Teleqraf.com Türkiyədə yaşayan politoloq Toğrul İsmayılla müsahibəni təqdim edir.
- Toğrul bəy, ABŞ Dövlət katibi Reks Tillerson hazırda Ankarada səfərdədir. Bu səfər Ankara-Vaşinqton münasibətlərində pozitiv situasiya yarada bilər?
- Hazırda Tillerson Ankarada müzakirələr aparır. Amma bu müzakirələrin nədən ibarət olması, hansı məsələlərin müzakirə edildiyi, tərəflərin hansı məsələlərdə razılığa gəldiyi haqda konkret informasiya yoxdur. Verilən açıqlamalar ümumi müzakirələri əks etdirir. Lakin səfərin məqsədləri konkret bəllidir.
- O halda səfərin məqsədləri haqqında danışaq...
- Bilirsiniz ki, son dövrlər ABŞ PYD və YPQ-yə xeyli silah göndərib. Üstəlik, Vaşinqton Suriya əməliyyatlarında əsas üstünlüyü bu qüvvələrə verir. Bu qüvvələr isə Ankara üçün PKK-nın davamı hesab olunur. Belə bir məqamda ABŞ-Türkiyə münasibətlərinin kəskinləşdiyini müşahidə edirik. Türkiya Silahlı Qüvvələri “Zeytun budağı” əməliyyatına başlayıb və onun növbəti hədəfi Menbiçdir. ABŞ-da zamanında Menbiçdə olan PYD və YPG qüvvələrini Fərat çayının şərq hissəsinə keçəcəyini qeyd etmişdi. Ancaq bu hələ də baş vermir. Hazırda kürd qüvvələri Menbiç və onun ətrafında varlığını davam etdirir. Üstəlik, bu mərhələdə ABŞ bəyan etdi ki, 30 minlik qüvvə hazırlanacaq. Bu da Ankaranın səbr kasasını doldurdu. Hazırda ABŞ-Türkiyə münasibətləri ən gərgin dövrünü yaşayır. Tillerson isə bu fonda münasibətləri yumşaltmaq istəyir. Bu istiqamətdə görülən işlərə baxaq. ABŞ tərəfi bu məsələdə ya yalan danışır, ya da ağlasığmaz ideyalarla çıxış edir. Məsələn, PYD-ni PKK-ya qarşı savaşdırmağı təklif edir. Türkiyənin məqsədi kimisə kiməsə qarşı savaşdırmaq deyil. Məqsəd terror təşkilatlarına silah ötürülməsini dayandırmaq və onları dəstəkləyənlərin fəaliyyətinə son qoymaqdır. Bu mövzuda PKK ilə PYD-ni savaşdırmaq çox gülməlidir. ABŞ YPG və PYD-yə ağır silahlar vermədiyini iddia edir. Amma Türkiyə Afrin əməliyyatı çərçivəsində ağır silahlar ələ keçirib. Bu, ABŞ-ın terror təşkilatlarına ötürdüyü silahlardır. Bu cür məsələlər gündəmdədir və NATO-da müttəfiq olan iki dövlətin bölgədə qarşı-qarşıya gəlməsi xoşagəlməz hadisədir.
Burada bir məqam da var. Əgər Türkiyə Menbiç əməliyyatına başlasa, sonu necə olacaq? Bu barədə ciddi düşünülməlidir. Problem də bu məsələdədir. Onsuz da ötən həftə Suriyada vəziyyət kritik olub. ABŞ Əsəd qüvvələrini bombalayıb, nəticədə rus hərbçilər də öldürülüb. Suriya İsrail təyyarəsini vurub, ötən gün isə İsrail qırıcılarını atəşə tutub. Eləcə də bölgədə İsrail-İran qarşıdurması müşahidə olunur. Yəni hər kəs bir-birinə qarşıdır. Bu faktiki olaraq bölgədə vəziyyətin nə dərəcədə kritik olduğunu açıq göstərir.
- Sizcə, Tillersonun səfəri zamanı Türkiyə ilə hansısa razılaşma əldə ediləcəkmi?
- Əlbəttə. Mən ümid edirəm ki, iki tərəf sonda ortaq məxrəcə gələcək. Hazırda Türkiyə ilə qarşı-qarşıya gəlmək ABŞı üçün arzuedilməzdir. Mən demirəm ki, ABŞ və ya Türkiyə öz maraqlarından imtina edəcək. Sadəcə olaraq bir sıra məsələlərdə razılaşma əldə edilə bilər.
- Artıq bir aya yaxındır ki, Türkiyə Silahlı Qüvvələri Afrin əməliyyatına başlayıb, amma Afrin hələ də alınmayıb. Zaman keçdikcə türk ordusunun itkiləri artır, problemlər ortaya çıxır. Sizcə, bu vəziyyət getdikcə Türkiyə üçün əlavə problemlər yaratmayacaq?
- Bu əməliyyata başlayanda heç kim onun tez bitəcəyini deməyib. Bu əməliyyatın ağır olduğu öncədən bəlli idi. Çünki əməliyyat dağlıq ərazidə aparılır. İkincisi, bu əməliyyat mülki əhali deyil, terrorçulara qarşı keçirilir. Odur ki, türk ordusu əməliyyat çərçivəsində həssas davranış ortaya qoyur. Belə olduqda əməliyyat yavaş gedəcək. Yəni bütün bunlar bilinən məsələlərdir. Biz antiterror əməliyyatından bəhs edirik və burada xalqla terrorçuları ayırmaq vacibdir. Çox zaman da terrorçular xalqın arasına girir və qəfil hücumlar edir. Odur ki, belə çətin məqamları göz önünə gətirmək lazımdır. Hər halda türk ordusu üzərinə düşəni layiqincə yerinə yetirir.
- Əməliyyatın aylarla sürməsi Türkiyə iqtisadiyyatı üçün əlavə yük olmayacaq?
- Nəzərə almaq lazımdır ki, türk ordusu ölkə daxilində də buna bənzər əməliyyatlar həyata keçirib. Yəni təcrübə var. İkincisi, Türkiyə iqtisadiyyatı bu əməliyyatın gətirəcəyi problemləri aradan qaldırmaq qabiliyyətindədir. Bu mənada sözügedən əməliyyat ölkə iqtisadiyyatı üçün problem deyil.
- Hazırda Ankarada keçirilən yüksəksəviyyəli Türkiyə-Amerika danışıqları Rusiya-Türkiyə münasibətlərinə necə təsir göstərə bilər?
- Hesab etmirəm ki, bu danışıqlar Türkiyənin Moskva ilə münasibətlərinə hansısa formada təsir göstərsin. Nəzərə almaq lazımdır ki, Ankara-Moskva münasibətinin istiqamətləri fərqlidir. Ümumiyyətlə, diqqət edəndə aydın görünür ki, bölgədə Rusiya ilə Türkiyənin mövqeləri üst-üstə düşür. Bu iki ölkənin əsas yanaşması Suriyanın ərazi bütövlüyü və terrorçulardan təmizlənməsidir.
- Ancaq nədənsə Tehran-Ankara münasibətlərində fikir ayrılıqları var...
- Əslində, bu, fikir ayrılıqları hamıda var. Bütün ölkələr arasında məsələlərə yanaşmada fikir ayrılıqları mövcuddur. Söhbət ümumi prinsipdən gedir. Hazırda Suriya məsələsində dərin və ortaq məqsədi bölüşən güclər yoxdur. Hər kəsin öz fikri və marağı var. Odur ki, proses hazırda davam edir.
- Demək istəyirsiniz ki, ABŞ-ın PYD/YPQ ilə əməkdaşlığı davam edəcək?
- Sözsüz ki, davam edəcək. Hətta Rusiya da bu qüvvələrlə əməkdaşlıq edəcək. Bu ünsürlər böyük dövlətlər üçün bir vasitə və alətdir. Bu alət nə qədər işlərinə yarayacaqsa, o qədər də istifadə olunacaq. Sonda istədiklərinə nail olduqda bu qüvvələri meydanda tək buraxa bilərlər. Hazırda ABŞ Suriyada YPG vasitəsilə prosesləri nəzarətdə saxlayır. Üstəlik ABŞ-ın Suriyada silahlı qüvvələri var, amma bura daha çox hərbçi göndərməmək və mümkün qədər bütün işlərdə YPG-dən istifadə etməyə üstünlük verir.
- Fevralın 7-də ABŞ-ın rəhbərlik etdiyi koalisiya YPG-yə qarşı hücuma keçən Əsəd ordusuna ağır zərbələr vurub, nəticədə onlarla rus muzdlu döyüşçüsü də öldürülüb. Sizcə, bu nədən xəbər verir ?
- Bu göstərir ki, kritik məqamda böyük güclər bilavasitə üz-üzə gələ bilər. Üstəlik, dediyiniz hadisə Suriyada böyük güclərin maraqlarının və maraqdan doğan savaşın bitmədiyini, əksinə, yenidən qızışdığını göstərir. Başqa sözlə, Suriyada İŞİD bitsə də, böyük dövlətlərin maraqları bitmir. Xüsusən neftlə zəngin olan ərazilərlə bağlı. Mübarizə hələ davam edəcək.
Paylaş: