Xəbər lenti
Dünən, 19:25

 

Dəyərli ziyalımız, professor Saleh Məmmədovun bir neçə gün öncə qələmə aldığı “İqtisadiyyatımızın iki ən böyük problemi: İqtisadi azadlıq və maliyyə çatışmazlığı...” sərlövhəli məqaləsini oxudum. Mövcud iqtisadi böhran şəraitində Azərbaycan hakimiyyətinin yürütdüyü maliyyə siyasətini tənqid atəşinə tutan professorun fikrincə, hökumət nə lazım deyilsə, onu edir və nəticədə ölkə iqtisadiyyatı son yüz ildə rastlanmayan sürətlə tənəzzülə yuvarlanır:

“Ölkədə istehsal olunan ÜDM 7 ayda daha 1%, sənaye məhsulunun həcmi 5,4%, əsas kapitala yönəldilən vəsaitlərin həcmi 0,3%, bitkiçilik məhsulları 0,8%Əhalinin əmanətləri 11,6%, kredit qoyuluşlarının həcmi 24,7%, ixrac 14,5%, idxal 28,6% azalmışdır. Hökümət dərin böhrandan çıxmaq üçün məntiqlə nə iş görülməlidirsə, tamamilə onun əksini edir: iqtisadiyyat daralmadan-pul çatışmazlığından boğulduğu halda, kranı bağlayıb, qurumaqda olan bitkini daha da qurudur, dövriyyədəki pulu sandıqlara çəkib doldurur, kreditləri daha da və sürətlə azaldır, cüzi nəfəs üçün insanlarda olan qalan pulları vergilərin artırılması, mərkəzləşdirilmiş qiymət vasitəsilə yığır, büdcədən maliyyələşməni azaldır, investisiyaları azaldır, xarici kapitalın girişini məhdudlaşdırır ....Belə olan halda iqtisadiyyat dərin böhrandan necə çıxa bilər? Gözümüzün qabağında bir bitkinin yetişdirilməsi üçün bəlli şərtlər lazımdı, suyu, havası, torpağı, dərmanı və s. Sən bunun suyunu, dərmanını kəsirsənsə, bu bitki necə yetişə bilər?”

Göründüyü kimi, dəyərli alim yalnız hökumətin mövcud iqtisadi siyasətindəki səhvləri qeyd etməklə qalmır, həm də böhrandan çıxış yollarını da göstərir. Onun fikrincə, başlıca çıxış yollarından biri ölkə iqtisadiyyatına canlanma gətirəcək investisiya yatırımına getməkdir:

“MALİYYƏ ÇATIŞMAZLIĞI iqtisadiyyatın ən böyük problemi olmaqla, Azərbaycan şəraitində ən zəif təşkil olunan sahədi. Hər bir hökümətin iş səmərəsi iqtisadiyyatın maliyyə mənbələri ilə təmin olunması ilə ölçülür... Məsələn, bankların bağlanması və məhdudlaşdırılması əvəzinə resursların səfərbərlik alətləri kimi sayının və coğrafiyasının genişləndirilməsi, hər bir kənd, qəsəbə üçün bank şöbələrinin və avtobankların qurulması, əmanətlərin həcminin stimullaşdırılması və ciddi surətdə artırılması (xüsusilə hökümət əmanətləri hesabına), büdcədən investisiyaların payının artırılması (ən azı büdcənin kəsirinin artırılması hesabına), rezerv normalarının, uçot dərəcəsinin azaldılması, qiymətli kağızların (xüsusilə özəl sektorun) mərkəzi bank tərəfindən kütləvi satın alınması və s. tədbirlərlə dövriyyədə olan pulun həcminin iqtisadi aktivliyi təmin edə biləcək səviyyədə artırılması, dövlətin bütün resurslarını (Mərkəzi bankda, dövlət şirkətlərində, ekstra ehtiyyatlarda və s) bu işə cəlb etməli, bununla bərabər, xarici kapitalın hər cür üsulla ölkəyə axınına şərait yaradılmalıdı”.

 

Maraqlıdır ki, Saleh Məmmədovun bu gün üzərində xüsusilə dayandığı və ürək yanğısıyla öz narahatlığını dilə gətirdiyi bu siyasət birinci və ikinci devalivasiyaya qədər izlənilən yol idi. Bəzi mütəxəssislərin fikrincə, inzibati üsullarla sabit məzənnə siyasətini sürdürən hökumət bu səhvini ikinci böyük səhvlə kompensasiya etməyə çalışdı, birdən-birə üzən məzənnəyə keçdi. Beləcə, iki devalivasiyada 100%-dən artıq dəyərini itirən Azərbaycan manatı da etibarını itirdi, nəticədə, yerli və xarici iş adamları nəinki işlərini böyütməkdə maraqlı olmadı, əksinə ciddi pul kütləsi və iş adamları ölkəni tərk etmək məcburiyyətində qaldılar. Hökumətin bu yanlış siyasətinin qurbanı isə nədənsə maliyyə siyasətini müəyyənləşdirən qurumlar yox, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev oldu. Prinsip etibarilə, heç bir rəsmi siyasi vəzifə tutmayan sabiq bankir iş adamlarına külli miqdarda kredit verməkdə günahlandırıldı. İddia edildi ki, guya, bu kreditlərin elə verildiyi anda problemli olduğu bilinirdi. Halbuki, məlum devalivasiyalara qədər iş adamlarına verilən kredit borclarının vəd olunan zamanda ödənildiyi də sirr deyil. Üstəlik, Azərbaycanın ən savadlı maliyyəçisi Saleh Məmmədovun da təsbit etdiyi kimi, sağlam iqtisadiyyatın qurulması və işləməsi üçü həyata keçiriləcək ən doğru yol özəl iqtisadi təşəbbüslərin kreditləşdirilməsidir. Və ən əsası, istənilən bankın başlıca missiyaların biri də elə kredit verməkdir. Belə çıxır ki, Beynəlxalq Bankın sabiq rəhbəri öz vəzifə borcunu yerinə yetirdiyinə görə, həbsə atılıb.

 

Cahangir Hacıyevin həbsindən sonra “problemli kreditlərin sağlamlaşdırılması” tədbirləri adı altında həyata keçirilən siyasətlər də əslində sabiq bankirin səhv addım atmadığının göstəricisidir. Belə ki, onun etirafına görə, sözügedən bank özəl təşəbbüslərə cəmi 2 milyard dollar kredit ayırmışdı. Problemli kreditlərin sağlamlaşdırılması üçün isə hardasa 12 milyard sərf olunmuşdu. Yəni həmin kreditlərin özündən dəfələrlə artıq vəsait.

Hökumət sağlamlaşdırma siyasətini problemi kreditləri diriltmək və daha sonra özəlləşdirməyə çıxarmaqla izah edir. Belə çıxır ki, Cahangir Hacıyevin ölkə iqtisadiyyatının inkişafına kredit yönəltməsi və dolayısıyla bir çox iş sahələrinin təməlini atması heç də səhv metod deyilmiş. Sadəcə həmin sektorların işləyə bilməsi üçün daha artıq kredit ayrılmasına ehtiyac var imiş. Əks halda, ölünü sağlamlaşdırmağın məntiqini anlamaq mümkün deyil. Bir halda ki üzərində çalışdığın nəsnə ölüdür, ona dünyanın pulunu xərcləsən dirilməyəcək. Ölünün diriləcəyinə inanmaq, “Ölülər” dramının baş qəhramanı şeyxnəsrullahlıq etmək deməkdir. Odur ki, Azərbaycanın maliyyə qurumları ya özlərinin fiskal Şeyx Nəsrullah olduqlarını, ya da Cahangir Hacıyevin təməllərini atdığı zəruri işi davam etdirdiklərini boyunlarına almalıdır. Bu vəziyyətdə üçüncü bir alternativ görünmür.

Qeyd edək ki, ölkə başçısı cənab İlham Əliyevin son Qax müşavirəsi də Azərbaycan maliyyə qurumlarının Cahangir Hacıyevin başlatdığı aqrar sahənin kreditləşdirilməsi işini davam etdirməkdə maraqlı olduğundan xəbər verirdi. Nədən ki, cənab Prezident müşavirədəki çıxışında deyirdi:

“2004-cü ildə mənim təşəbbüsümlə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilmişdir və bu proqramın ölkə tarixində çox böyük rolu vardır. İndi təsəvvür edin, əgər o proqram qəbul edilməsəydi, bizim bölgələrimiz hansı problemlərlə üzləşə bilərdi. Məhz bu birinci proqramın, ondan sonra ikinci, üçüncü proqramların qəbulu nəticəsində bölgələr dirçəldi, inkişaf etdi, böyük investisiya təmin edildi. 2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı hesab edirəm ki, tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq”.

Ölkə başçısı həmin çıxışında 2004-cü ildə başladılan invesitisiya layihələrinin daha çox rayonların infrastrukturunun formalaşdırılmasına yönəldiyini bildirsə də, regionlarda bir çox iş yerlərinin açılmasına böyük həcmdə kapital yatırıldığını da gizlətmir: “Bütövlükdə 2004-cü ildən bu günə qədər 1 milyon yarım iş yeri açılmışdır ki, bunun böyük əksəriyyəti daimi iş yeridir”.

 

Məlum olduğu kimi Cahangir Hacıyevin həbsinə qədər ölkənin ən böyük maliyyə təşkilatı Beynəlxalq Bank idi. Ekspertlərin bildirdiyinə görə, ABB 2014-cü ilə qədər  maliyyə bazarında 40 faiz paya sahib idi. Ölkə üzrə kredit qoyuluşlarının üçdə biri, depozit qoyuluşlarının isə dörddə biri Beynəlxalq Bankın payına düşürdü. Bankın 2014-cü ilin hesabatından məlum olurdu ki, ümumi kredit portfeli 8 milyard manatdan çox təşkil edirdi. Onun 7 milyarddan çoxu koperativ, yəni hüquqi şəxslərə verilən kreditlərdir ki, bu da ümumi portfelin 90 faizindən çox idi.

İnfrastruktur layihələrlə yanaşı, müxtəlif iqtisadi sektorların yaranması üçün fiziki şəxslərə də ən çox pul ayıran təşkilat Cahangir Hacıyevin rəhbərlik etdiyi ABB olub. Onun maliyyələşdirdiyi sektorlardan biri də aqrar təşəbbüslərdir. Sabiq bank işçilərinin etirafına görə, ABB aqrar sahəyə 200 milyon manatdan çox kredit ayırmışdı. Cahangir Hacıyevin həbsindən sonra sağlamlaşdırma tədbirləri adı altında həmin sektora əlavə xeyli miqdarda pul yönəldilmiş və ölkənin kənd təsərrüfatı inkişaf etdirilmişdir. Təsadüfi deyil ki, bu məqam Prezidentin Qax müşavirəsində dilə gətirdiyi rəsmi statistikada da öz əksini tapıb: “2015-ci ildə cəmi 17 min hektarda pambıq əkilirdisə, bu il əkin sahələri 136 min hektara çatdı, cəmi iki il ərzində təxminən 10 dəfə artdı. İstehsal da buna uyğun şəkildə artır və artacaq. Biz indi böyük ixrac imkanlarımızla xarici bazarlara çıxırıq. Nəinki xam pambıq, mahlıc, eyni zamanda, Mingəçevirdə yaranmaqda olan böyük yüngül sənaye kompleksinin fəaliyyətə başlaması nəticəsində biz hazır məhsul ixrac edəcəyik. Digər sahələrdə, misal üçün, fındıqçılıqda, baxmayaraq ki, fındıqçılıq müstəqillik dövründə artıb. Tütünçülük, baramaçılıqdan fərqli olaraq fermerlər bu sahəyə maraq göstərmişlər. Çox da olmasa, artım var idi. Ancaq biz bu artımı sürətləndirdik. İki il ərzində 18 min hektarda yeni fındıq bağları salınıb ki, bir neçə ildən sonra onlar bar verəcək”.

 Beynəlxalq Bankın sabiq işçisinin dediyinə görə, onların fəaliyyəti dövründə də aqrar sektorun tədrici inkişafı hədəflənir və keditlər mərhələli şəkildə verilirdi: “Xüsusilə, tütünçülüyün, pambıqçılığın və fındıqçılığın inkişafına kreditlər ayrılmışdı. Hətta fermerlər bankımızdan ilkin olaraq faizsiz avanslar alırdılar-tütün əkmək, yanacaq üçün. Sonra kontraktlar üzrə onlara kreditin qalığı ödənilirdi. Bu sxem fermerlerə birbaşa verilən faizli kreditlərdən daha güzəştli idi”.

Belə çıxır ki, əslində Cahangir Hacıyevin də aqrar sektora kreditləşdirilməsində tutduğu mövqe daha səmərəli idi və bu gün əldə olunan nəticələr o dövrdə başladılmış işlərin davamıdır. O halda sual yaranır: Elədirsə, Cahangir Hacıyev niyə məhbəsdədir?

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 952          Tarix: 21-08-2017, 19:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma