Qətərlə höcətləşmək krallığa 22 milyard dollara başa gəlib
Dünyanın ən zəngin neft ölkəsi olmasına baxmayaraq, Allahın ərəb toplumuna bəxş etdiyi sərvəti İslam dünyasını qan gölündə boğan məzhəb savaşlarına xərcləyən Səudiyyə Ərəbistanı indi öz hegemonluq davasının ağır nəticələriylə üzləşir.
Ovqat.com dünya mətbuatına istinadən xəbər verir ki, krallığın Mərkəz bankı sayılan Səudiyyə Ərəbistanı Valyuta Agentliyi təkcə son üç il ərzində 250 milyard dollarını itirdiyini və son 6 ilin ən aşağı səviyyəsinə düşdüyünü etiraf edib. Ekspertlərin fikrincə, bu çöküşün miqyası daha genişdir, səbəb isə Qətər blokadasının və Yəmən müharibəsinin ölkə büdcəsinə gətirdiyi ağır maliyyə yükündən qaynaqlanır.
“Middle East Eye”nin əldə etdiyi məlumatlar ölkənin pul ehtiyatlarının 14 ay ərzində dayanmadan azaldığını və 2017-ci ilin iyul ayının sonunda 1.91 trilyon Səudiyyə riyalına (509 milyard dollar) qədər düşdüyünü göstərir. Nəşrin iddiasına görə, krallığın maliyyə gücü bu minvalla bir əvvəlki ilə nisbətən, 12,4% azalıb.
Rəsmi dairələr bu həcmdə olmasa belə, ciddi maliyyə itkisi ilə üzləşdiklərini etiraf edirlər. Statistik məlumatlara görə, Səudiyyə Ərəbistanı Valyuta Agentliyi, 1.91 trilyon deyil, 932 milyard Səudiyyə riyalı (249 milyard dollar) itirib. Agentlik bu itkini xarici investisiya məqsədli qiymətli kağızların 10% ucuzlaşmasıyla izah edir. Qurumun yayımladığı hesabatda neft qiymətlərinin azalmasından və Yəməndə baş verən müharibənin maddi cəhətdən ölkəyə necə təsir etdiyindən isə danışılmır.
Londonda yaşayan iqtisadçı ekspert Nihad İsmayıl çöküş faktını bir neçə amillə əsaslandırır. Onun fikrincə, tənəzzülün başlıca səbəbi neft qiymətlərindəki ucuzlaşmadır. Bununla belə, ekspert Yəmən müharibəsinin və Qətərə tətbiq olunan embarqonun da bu çöküşdə mühüm rol oynadığına inanır. O, digər səbəb kimi isə Körfəz bölgəsindəki geosiyasi gərginliyi göstərir:
"Yalnız Yəməndəki müharibə hər ay Səudiyyə xəzinəsindən 600 milyon dollar çıxmasına səbəb olur. Bu vəziyyət ölkə iqtisadiyyatı üzərində mənfi təsirlər buraxır”.
Bloomberg xəbər agentliyi də Yaxın Şərqdə hegemonluq savaşının Səudiyyə Ərəbistanını tənəzzülə sürüklədiyinə inanır. Agentliyin fikrincə, təkcə iyun ayında başlayan Qətər gərginliyi Səudiyyə Ərəbistanının indiyədək 22 milyard dollar itirməsinə səbəb olub.
Paylaş: