Ulu öndərimizin xilaskarlıq missiyası zəngin idarəçilik təcrübəsinə, fenomenal şəxsi keyfiyyətlərə əsaslanır
Azərbaycanın çoxəsirlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, xalqımızın həm bugünkü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi nöqteyi-nəzərdən xalqımızın ümummilli lideri Heydər Əliyev epoxası bənzərsizdir. Taleyklü hadisələrlə yaddaşlarda həkk olunan, Vətənimizin milli intibahı kimi xarakterizə olunan, şanlı istiqlal tariximizə qızıl hərflərlə yazılan bu dövr ulu öndərimiz, dünya səviyyəli dövlət başçısı və ictimai-siyasi xadim Heydər Əliyevin adı və fəaliyyəti, onun fenomenal şəxsiyyəti ilə bilavsitə bağlıdır.
Sirr deyil ki, haqqında danışdığımız bu dövr Azərbaycanın çağdaş tarixinin bütöv bir salnaməsini təşkil edir və onun hər bir səhifəsi, hər bir sətri ümumilli liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılıb. Ulu öndərimiz müasir Azərbaycan dövlətinin qurucusu və banisidir. Bu gün müstəqil siyasət həyata keçirən, dünya birliyində öz siyasi və iqtisadi çəkisinə görə önəmli rol oynayan Azərbaycan dövləti Heydər Əliyevin şah əsəri, xalqımıza yadigarıdır.
Dövlət o vaxt guclü və yenilməz olur, qarşısına çıxan maneləri dəf edə bilir ki, onun rəhbəri ilə xalqı arasında sarsılmaz vəhdət, birlik mövcud olsun. Məhz bu birlik və həmrəylik tarixin müxtəlif dönəmlərində ölkəmizin taleyində əvəzsiz rol oynayıb, xalqımızı başının üstünü almış bütün bəlalardan hifz edib qoruyub. Fenomenal biliyə, sarsılmaz iradəyə və milli ruha malik olan ulu öndər Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə öz xalqının iradəsinə, təkidli xahişlərinə cavab olaraq 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmaqla respublikamızın dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasına, vətandaş müharibəsinin qarşısının alınmasına, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmdə uğurlar qazanmasına nail olmuşdur. Bu, sözün əsl mənasında “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm”, – deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.
İyunun 15-i Azərbaycanın müasir tarixinin ən mühüm günlərdən biridir. 25 il bundan öncə yaşadığımız həmin tarixi anlarda ulu öndərimiz deyirdi: “Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram”. Tarix özü sübut etdi ki, dünya şöhrətli dövlət xadimi və ustad siyasətçi Heydər Əliyevin güvəndiyi, arxalandığı bu yenilməz qüvvə qarşıya çıxan neçə-neçə qorxunc təhlükəni sovuşdurmağa, keçilməz maneələri belə dəf etməyə həqiqətən də qadirdir.
Məhz xalqın öz dahi lideri ilə birliyi, həmrəyliyi sayəsində müstəqilliyimiz əbədi prosesə çevrildi və ölkəmiz davamlı inkişaf magistralına qədəm qoydu.
Heydər Əliyev istər Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1970-80-ci illərdə, istər Sovetlər İttifaqı rəhbərliyinə irəli çəkildiyi, istərsə də müstəqil Azərbaycan dövlətinin prezidenti olduğu illərin hər anında öz doğma xalqının taleyini şəxsi taleyi hesab etmiş, xalqın qəlbində həmişə əvəzolunmaz lider kimi uca zirvədə dayanmışdır.
Ümummulli liderimiz Heydər Əliyevin 1992-2003-cü illəri əhatə etdiyi on illik prezidentliyi dövrü müstəqillik tariximizə qlobal iqtisadi islahatlar, abadlıq və quruculuq işlərinin geniş vüsət alması, daxili və xarici siyasətdə qazanılan mühüm nəticələrlə də müşayiət olunub. İstiqlalımızın bərpasının ilk illərində xalqımızın bu böyük oğlunun hakimiyyətdə olmaması üzündən dərin siyasi və iqtisadi böhran içərisində çabalayan Azərbaycan qısa müddətdə ayağa durmağa nail oldu. MDB məkanında ilk dəfə olaraq məhz Azərbaycanda torpaq islahatı əzmlə həyata keçirildi, torpaq onun əsl sahibinə qaytarıldı, ölkənin sənaye və kənd təsərrüfatı məhsulları istehsalında özəl sektorun payı ilbəil artırıldı. Özəl sektorun, sahibkarlığın inkişafına xüsusi diqqət və qayğı ilə yanaşan ulu öndər milli iqtisadiyyatımızın artımında bunun əhəmiyyətli rolunu gözəl bilirdi. Məhz bunun sayəsində artıq 1996-97-ci illərdən başlayaraq ölkəmiz nəinki böhranın fəsadlarını aradan götürməyə, hətta sürətli inkişaf mərhələsinə qədəm qoymağa müvəffəq oldu. Bazar iqtisadiyyatına keçidlə bağlı çox böyük və mühüm tədbirlər həyata keçirildi, bu da sahibkarlığın inkişafına güclü təkan verdi.
Bəzi statistik rəqəmlərə müraciət etmək kifayətdir ki, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən geniş və dərin islahatların əhəmiyyəti aydın olsun. Belə ki, 2003-cü ildə 1998-ci illə müqayisədə ümumi daxili nəhsul istehsalı 21,2 faiz, əsas kapitala yönəldilən investisiyalar 12,4 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 18,2 faiz, nəqliyyat sektorunda yükdaşımalar 33,5 faiz, pərakəndə əmtəə dövriyyəsi 86,9 faiz, xarici ticarət dövriyyəsi 2,6 dəfə yüksəldi. Yalnız 1998-2002-ci illər ərzində əhalinin nominal pul gəliri 46,8 faiz, adambaşına düşən pul gəliri 42,4 faiz, orta əmək haqqı 87,2 faiz artdı. Həmin dövrdə istehlak qiymətlərinin indeksi 97,2 faizi ötdü.
Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı öz vətəndaşları üçün sakitliyin, vətəndaş həmrəyliyinin, əmin-amanlığın hökm sürdüyü, demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradıldığı bir ölkəyə, xarici və daxili investorlar üçün isə əlverişli imkanlar açan, səmərəli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirmişdir.
Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun əzmlə həyata keçirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təminatı və yeni iqtisadi kursun müəyyənləşdirilməsi şəxsən Heydər Əliyevin xalqı qarşısındakı əvəzsiz xidmətləridir. Heydər Əliyev nəinki müstəqilliyimizi qoruyub saxladı, onu əbədi və dönməz etdi. Zamanın bu dahi şəxsiyyətə, onun dərin zəkasına, polad iradəsinə, zəngin təcrübəsinə və hədsiz vətən sevgisinə etibar etdiyi tarixi missiyanı layiqincə yerinə yetirməyə müvəffəq oldu. Ulu öndərimizin müstəqil Azərbaycanın prezidenti kimi on illik fəaliyyəti özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində, heç kimdən və heç bir ölkədən asılı olmayan, müstəqil siyasət yürüdən qüdrətli Azərbaycanın təşəkkülündə, zamanın yeni çağırışlarının müvəffəqiyyətlə həll edilməsində tapır.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı öz strateji seçimini və inkişaf yolunu – insan hüquq və azadlıqlarının ali dəyər hesab edildiyi demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçdi və bu məqsədə nail olunması üçün qısa müddətdə dövlət və cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar aparıldı. Ulu öndərimizin banisi olduğu, onun bilavasitə rəhbərliyi ilə ərsəyə gətirilmiş və ümumxalq səsverməsi yolu ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş ilk milli Konstitusiyamız şübhəsiz ki, bütün bu islahatların yönünü müəyyənləşdirmişdir.
Ulu öndərimizin siyasi kursunda Ermənistanın ölkəmizə və xalqımıza qarşı təcavüzünün qarşısının alınması və ərazi bütövlüyümüzün bərpası, ermənilərin terror və soyqrım siyasəti yürütdüyünün bütün dünyaya çatdırılması son dərəcə mühüm yer tuturdu. Cəbhədə atəşkəsin əldə olunması Azərbaycanda milli ordu quruculuğu prosesini sürətləndirməyə, ölkəmizin iqtisadi və hərbi potensialını gücləndirməyə imkan verdi. Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə qayıdışına qədər bunlar yox dərəcəsində idi. Ümummilli liderimiz iqtisadiyyatımızı inkişaf yoluna salmaqla və hərbi-müdafiə, maddi-texniki bazanı möhkəmləndir-məklə xalqımızın inamını və döyüş ruhunu özünə qaytardı. O, dünyanın aparıcı dövlətləri ilə münasibətləri tarazlaşdırmağa nail oldu. Ermənistanın Azərbaycana təcavüz etdiyini, soyqrım və terror siyasəti yürütdüyünü dünyaya çatdırmaq üçün xarici ölkələrə, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlərə səfərləri zamanı əlində xəritə yorulmadan diplomatik bacarığını işə saldı. Ən mötəbər beynəlxalq tribunalardan Ermənistanın ifşası üçün məharətlə istifadə etdi. Bununla da Ermənistanın təcavüzkar dövlət olduğunu ATƏT-in Lissabon sammitində, Avropa Şurasında və digər beynəlxalq təşkilatlar, eləcə də əksər dünya dövlətləri tərəfindən etiraf və qəbul edilməsinə nail oldu.
Təsadüfi deyil ki, müasirləri, dünyanın aparıcı dövlətlərinin başçıları və görkəmli ictimai-siyasi xadimləri Heydər Əliyevi zəmanəmizin canlı əfsanəsi kimi qəbul edib ehtiram bəsləyiblər.
Bu gün ölkəmizin hər bir guşəsində, iqtisadi və siyasi həyatımızın hər bir sahəsində sürətli inkişaf və tərəqqi müşahidə olunur. Respublikamızda yaşayan hər bir vətənpərvər insan Azərbaycan vətəndaşı olduğu üçün fəxr edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizin milli inkişaf strategiyası Prezidentimiz İlham Əliyevin idarəçilik məharəti sayəsində xalqımızın davamlı tərəqqidə olan bugününü və firavan gələcəyini təmin edir. Ölkəmizin hazırda nail olduğu bütün uğurların əsasları və gələcək inkişaf perspektivləri birbaşa ümummilli lidrimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Loğman ZÜLFÜQARLI,
“Bakı İnşaat Sənaye” ASC-nin təsisçisi
Paylaş: