Azərbaycana qarşı qaralama kampaniyası davam edir. OCCRP-nin hazırladığı hesabatda Azərbaycandan guya əcnəbi siyasilər və media orqanları əməkdaşlarına rüşvət vermək üçün 3 milyard dolların çıxarıldığı barədə dezinformasiyalar (hər halda rəsmilərimiz belə iddia edirlər) səngiməmiş, yeni xəbərlər yayıldı. Bolqarıstan mətbuatının yaydığı xəbərlərə görə, islamçı terrorçuların silahla təchiz olunmasında Azərbaycan da yer alırmış.
Ovqat.com olaraq, bu xəbərin səhihliyinə inanmasaq da, oxucuları məlumatlandırmaq adına informasiyanı kiçik ixtisarlarla təqdim edirik:
““Amerika, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Bolqarıstan terrorçu qruplara silah göndərməkdə əməkdaşlıq ediblər”.
Xəbər verilir ki, iddianı Bolqarıstanın ən çox tirajlı qəzetlərindən biri irəli sürüb.
İddiaya görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Şərqi Avropada ağır silahlar istehsal edib və onları Azərbaycana aid “Silk Way” Hava Yolları ilə İraq və Suriyadakı silahlı terrorçulara göndərib.
Bildirilir ki, bu silah transferində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı bəzi ölkələr də yer alıb. Xüsusilə Amerika ordusunun bu işdə əli olduğu qeyd olunur. Həmin silahlar Yaxın Şərq ölkələriylə yanaşı, Afrikadakı silahlı qruplara da göndərilib.
Ortaya çıxarılan dəlillər Bolqarıstan Xarici İşlər Nazirliyi ilə Azərbaycanın Sofiya səfirliyi arasındakı yazışmaları və bu silahların gətirilməsinə dair diplomatik icazələri və silah razılaşmalarını əhatə edir.
“Silk Way Airline” diplomatik uçuş sifarişlərini özəl şirkətlərdən, ABŞ, Balkan ölkələri, İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki silah istehsalçılarından alırmış. Əfqanıstandakı alman və Danimarka, İraqdakı İsveç hərbi qüvvələri və Amerika Xüsusi Hərəkat komandirləri (USSOCOM) bu hava şirkətinin xidmət etdiyi digər ölkələr və ünvanlar arasında imişlər. Diplomatik uçuşlar pul ödəmədən və araşdırmalardan azad tutulublar. Bu da “Silk Way” Hava yolu şirkətinin müftə uçuşuna və qanuni araşdırmadan keçmədən silahları dünyanın fərqli yerlərinə daşımasına imkan verirmiş.
Halbuki, sərnişin təyyarəsi ilə təhlükəli yüklərin daşınması Birləşmiş Millətlər Təşkilatının təhlükəli malların daşınması üçün hava nəqliyyat qanunları ilə qadağan edilir.
Qeyd edək ki, xəbər Bolqarıstanın ən məşhur qəzetlərindən olan “Terod” qəzeti tərəfindən yayılıb və məlumatda son üç ildə ən azı 350 uçuş keçirildiyi bildirilir.
Sənədlərdən aydın olur ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Bolqarıstan və Avropanın müxtəlif ölkələrindəki səfirliklərə bəzi əmrlər göndərib. Həmin əmrlərə əsasən, “Silk Way Airways”-in uçuşlarında diplomatik şəffaflıq təmin edilib.
Əslində isə səfirliklər, adətən, Xarici İşlər Nazirliyinə bəzi diplomatik əhəmiyyət daşıyan əşyalar və sənədlər göndərirlər. Nazirliyin həmin silahları təhlükəlilik kateqoriyasından azad etmək üçün aviasiya sahəsində regional hakimiyyət orqanlarının imzalarını göndərdiyi iddia olunur.
Məlumata görə, diplomatik şəffaflıq üçün tələblər yalnız təhlükəli mallar, ağır silahlar və döyüş sursatı haqqında xəbərləri əhatə edir. Buna baxmayaraq bir çox ölkənin səlahiyyətli orqanları, xüsusilə Bolqarıstan, Serbiya, Rumıniya, Çexiya, Macarıstan, Slovakiya, Polşa, Türkiyə, Almaniya, Birləşmiş Krallıq, Yunanıstan vs ... bu mövzuya heç bir şəkildə diqqət etməmiş və diplomatik uçuşlara və silahların sərnişin təyyarələriylə nəql edilməsinə icazə vermişdir.
Araşdırmanı aparan müəllif qeyd edir: "Səudiyyə Ərəbistanı bu silahları özü üçün satın almadı. Riyad yalnız Qərb istehsalı olan silahlardan istifadə edir. Göndərilən silahlar isə Suriya və Yəməndəki terrorçu qruplara çatdırılıb."
Bəzi sənədlərdə silah göndərən şirkətin Amerika Purple Shovel, alıcı tərəfin isə Azərbaycan Müdafiə Nazirliyi olduğu göstərilir. Lakin dəlillər göstərir ki, təyyarə İncirlik hava bazasına enib və heç vaxt Azərbaycan Müdafiə Nazirliyinə getməyib. Amerikalı şirkətlər 3 il ərzində 1 milyard ABŞ dolları məbləğində silah göndəriblər. Bütün bu hərəkətlər üçün isə “Silk Way Airlines” şirkətindən faydalanılıb və hətta bəzi hallarda Azərbaycan Hava Qüvvələrinin adından da silah transferləri üçün istifadə olunub”.
Paylaş: