Xəbər lenti

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Namazov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında M.Namazovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin (qanunsuz olaraq külli miqdarda narkotik) 234.1-ci (istifadə məqsədi ilə narkotik) və 228.2.2-ci (qanunsuz silah saxlama) maddəsini isə 228.1-ci maddəsinə tövsif edilməsini istəyib.

Dövlət ittihamçısı onun 4 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

İttiham aktına əsasən, M.Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən patron və külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Daha sonra M.Namazovun Ağstafa rayonunun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.

O, Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

Xatırladaq ki, “Lotu Quli” ötən ay 8 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.




Ana səhifəyə qayıt        Baxış: 957          Tarix: 8-12-2017, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma