Xəbər lenti

 

 IÇİMDƏ BİR MƏZAR VAR

Anam Telli Məmməd
 qızının əziz xatirəsinnə

 İçimdə bir ana məzarı,

Göyərir güman tək,şübhə tək.

Gecələr yuxuma duz səpir,

Gözlərim göynəyir sübhədək.

 

Bir kənddə,bir təpə üstündə

Torpaqdan dikələn baş daşı.

Uyuyur anamın yanında,

Övladı,anası,yoldaşı.

 

İçimdə dörd qara məzar var,

Atadı,nənədi,qardaşdı.

Yatırlar anamın yanında,

Hər üçü anama sirdaşdı.

 

İçimdə bir ana məzarı,

Yanında üç ölmüş mələk.

Gecələr yuxuma duz səpir,

Gözümü göynədir sübhədək.

                    ...

 YERLİ,GÖYLÜ YUXARI

Göyərib qalxdı içimdən,

Gördüm ki,meyli yuxarı.

Ayırıb onu özümdən

Qaldırdım xeyli yuxarı.

 

Şər əkdi yerdə Əhriman,

Döndü tüstüyə ah-aman,

İçimdən göyərən iman

Qalxdı gileyli yuxarı.

 

Yuxarı qurulu taxtdı,

Bu taxt k, var, baxta baxdı,

Hər şey silkinib qalxdı,

Bu yerli,göylü yuxarı.

 

 

 QALİB GEDƏK

Hər kəsin bir havası var,

Havamızı alıb gedək.

İndi ki gedəsi olduq,

Gəl bir hava çalıb gedək.

 

Şərq gözləyir,əli yalın,

Yuxusu qaçır Dəccalın,

Bizi oynadan əcəlin

Ürəyini çalıb gedək.

 

Göy narahat,Yer əsəbi,

Hərə tutub bir məshəbi,

Candakı kini,qəzəbi

Qayalara çalıb gedək.

 

Lillənir,qarama gəlir,

Kölgəmə,qarama gəlir,

Yenilmək arıma gəlir,

Gediriksə qalıb gedək.

                   ...

             GƏL ELƏ...

Qurdu tələdədi,quşu qəfəsdə,

Dünyanın yolları çox dolayıdır.

Gəl elə oturaq bir az yol üstə

Görək kimlər gedir, kimlər qayıdır.

 

Gəl elə oturaq qapı ağzında,

Görək girənlər kim,çıxanlar kimdi.

Qaldırıb çiyninə yaba ağzında,

Dünyanın evini yıxanlar kimdi.

 

Köhnə bir zəmidi bu dünya elə,

Görək kim şumlayır, görək kim əkir.

Mələklər əlində ağ qələm ilə

Gözümə Allahın şəklini çəkir.

 

Qocaldıq dünyanın cavan çağında,

Qaldı içimizdə söz qalaq-qalaq.

Zəmi kənarında, yol qırağında

Gəl elə dünyanın dərdinə qalaq.

 

Ələsə un olar, yoğursa kündə,

Dünya əvəzlikdi,sıra sayıdır.

Gəl elə oturaq Allah evində,

Görək din-imana kimlər qayıdır.

                        

       GÖRÜR

Sarıldın mənə

İlan ovuna sarılırmış kimi.

Yandıq, qovrulduq,

Sac üstə qovrulurmuş kimi

Bir kilsəyə girirmiş kimi,

Biz səninlə bir günaha girdik.

Günaha girənə qədər

Biz iki kafir idik.

Günah bizdəki

Bütün günahları təmizlədi.

Günah bizi

Bütün doğrulardan gizlədi.

Toy evinə girirmiş kimi

Sevinə-sevinə

Girdik günah evinə.

İndi bizi kimsə görmür.

Nə məscid, nə kilsə görmür.

Görür korlar, karlar görür.

Günahsızları yalnız

 Günahkarlar görür.

 

              

     MƏN KİM İDİM

Yoğurub daşdan, torpaqdan

Bir yuva qurduğum torpaq.

Məndən qabaq kimin oldun

Üstündə durduğum torpaq.

 

Külək qovur, yel sovurur

Sular yuyur, gün qurudur.

Hər gün sənə ağlayıram,

Nədən göz yaşım durudur?

 

İsanın,Musanın qanı,

Davudun sümüyü torpaq.

Kimi üstündə saxladın,

Kimin oldun məndən qabaq?

 

Bölünürsən qətrə-qətrə,

Gah halala, gah harama.

Ovcumda ovuram səni,

Hər gün səpirəm yarama.

 

Mənim bu quru bədənim,

Səhər daşdı, axşam torpaq.

Üstündə durduğum torpaq,

Mən kim idim məndən qabaq?

                       22.08.2013

 

            SƏNCƏ NƏDİR

Nə gözlərin görər, nə könlün anlar,

Gülərsən, gülüşün bir bilməcədir.

İndi mənim üçün xoş olan anlar,

Bəlkə sənin üçün bir əyləncədir.

 

Elə alışıqsan əyləncələrə,

Heç nə gözlərinə ciddi görünmür.

Dünya mey-məzədi tək sənə görə,

Sən bilən dünyanın həddi görünmür.

 

Sevgi kim üçünsə zülmətdə məşəl,

Unudulmaz anlar, sirli yuxudur.

Sevgi sənin üçün sadə bir məsəl,

Gah könül oynadır, gah qəlb oxudur.

 

Bəlkə sənin üçün adətdi hər iş,

Mən əyləncə dedim,bəs səncə nədir?

Ürəklə oynamaq yəqin bir vərdiş,

Yəqin sənin üçün bir əyləncədir.

 

                                                                                                                                            QAYIT,TANIDIĞIM HƏMİN DƏNİZ OL

 

Könlünü bürüyüb qara tozanaq,

Fikirlər içində qumu sovurur.

Çəkəndə tərsinə düşüb doğanaq,

Dəni dəyirmanlıq, şumu sovurur.

 

Quş tək yuva qurur körpəcə qəzəb,

Gecə ürəyində, gündüz gözündə.

Səni uşaq kimi oynadır əsəb,

Hərdən qucağında, hərdən dizində.

 

Əlin çatmayanda bəzən unluğa,

Hərdən ağlamağa bəhanə olur.

Dönür yaman gündə qəm yavanlığa,

Könül dərd çəkməkdən divanə olur.

 

Sən də yoldaş elə köhnə fələyi,
Dərdlərin içində dolaşıb azsın.

Taleyini yazan qara lələyi

Gözünün yaşına batırıb yazsın.

 

Çəkil sular kimi sakit, səssiz ol,

Büküb dalğalara qəmini gizlə.

Qayıt, tanıdığım həmin dəniz ol,

Qayıt sahillərə yenə xoş üzlə.

                 ...

 

Durmuşuq üz-üzə,nəfəs-nəfəsə,

Bu an aramızdan su belə keçməz.

Belə yaxın görüb bizi ayrılıq,

Səhərdən axşama gəz ələ keçməz.

Sən indi kül edib səadətini,

Xoşbəxtlik gəzirsən tamahlarınla.

Bir gün sən anlayıb qəbahətini,

Geriyə dönərsən günahlarınla.

 

SƏSLƏDİM,SƏSİN GƏLDİ

Ayrıldıq, çiçək bitdi,

Gül göyərdi izindən.

Səslədim, səsin gəldi,

İllərin o üzündən.

Yondum könlümün üstə,

Kədərdən heykəlini.

Sıxdım sinəmin üstə

O heykəlin əlini.

Ayrıldıq, aylar ötdü,

Qəm göyərdi dizimdən.

De, necə yaşayırsan,

Sordum ayaq izindən.

Neçə kərə yağdı qar,

Neçə yol bahar gəldi.

Sığışmadım aylara,

İllər mənə dar gəldi.

Aramıza od düşdü

Bircə kəlmə sözündən.

Səslədim, səsin gəldi

İllərin o üzündən.

             

 

   KÖNLÜNDƏN NƏ KEÇİR

 

Könlündən nə keçir bu yay gecəsi,
Ay işığı altda bəlkə tək olmaq.

Aldadıb gizlicə indi hər kəsi,

Nə bilim, bəlkə bir kəpənək olmaq.

 

Gözün elə göydə tutur səsimi,

Elə bil bir durna göl üstə düşür

Açır dodaqların qızılgül kimi,

Axşamın şehi də gül üstə düşür.

 

Könlündən nə keçir, quş kimi bu an

Qonub bir budağa oxumaq bəlkə.

Ya indi, bu gecə ay işığından

Özünə gəlinlik toxumaq bəlkə.

 

Bu gecə təzədən göyərirsən sən,

Bir az səs, bir az söz qarışığından.

Əlini uzadıb tutursan göydən,

Asılıb qalırsan ay işığından.

 

Təbəssümün incə,gülüşün kövrək,

Könlündən nə keçir, gözünə köçür.

Bilirəm bu gecə elə mənim tək

Bir göyərçin olmaq könlündən keçir.




Ana səhifəyə qayıt        Baxış: 1 294          Tarix: 16-04-2018, 21:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma