ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Kərkükdə İraq qüvvələri ilə peşmərgələr arasında çıxan qarşıdurma barədə açıqlama verib.
Ovqat.com xəbər verir ki, Pentaqonun Yaxın Şərq masası üzrə sözçüsü mayor Adrian Rankine Gallovay bütün tərəfləri gərginliyi artıran addımlardan uzaq dayanmağa çağırıb: “Biz hansı tərəf olursa olsun, şiddətdən istifadə edilməsinə qarşıyıq. Tərəflərə İŞİD-lə mübarizədən yayındıracaq və İraqın sabitliyinin pozacaq addımlara qarşı xəbərdarlıq edirik. Kürdüstan bölgəsi rəhbərliyinin sözügedən problemləri İraq Konstitusiyası çərçivəsində həll etməsi üçün ən yaxşı variant, dialoqdur".
ABŞ-ın İŞİD-lə mübarizəyə önəm verdiyini ifadə edən mayor, bölgənin bütün aktyorlarına da bu istiqamətə diqqət ayırmağı məsləhət görüb.
Qeyd edək ki, bu gecə yaranmış qarşıdurma nəticəsində Kərkükdə ən azı 12 Həşdi Şabi üzvü öldürülüb, İraq Silahlı Qüvvələrinə aid 7 hərbi texnika sıradan çıxarılıb.
Peşmərgə tərəfindən nə qədər itki verildiyi barədə isə hələ ki, heç bir açıqlama yoxdur.
Pentaqon nə qədər tərəfləri sülhə çağırsa da, insidenti İŞİD-lə mübarizədən yayındırma kimi qiymətləndirməsiylə problemin peşmərgələrdən qaynaqlandığına işarə vurmaqdadır. Mayor Gallovayın Şimali İraq Kürd hakimiyyətini Konstitusiya çərçivəsində problemi həll etməyə çağırması da kimin haqlı, kimin haqsız olduğu barədə mesaj ehtiva edir.
Paylaş: