Bu yaxınlarda keçirilən boks üzrə Azərbaycan çempionatında DİN-in Komendant Xidmətinin əməkdaşı, polis serjantı Eldar Quliyev ikinci dəfə respublika çempionu tituluna sahib olub.
Ovqat.com xəbər verir ki, DİN-nin bu gün yaydığı mətbuat açıqlamasında belə deyilir.
Bildirildiyinə görə, Boks Mərkəzində gerçəkləşən bu yarışda çəkisi 81 kiloqramadək olan idmançılar arasında bütün rəqiblərinə qalib gələn idman ustası E.Quliyev daha böyük qələbələr qazanmaq iddiasında olduğunu bir daha təsdiq edib.
Qələbə sevincinə biz də şərik olduq, təbriklərimizi çatdırdıq. Oxucularla onu daha yaxından tanış etmək üçün verdiyimiz sualları da gərgin olmasına baxmayaraq, necə deyərlər, canla-başla cavablandırdı. Bildirdi ki, 1992-ci ildə Naxçıvanın Kəngərli rayonunun Şahtaxlı kəndində dünyaya göz açıb. 14 yaşında böyük idmana gedən yolda ilk qələbəsini qazanıb. Naxçıvan Muxtar Respublikasında keçirilən yeniyetmələr arasında birincilikdə bütün rəqiblərini məğlub edərək baş mükafata sahib olub.
Daha sonra Rusiya, Türkiyə, Qazaxıstan, Ukrayna və digər ölkələrdə qatıldığı beynəlxalq turnirlərdə qələbə sevincini təkrar-təkrar yaşayıb.
Polis serjantı E.Quliyev sonuncu qalib olduğu yarış haqqında danışarkən qarşılaşmaların çox çətin olduğunu bildirdi: “Sevindiricidir ki, ümumilikdə ölkə idmanının səviyyəsi çox artıb. Bütün idmançılarımız dünyanın ən güclü boksçuları ilə qarşılaşmaq bacarığına malikdir. Ona görə də respublika çempionatında finala çıxan idmançı artıq, belə deyək, rahat nəfəs ala bilər ki, beynəlxalq miqyaslı yarışlarda da üstünlük qazanmaq şansı var.”
İdmançımız fevralın 18-26-da Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək “Strandja” turnirinə vəsiqə qazandığını vurğuladı.
Qarşıdakı yarışlardan danışan E.Quliyev 2020-ci ildə Tokioda keçiriləcək Olimpia oyunlarında iştirak etmək üçün daha çox məşq etdiyini bildirdi.
Sonda idmançımız yaradılan şəraitə və göstərilən qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirdi.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Paylaş: