“Sükan arxasında danışmağa görə inzibati protokolun tətbiqi ağılasığmazdır. Əgər qanunvericiliyə belə bir müddəa əlavə olunarsa ondan sui istifadə halları geniş vüsət alacaq”.
Ovqat.com xəbər verir ki, bunu iqtisadçı ekspert Elçin Qurbanov əməkdaşımızla söhbətində bildirib.
Ekspertin fikincə, bu qayda DYP əməkdaşları üçün yeni rüşvət mənbəyi yaranacaq:
“Mən sükan arxasında mobil telefondan istifadənin əleyhinəyəm. Sükan arxasında mobil telefondan istifadə etmək qəzalardan başqa günü-gündən sıxlaşmaqda olan yollardakı hərəkətə ciddi mane olur. Amma çox zaman sükan arxasında sərnişinlə söhbət etmək bütün bunların əksinə olaraq sürücünün yuxuya dalmasını əngəlləyir. Əgər danışıq sürücünü özündən çıxarmırsa, xaotik hərəkətlərə yol vermirsə, söhbət etməyin avtomobili idarə etməyə nə kimi təhlükəli təsiri ola bilər, bu anlaşılmazdır.
Sükan arxasında əsnəmək, mahnı oxumaq, sonradan isə nəfəs almaq qadağan ediləcək. Belə nəticəyə gəlmək olar ki, DYP – xidmət avtomobilini idarə edən polis əməkdaşının xüsusi danışıq qurğusundan avtomobili idarə edərkən istifadə etməsi də qadağan edilməlidir. Çünki hərəkətdə olan polis avtomobilinin sürücüsü sükanı buraxıb səsgücləndiricini əlinə götürüb danışır və bu zaman bütün diqqəti yalnız bir avtomaşına yönəlir. Bu səbəbdən də ən qorxunc qəza şəraitini DYP əməkdaşlarının özləri yaradır.
Bu sahədə onsuz da kifayət qədər narazılığın olduğunu bildirən Elçin Qurbanov avtomobillərin nömrə nişanlarının xətli və ya xətsiz olması barədə cərimə tədbirləri də günün mövzusuna çevrilib: “Bir halda ki, nömrə nişanları DYP tərəfindən verilir, ona vətəndaşın müdaxilə etməsi nə qədər düzdür?-bax bu da anlaşılmazdır. Müvafiq struktur vahidlərinin yaradılması istisna edilməklə heç bir dövlət orqanı öz tərkibində sərbəst balansa malik olan təşkilat və ya kommersiya qurumu yarada bilməz. Baş Dövlət Yol Polisi idarəsi isə DİN-nin bir struktur vahidi olmasına baxmayaraq, əvvəlcə “Siqnal”MMC, daha sonradan isə "Siqnal" İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi adı altında qoşma hüquqi şəxs yaratmışdır; hansı ki, uzun müddətdir heç bir hüquq normalarına əhəmiyyət vermir. Belə qeydiyyatın məqsədi, yəqin ki, vergidən yayınmaqdır. Növünə görə dövlət mülkiyyəti kimi qeydiyyatdan keçmiş bu idarənin yalnız bir məqsədi var: o da qanuni və ya qeyri-qanuni şəkildə avtomobilləri cərimə meydançasına daşıyıb, 20 manat daşıma haqqı almaq. Hərəkətə mane olmayan, heç bir dövlət əhəmiyyətli tədbirin keçirilməsini əngəlləməyən, qanunla daşınması nəzərdə tutulmayan yerlərdə park edilən avtomobillərə yerində inzibati protokol tərtib etmək əvəzinə cərimə meydançasına apardıqdan sonra bu işi görürlər. Əldə edilən məlumatlara görə, hər daşınan avtomobilə görə evakuator sürücüsü 3 manat mükafat alır. Ona görə də bu ayağıyalın başıaçıqlar şəhəngşahın əmrlərini canla başla yerinə yetirirlər. Görün, iş hansı yerə çatıb ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən quraşdırılmış parkomatların qanunsuz olduğunu bəhanə gətirib qanuni park üçün ödəniş etmiş avtomobilləri cərimə dayanacaqlarına aparırlar. Belə çıxır ki, harada park etmək lazım olduğunu Bakı Şəhər İcra hakimiyyətindən daha yaxşı bilən bu mutant təşkilat heç bir dövlət orqanını tanımaq istəmir, amma qanunsuz quraşdırılmış parkomatları deyil, avtomobillləri daşımağa davam edir.
Görün, vətəndaşlar nə qədər əziyyət çəkir. Heç kəs başa düşə bilmir ki, hökumət bunlardan hansıdır.
Məsələnin ən ciddi tərəfi odur ki, ölkəyə gələn qonaqlar və xarici vətəndaşlar bu özbaşınalıqları görür. Bütün bunlar isə ölkənin beynəlxalq imicini heçə endirir. Ölkədə insan haqqlarının vəziyyəti barədə məruzələrdə belə bürokratik ünsürlərin yarıtmaz fəaliyyəti üzündən ölkəmiz tənqid obyektinə çevrilir. Özü də bütün tənqidlər birbaşa prezidentin ünvanına yönəlir. Bu xəyanət deyil, bəs nədir?
Əlbəttə ki, tədbir üçün çox gecikmişik. Amma ziyanın yarısından qayıtmaq da xeyirlidir. Bu cür qaydaları tətbiq edən dövlət qurumları bir an öncə cəzalandırılmalıdır”.
Paylaş: