Xəbər lenti

 

Mətbuatda dərc olunduqdan bir neçə saat sonra Daxili İşlər Nazirliyi tərəfindən təkzib edilən bir məlumat hələ də gündəmin əsas məsələsi kimi qalmaqdadır. Bəli, söhbət Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri postuna təyinat barədə məlum xəbərdən gedir.

Ovqat.com xəbər verir ki, sosial mediada bu təyinatla bağlı müxtəlif söz-söhbətlər dolaşır. İddialara görə, guya, həmin təyinat həqiqətən də baş verib. Lakin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun ciddi etirazı nəticəsində üzərindən bir neçə saat keçməmiş ləğv olunub.

Bu məlumatın nə dərəcədə həqiqəti əks etdirib-etdirmədiyini, yəqin ki, zaman göstərəcək. Bizi isə həmin iddianın səhihliyinə ayna tutacaq başqa sual maraqlandırır: əcəba, Muxtar Respublika rəhbərliyinin mərkəzi hakimiyyətin bu kimi qərarlarına etiraz etmək səlahiyyəti varmı? Vardırsa, mərkəzi hakimiyyət niyə bu məsələni yerli rəhbərliklə əvvəlcədən razılaşdırmayıb? Yoxdursa, “qərar” Naxçıvan MR Ali Məclis sədrinin kəskin etirazından sonra niyə ləğv edilib?

Suallarımıza cavab axtarmaq üçün həm Naxçıvan Muxtar Respublikasının, həm də Azərbaycan Respublikasının konstitusiyalarına nəzər saldıq. Nə yazıq ki, Naxçıvan MR Daxili İşlər nazirinin kim tərəfindən təyin edilməsi ilə bağlı konkret müddəaya rast gəlmədik (Bəlkə də hüquqşunas olmadığımızdan, əslində mövcud olan bu müddəanı tapıb ortaya çıxara bilmədik. Odur ki, məsələylə bağlı dəyərli hüquqşunaslarımızı dinləmək hər birimiz üçün faydalı olardı).

Bununla belə, hər iki konstitusiyada axtardığımız suala qismən cavab verən maddələr var. Əvvəla, Azərbaycan Respublikası Konstitusiyasının  134-cü maddəsinə görə, “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir”.

Naxçıvan MR Konstitusiyası isə muxtar dövlət olmağının əsaslarını bu cür müəyyənləşdirir: “Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri müəyyən edir”. (Naxçıvan MR Konstitusiyası 1. Maddə, II bənd).

Ali qanunvericilik aktının bu maddəsindən də aydın olur ki, Naxçıvanın indiki statusu beynəlxalq müqavilələr əsasında formalaşıb və onu Azərbaycan hakimiyyətinin istəyi ilə dəyişdirmək olmaz. O halda siyasi status olaraq dövlət adı daşıyan bir regionun faktiki və legitim rəhbərinin razılığını almadan, fikrini soruşmadan Muxtar Respublikaya nazir təyin etmək nə dərəcədə hüquqidir? Bir Muxtar Respublikanın Daxili İşlər naziri onun legitim rəhbərinin razılığı olmadan müəyyənləşdirilirsə, hansı dövlət statusundan söhbət gedə bilər?

Yalnış anlaşılmasın, biz bunları yazarkən, qətiyyən mərkəzi hakimiyyətə qarşı alternativ iradə prinsipini dəstəkləmirik. Əksinə, Azərbaycan Konstitusiyasının 7-ci maddəsinin I bəndinə görə, “demokratik, hüquqi, dünyəvi, unitar respublika” olan dövlətimizin tərkibində həm də “muxtar dövlətin” mövcudluğunu anlamaqda çətinlik çəkirik. Unitarlıq hara, təkibində muxtar dövlətin olması hara?

Bununla belə, yuxarıda qeyd etdiyimiz kimi, Naxçıvanın statusunu beynəlxalq hüquq normalarının tələblərinə əsasən dəyişdirmək mümkün olmadığından burada digər  müddəa müzakirə predmeti ola bilər və  Konstitusiyada təsbit olunan muxtar dövlət statusuyla razılaşmaq hər birimizin, o cümlədən ölkə rəhbərlərinin bir nömrəli vəzifəsidir. Bunun əksini düşünmək qanunun aliliyinə barmaqarası baxmaq olar ki, bu da yenə Əsas Qanunumuzun “hüquqi dövlətçilik” prinsipiylə bir araya sığmır.

Digər tərəfdən, Konstitusiya aktlarında Naxçıvan MR Daxili İşlər nazirinin necə və kim tərəfindən təyinatıyla bağlı konkret müddəalar tapa bilməsək də, buna örnək təşkil edəcək bəzi maddələrlə qarşılaşdıq. Belə maddələrdən biri Naxçıvan MR-ın Nazirlər Kabineti və Baş nazirinin müəyyənləşdirilməsi ilə əlaqədardır.

Naxçıvan MR Konstitusiyasına görə, Muxtar Respublika Ali Məclisinin səlahiyyətinə yerli hökumətin üzvlərini təyin etmək hüququ daxildir:

“Maddə 139. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələlər:

... 4) Naxçıvan Muxtar Respubükası Baş nazirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

5) Naxçıvan Muxtar Respııblikasının Nazirlər Kabineti tərkibinin təsdiqi”

Nəzərə alsaq ki, Naxçıvan MR Daxili İşlər naziri də hökumət üzvlərindən biridir, deməli, onun kimliyinin müəyyənləşdirilməsində yerli hakimiyyət orqanlarının rolu olmalıdır. Yenə Azərbaycan Konstitusiyasında bunun yolları aydın göstərilib:

“Maddə 140. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

  1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.
  2. Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir”.

Göründüyü kimi, həm Naxçıvan Muxtar Respublikası, həm də Azərbaycan Respublikası konstitusiyaları “kiçik torpağın” Daxili İşlər nazirinin müəyyənləşdirilməsində yerli iradənin mütləq nəzərə alınmasını tələb edir. Sözsüz ki, bunu mərkəzi hakimiyyətin siyasi iradəsi də bilməmiş deyil. Məhz bu səbəbdən də sosial şəbəkələrdə yayılan informasiyalar inandırıcı görünmür.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 619          Tarix: 22-08-2017, 17:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma