Xəbər lenti

 

Fevralın 19-da Nərimanov rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalından azadlığa buraxılan Türkiyə vətəndaşı Ayhan Seferoğlu mülki avtomobillə qaçırılıb, onun həyat yoldaşı iddia edir.

Fidan Seferoğlu deyir ki, Ayhan Seferoğluna qarşı Türkiyədə çevrilişə cəhd etməkdə ittiham olunan Gülen hərəkatına və PDY (Demokratik Birlik Partiyası) silahlı terror təşkilatına mənsub olma ittihamı irəli sürülüb.

Türkiyənin Azərbaycan Baş Prokurorluğuna müraciət edərək onun saxlanılması və ekstradisiya olunması üçün müraciətindən sonra Ayhan Seferoğlu fevralın 8-də saxlanılıb.

 

O, Nərimanov polis idarəsinə, daha sonra isə 17-ci polis idarəsinə aparılıb.

Bundan sonra isə, Nərimanov rayon məhkəməsinə çıxarılaraq barəsində 40 günlük həbs qətimkan tədbiri seçilib.

Məhkəmə onun azadlığa buraxılması barədə qərar verib. Az sonra isə yoxa çıxıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu BBC Azərbaycancaya məsələnin araşdırılacağı və bundan sonra açıqlama veriləcəyini bildirib.

1973-cü il təvəllüdlü Seferoğlu Ayhan Nail oğlu barəsində Ankara 2-ci Sülh Cəza Hakimliyinin 2018-ci il 5 yanvar tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, beynəlxalq axtarışa verilib.

"Bizə dedilər ki, imza atıb gələcək"

Fidan Seferoğlu deyir ki, fevralın 8-də 5 nəfər mülki geyimli şəxs onların evinə gələrək Ayhan Səfəroğlunun onlarla polis bölməsinə gəlməyini tələb ediblər.

Əlavə edir ki, onlara heç bir sənəd və ya qərar təqdim edilməməklə yanaşı, həm də yalan məlumat verilib: "Bizə dedilər ki, imza atıb gələcək.

Əgər gəlmirsə, biz başqa cür aparaq".

Fevralın 17-də Baş prokurorun birinci müavini Rüstəm Usubov Nərimanov rayon prokurorluğuna müraciət edərək Ayhan Seferoğlunun hüquq-mühafizə orqanlarının çağırışlarına gələcəyini, ölkəmizdə daimi yaşayış yerinin olmasını nəzərə alaraq onun barəsindəki həbs qətimkan tədbirinin ləğv edilməsi üçün məhkəməyə təqdimat verilməsini istəyib.

Nərimanov rayon prokuroru Vüqar Əliyev də məhkəməyə eyni məzmunlu təqdimat verib.

Hakim Ramin Quliyev təqdimatları təmin edərək Ayhan Seferoğlunun iclas zalından azadlığa buraxılmasına qərar verib. Lakin o, elə oradaca yoxa çıxıb.

"Bizə məlumat vermirlər"

Fidan Seferoğlu deyir ki, məhkəmə zalında azadlığa çıxarılması ilə bağlı xəbəri aldıqdan sonra Ayhan Seferoğlunu bir daha görməyiblər və bununla bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Miqrasiya Xidmətinə və digər aidiyyatı qurumlara müraciət etsələr də, heç bir məlumat ala bilmirlər:

"Yoldaşımın itkin düşməsi ilə bağlı 18-ci polis bölməsinə ərizə ilə müraciət etmişəm. Nə bizə, nə də vəkilimizə Ayhanın harda olduğu haqda heç bir məlumat vermirlər".

"Mülki avtomobillə apardılar"

"Biz məhkəmə qərarından sonra Ayhan Seferoğlunu gözləyəndə xəbər verdilər ki, onu mülki avtomobillə apardılar. Kimin və hara apardığını bilmirik", Ayhan Seferoğlunun vəkili Zaur Niftəliyev deyir.

Fotonun müəllifiREUTERS

Image captionTürkiyə ABŞ-da mənzillənən Fethullah Gülenin esktradisiyasını tələb edir.

Vəkil deyir ki, qeyri-rəsmi məlumata görə, Ayhan Seferoğlu Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən aparılıb və həmin gün də Azərbaycanda yaşamaq icazəsi ləğv olunub.

Lakin həm Miqrasiya Xidməti, həm də Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzindən onlara belə şəxsin gətirilmədiyi cavabı verilib.

Ayhan Seferoğlu "İstanbuldadır"

Zaur Niftəliyev deyir ki, Ayhan Seferoğlunun xanımına tanımadığı nömrədən mesaj gəlib və Ayhanın İstanbulda olduğunu deyiblər.

Qeyri-rəsmi məlumata görə, Ayhan Seferoğlunu İstanbula, daha sonra isə Ankaraya aparıblar. Əlavə edir ki, bu barədə rəsmi qurumlara müraciət etsələr də, bu günə qədər heç bir cavab almayıblar.

Saxta ittiham üçün 20 min TL

Zaur Niftəliyev deyir ki, ittiham sadəcə ümumi sözlərdən irəli çıxaraq, əsaslı sübut olmadan irəli sürülüb.

O bildirir ki, Ayhan Seferoğluna qarşı saxta ittiham irəli sürmək üçün Türkiyədə adı Gülen hərəkatı ilə hallanan bankların birindəki hesabında 20 min türk lirəsi məbləğində pulunun olması kifayət edib.

Dediyinə görə, Ayhan Seferoğlunun Çağ-Öyrətim İşlətmələrinin litseyində bir müddət müəllim işləməsi ittiham üçün bəhanələrdən biridir. "İttihama görə, bu iki səbəb Ayhan Səfəroğlunun terror təşkilatına üzv olduğunu təsdiq edir", vəkil bildirir.

Zaur Niftəliyev bildirir ki, Ayhan Seferoğlunun adından Avropa İnsan Haqları Məhkəməsinə və Avropa Parlamentinə müraciət edilib.

Vəkil deyir ki, Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana məsələyə aydınlıq gətirməsi üçün sorğu göndərib.

Vəkilin sözlərinə görə, Nərimanov rayon məhkəməsi yeni inzibati binada yerləşir və kifayət qədər müşahidə kameraları ilə təchiz olunub və məsələnin araşdırılması üçün müraciət edilib.

"Yoxa çıxan ikinci nəfər"

Vəkil bildirib ki, Ayhan Seferoğlu ilə eyni vaxtda saxlanılan Erdoğan Taylan və İsa Özdemirə qarşı eyni ittihamlar irəli sürülüb və onlardan Erdoğan Taylan eyni aqibətlə üzləşib:

"Həmin gün onun barəsində də həbs qətimkan tədbirinin ləğv edilməsi üçün Binəqədi rayon Məhkəməsinə müraciət edilib və azadlığa buraxılan kimi yoxa çıxıb.

İsa Özdemir haqqında məhkəməyə verilən təqdimat isə geri götürülüb və o, hələ də həbsdədir".

Ankara Fetullah Güleni Türkiyədə 2016-cı il çevriliş cəhdinin təşkilində ittiham edir, Birləşmiş Ştatlardan ekstradisiyasını istəyir.

Gülensə bu ittihamları rədd edir.

Həmin çevriliş cəhdindən sonra Türkiyədə minlərlə adam həbs olunub, yaxud işdən çıxarılıb.




Ana səhifəyə qayıt        Baxış: 856          Tarix: 23-02-2018, 21:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma