar – üçümüz mənzilə daxil olduq və Heydər Əliyevlə danışıqlar apardıq. Elçibəy yanılmamışdı. Heydər Əliyev, həqiqətən də Beycan Fərzəliyev şərtinə “situasiyaya baxarıq” cavabını verdi. Dedi ki, Naxçıvanda vəziyyət gərgindir, birdən-birə kadr dəyişikliyinə getmək təhülkəli ola bilər. Dedim ki, bəyin fikri qətidir və bizə özünün “yol xəritəsini” də verdi. Dedi ki, ilk növbədə Naxçıvan Ali Sovetinin iclası çağırılmalı, Heydər Əliyev sədr seçilməlidir. Naxçıvanın adındakı “Sovet Sosialist” sözü götürülməli, daha sonra mövcud hökumət buraxılmalı və Beycan Fərzəliyevin rəhbərliyi altında yeni kabinet qurulmalıdır. Kommunist Partiyası ləğv olunmalıdır. Heydər Əliyev dedi ki, mən də bu təkliflə razıyam. Amma Elçibəy öz sözünə əməl edəcəkmi? Sonra hər hansı sürprizlərin yaşanmayacağının qarantiyası nədir? Cavab verdik ki, bizim missiyamız söz aparıb gətirməkdir. Biz elçiyik. Bu detalları artıq özünüz söhbət edərsiniz.

Qısası, ümumi razılıq əldə edildi və avqustun 27-də Naxçıvanda Ali Sovetin sessiyası çağrıldı. Ali Sovetin sədri Əkbər Əliyev vəzifəsindən uzaqlaşdırıldı. O vaxtdan sentyabrın 3-nə qədər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsi boş qaldı. Sədrin səlahiyyətlərini isə Rəşid Həsənov icra etdi. Sentaybrın 3-də isə növbəti sessiya öz işinə başladı. İstər Demblok, istərsə də Komblok Heydər Əliyevə səs verdi. Beləcə Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsinə seçildi. Sessiyanın ikinci mərhələsində isə hökumətin işinə baxıldı. Ən ciddi problem də bu zaman yarandı. Komblok Feycan Fərzəliyevin Baş nazir seçilməsinə razı deyildi. Heydər Əliyevin və Demblokun ciddi israrları nəticəsində Beycan bəy də Baş nazir vəzifəsinə təyin olundu. Kombloku razı salmaq üçün Beycan bəyin iki müavini onlardan seçildi. Biri Məmməd Abbasov, digəri isə Ələsgər Sadıqov oldu.

-Beycan bəydən əvvəl Baş nazir kim idi?

-Mirismayıl İsmayılov idi.

-Heydər Əliyevin bu kadr islahatlarına və hakimiyyətə gəlməsinə Moksvanın təpkisi necə oldu?

-Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildikdən sonra həm Bakıdan, həm də Moskvadan onun yanına nümayəndələr gəlmişdi.  Səhv etmirəmsə, 13 nəfərlik nümayəndə heyəti idi. Onlar təlaş içində idilər. Heydər Əliyevlə danışanda da bu təlaş hiss olunurdu. Bəziləri hətta Heydər Əliyevin qarşısında fərağat komandasında dayanmış kimi idilər.

-Moskvadan gələnlər kimlər idi?

-Onların hər birinin adı mənim arxivimdə var. Bir gün lazım olsa, adlarını da sizə açıqlayaram. İndi sadəcə bunu deyə bilərəm ki, gələnlərin əksəriyyəti generallar idi.

-Yəni Moskva bu dəyişikliyə hərbi-təhülkəsizlik məsələsi kimi baxırdı?

-Bəli. Heydər Əliyev o zaman həm yerli kommunistlərin, həm demokratik qüvvələrin, həm də geniş xalq kütləsinin dəstəyini alaraq hakimiyyətə gəlmişdi. Ona nə Moskva, nə də Bakı təsir edə bilərdi.

-Bayaq qeyd etdiyim kimi, siz də Naxçıvana o zaman Beycan Fərzəliyevin nümayəndəsi kimi gəlmişdiniz. O zaman hansı struktur sizə tapşırılmışdı?

-Mənə Baş nazirin xüsusi nümayəndəsi kimi Türkiyəylə Azərbaycan arasında açılacağı gözlənilən Dilucu körpüsünün tikintisinə rəhbərlik etmək həvalə edilmişdi. Mənim rəhbərliyim altında körpüyə qədər yollar çəkildi, müvəqqəti körpü salındı. Avtomobil yoluna parelel olaraq, həm də dəmir yolu çəkmək istəyirdik.

-Yeri gəlmişkən, bu yaxınlarda Qars vilayətinin sabiq əmniyyət müdiri, Heydər Əliyevin dostu Osman Gezekerdən bir müsahibə almışdım. Onun dediyinə görə, həmin körpü Moskvada Heydər Əliyevlə Türkiyə rəsmiləri arasındakı danışıqlarda  əldə olunan razılığa əsasən salınıb. Doğrusunu desəm, mənim üçün bu məqam çox qaranlıq qaldı. Axı, o zaman faktiki olaraq Heydər Əliyev heç bir rəsmi status daşımırdı. Türk rəsmiləri niyə onunla görüşməli idilər? Üstəlik, Moskvada.

-Osman Gezekeri yaxşı tanıyıram. Dilucu körpüsünün inşaatında dəfələrlə qarşılaşmışıq. Həqiqətən də onun istər erməni hücumlarına qarşı mübarizədə, istərsə də Heydər Əliyevin mühafizəsində ciddi rolları olub. Bir çox hadisələri şəxsən yaşayıb və bu mənada ciddi informasiya mənbəyidir. Amma bəzi detalları bilməyə və ya qarışdıra bilər. Çünki üzərindən uzun zaman keçib. Mənim dəqiq bildiyimə görə, həqiqətən də Türkiyə və SSRİ arasında bir razılaşma əldə olunmuşdu. Müqaviləni Ankara tərəfindən o zamankı Türkiyə prezidenti mərhum Turqut Özal, SSRİ tərəfindən isə Qorbaçov imzalanmışdı. Körpü də bu müqaviləyə əsasən tikilirdi. Ola bilər ki, sonrakı zamanlarda Türkiyə rəsmiləri ilə Heydər Əliyevin də bu barədə hansısa görüşləri olub. Gezeker bəy də bunu nəzərdə tutur. Heydər  Əliyev Naxçıvanda hakimiyyətə gəlməmişdən qabaq da bu körpü üzərində işlər gedirdi. Amma ləngidilirdi. Heydər Əliyevin dövründə isə bu iş sürətləndirildi və qısa müddət ərzində müvəqqəti körpü işə başladı. Blokada vəziyyətində yaşayan Naxçıvanın bu körpüyə böyük ehtiyacı var idi. Böyük siyasi təcrübəyə malik Heydər Əliyev də digərlərindən fərqli olaraq bu ehtiyacı daha aydın hiss edir və konkret addımlar atırdı. Hətta bizdən qabaq Azərbaycan Nazirlər Kabinetinin tikinti şöbəsinin müdiri Xudaverdi Hənifəyevin bu işdə xüsusi əməyi olmuşdu, həqiqət naminə bunu da etiraf etmək lazımdır.

-Məni bir məsələ maraqlandırır. Nə oldu ki, hər şey öz axarında getdiyi bir zamanda Beycan Fərzəliyevə qarşı qiyam baş verdi?

(ardı var)

Söhbətləşdi: Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 5 228          Tarix: 14-08-2017, 10:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma