İran parlamenti Yaxın Şərqdə “Amerika terrorizmi” ilə mübarizə haqqında qanun layihəsini qəbul edib.
Publika.az “Fars” informasiya agentliyinə istinadən xəbər verir ki, sənədə parlamentin 212 üzvü səs verib.
“Bu səsvermə Amerikanın hərəkətləri ilə mübarizədə İran xalqının qətiyyətini sübut edir. Amerika administrasiyası mesajımızı aydın anlamalıdır ki, İslam Respublikasına qarşı istənilən hərəkətə xalq və parlament tərəfindən qəzəblə cavab veriləcək”, - parlamentin spikeri Əli Laricani səsvermədən sonra bildirib.
Tehranın bu addımı ABŞ Senatının iyunun 15-də qəbul etdiyi qərara cavab olub. Senat üzvlərinin əksəriyyəti Rusiya və İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinə səs veriblər. Sənəd hələ Nümayəndələr Palatasının müzakirəsindən keçməyib və prezident tərəfindən imzalanmayıb.
Lakin Ağ Ev yanında qanunverici fəaliyyət məsələləri üzrə direktor Mark Şort qeyd edib ki, ABŞ administrasiyası təklif edilən sanksiyaları tamamilə dəstəkləyir.
İran ali dini liderinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Əli Əkbər Vilayəti Senatın qərarını nüvə proqramı üzrə Birgə Hərtərəfli İş Planının (SVPD) açıq pozuntusu adlandırıb.
Qeyd edək ki, Tehran və beynəlxalq vasitəçilər arasında çoxillik danışıqlardan sonra 2015-ci il iyulun 14-də İranın nüvə proqramına dair razılaşma imzalanıb. Razılaşma BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı və ABŞ İrana qarşı tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyalarının ləğvini nəzərdə tuturdu. Plan 2016-cı il yanvarın 16-da qüvvəyə minib.
Paylaş: