"Boş yerə milyardlarla dollar verdiyimiz yeganə ölkə Pakistan deyil, bu cür bir çox ölkələr var. Misal üçün, fələstinlilərə yüz milyonlarla dollar veririk ya təqdir olunuruq, ya da adekvat hörmət görmürük. İsraillə çox gecikmiş sülh müqaviləsini belə, imzalamaq istəmirlər".
Ovqat.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Tramp öz “Twitter” səhifəsində paylaşıb.
Tramp həmçinin Pakistanı terrorizmlə mübarizə məsələsində ABŞ-ı aldatdığını iddia edib. Onun fikrincə, İslamabad 2002-ci ildən indiyədək ABŞ-dan bu məqsədlə 33 milyard dollar yardım alıb, amma terrorla mübarizə aparmayıb: “Vaşinqtonu aldadaraq, axmaq yerinə qoyub. ABŞ-ın Əfqanıstanda mübarizə apardığı terrorçulara qucaq açıb”.
Trampın bu fikirlərinə Pakistan rəhbərliyinin cavabı özünü çox gözlətməyib. Məlumata görə, Baş nazir Şahid Xaqan Abbas sədrliyində toplanan Pakistan Milli Təhlükəsizlik Komitəsinin mövzuyla əlaqədar yaydığı bəyanatda İslamabadın illərdir terrorla böyük ölçüdə öz imkanları ilə mübarizə apardığı və bunun ölkəyə böyük iqtisadi zərər vurduğu bildirilib.
Bəyanatda həmçinin vurğulanıb: "Habelə Pakistan on minlərlə canını terrorla mübarizəyə qurban verib. Bu, uydurma maddi dəyərlərlə ölçülməyəcək qədər ağır bədəldir".
Trampın məlum açıqlamasını iki ölkə arasındakı münasibətlərin yaxşılaşdığı bir zamanda paylaşmasının təəccüb doğurduğu vurğulanan bəyanata görə, ABŞ prezidentinin ifadələri faktlarla üst-üstə düşmür: “Pakistan xalqının on illərdir ödədiyi bədəlləri inkar edən bu sözlər iki ölkə arasında nəsillər boyu inşa edilən etimada zərbə vurmuşdur".
Paylaş: