Xəbər lenti
27-11-2024, 19:25
 

İsa Bəhluloglu

Deyilməsi vacib olan, lakin düşünməyə belə cəsarət etmədiyin sözü Mən rahat, ucadan, həm də publikaya söyləyirəm. O, yorum yapa bilmir, Sən üşənirsən, qorxulu nağil dinləyən, dəhşətli video izləyən hövsələsiz uşaq kimi səbrsizliklə finalı gözləyirsən. Ertəsi gün Mənimlə qarşılaşanda və ya yeni çıxışımı eşidəndə, “cürətlənirsən, ondan nəyim kəsirdir”-deyib, qələm-kağıza\kompüterə\əl atırsan. Qəfildən Sənə elə gəlir ki, indicə ödün partlayacaq və dərhal bu “axmaq cəhd”indən vaz keçirsən. Az oncə  qibtə etdiyin Mənə, acizliyindən dolayı “işə düşmüşdüm” deyib, nifrət edirsən.                                                                           

Sən Onun yanındasan, Mən Haqqın. Mən, “güclü hər vaxt haqlı deyil,haqlı hər vaxt güclüdür”  məntiqindən, Sən “mənə toxunmayan ilan 1000 il yaşasın” movqeyindən çıxış edirsən. Mən o “ilan”in çalacağı potensial qurban olmamaq çabasi göstərir, Sən gözləmə mövqeyində dayanırsan. Mən Onun rəsmi çıxışlarda dediyini, Sən etdiyini bəyənirsən.

Mən sevimli peygəmbərimiz Hz.Məhəmmədin(s.a.v) söylədiklərini uygulamağa çalışaraq, zülmə qarşı dilimlə mubarizə aparıram, alınmayanda əlimlə, bu da alınmayanda susur və könlümlə savaşıram. Üçüncü vasitə imanın zəif halqası olsa belə, bu da mücadilənin  pasifist formasıdir. Yəni zalıma salam vermir, əməkdaşlıq etmir, tərifləmir, alqışlamır, onun təbligatına qoşulmur, seçkilərdə onun əleyhinə səs verirəm. Sən isə sadaladıqlarımın ya əksini edir, ya da passivliyini inadla qoruyub saxlayir və fərqinə varmadan zülmün ömrünü uzadırsan.                                       

Mən rəsmi vəzifəni xalqa xidmət, O,varlanmaq, ailəsinə “gün aglamaq”, proteksiya ilə qohum-əqrabaları, sadiqləri mühüm “yağlı” postlara yerləşdirmək ucun fursət hesab edir. Sən bunu fərasət, qabiliyyət, ağıl əlaməti olaraq qiymətləndirir, Onu alqışlayır, Məni maymaq sayırsan.                                                 

Səudiyyə Arabistanı şahzadəsinin bir tabloya 0,5 /yarım/milyard ABŞ dolları xərcləməsi barədə məlumat, Onda həyəcan, Səndə qibtə, Məndə ikrah hissi  dogurur.

“Musavat Partiyasını (ADR-nı quran), Xalq Cəbhəsini (AXCP) Azərbaycan tarixindən çıxarsaq, geridə nə Respublika (Azərbaycan SSR qondarma, saxta, mənasız söz birləşməsi, həm də 70 illik aci tarixi fakt idi), nə millət, nə xalq,nə də din qalar” - bu fikri  Mən təsdiq, O, inkar edir. Sən isə gah Ona qoşulur,gah da tərəddüd edirsən.

Dövləti yönəldənlər maddi cəhətdən zənginləşirlərsə, Mən belələrini yalançı, ogru, korrupsioner adlandırır, araşdırma tələb edir, ictimiləşdirir və hesab verməyə səsləyirəm. Sən “hökumətlə hökumətlik etmək olmaz ”deyir, Onun gücünə güc qatır, iqtidarını sürdürməsinə stimul, adalətsizliyə rəvac verirsən. Özün də bilmədən ( və ya  qorxudan) Səni hecə sayanı, görməzdən gələni, küçümsəyəni, əzəni  (el şənliklərində, seckilərdə) mudafiə edir, Onu “çoxluga”, Məni”azlığa”çevirirsən.

“Gec-güc” hikmətinə dair bir haşiyə cixim: kiçik sahədə 10-15sm. qalınlığında beton örtük salmamışdan öncə o yeri hər şeydən (alaq, zibil…) təmizləyir və 1-2 xırda alağı “boş ver” deyib, betonu tökürsən. 4-5 ay və ya bir ildən sonra görməzdən gəldiyin “zəif” alaq, örtüyü deşib çıxır, çatladır, beton konstruksiyanı yararsız hala salır. Belə…

Mənim aləmimdə (düşüncə və görüşümdə) “beyninə sıxaram” yox,” atəş acmaq”la “çəkindirmək, yayındırmaq” var, “öldürmək, cəza” yox, “tərbiyə” var, “nifrət edirəm” yox,”bəyənmirəm” var.   Fərqli fikrimə görə O, Məni düşmən, Sən”Don Kixot” adlandırırsan.

Mən daxili gərginliyi, mənfi impulslari, bioloji enerjini faydalı sosial məqsədlərə istiqamətləndirir, O, hakimiyyətini sürdürrməyə, Səni, Məni istismar etməyə, xof icində saxlamağa yönəldir. Mən etiraz edirəm, işsiz qaliram, Sən enerjini susmağa, qarşılıqsız  itaətə sərf etsən də, sən də çox vaxt işsiz qalır və ya simvolik əmək haqqı, rusvayçı pensiya alır, miskin-miskin “buna da çox şükür” deyərək özünə təskinlik  verirsən.

Mən Azərbaycan Xalq Cümhuriyyətinin, ilk mustəqil dövlətimizin qurucusunun M.Ə.Rəsulzadə və yoldaşları, onu devirib 70 il işgal altında saxlayanların kommunist(bolşəvik)lər, müstəqilliyi təkrar bərpa edənlərin Ə.Elçibəy və yoldaşları olduğunu bilir, inanır və söyləyirəm. O, marağına uyğun gələndə nəzəri cəhətdən bunu bəyan edir, praktik olaraq isə inkarçi mövqeyində qalır. Sən susmağında israrlı görünürsən.

Monopoliyanın, istehlak şərtlərinin ağırlığı altında yaşayış minimumunun (65$) gülünc həddə olmasının və işsizliyin doğuracağı fəsadi Mən hər an baş verə biləcək “ sosial partlayış” adlandırır, O, bunu rişxənd və nifrətlə, Sən biganəliklə qarşılayırsan. Qarşıdakı ictimai çaxnaşmanın sonucunun nə O, fərqindədir, nə Sən fərqində. Ona bu potensial fəlakəti anlamağa Gücün (iqtidar) sərxoşluğu, Sənə apatiyan mane olur.

Digital çağda yaşayırıq, Dialoq qura bilmirik, Dialektikadan (sxolastik və rasional elm) xəbərsizik!? Muqəddəs dinimiz də, OXU! deyir. Oxuya bilmirik, oxumuruq, fənn elmlərini, Tarixi, Cografiyanı, Fəlsəfəni, Sosiologiyanı bilmədiyimizdən, Quranı da öyrənə bilmir, dərk etmirik, çeşidli problemlər icində boğuluruq. Oxusaq, bilərik, bilsək, gercəyi görər, Dialoq qurar, problemlərin də həll yolunu tapıb, ondan asanca qurtularıq.

“Ondan və Səndən daha ağıllıyam” demirəm, o iddiadayam ki, Sizdən daha cəsur, qətiyyətli və rasionalam. İnsan olaraq varolma şərtim, situasiyaya adekvat dərhal reaksiya vermək, mövqe bildirməkdir. Həm də…

 May-İyun 2018-ci il. 

P.S. Yazıda xeyli boşluqlar oluşdugunun və mövzunu tam əhatə edə bilmədiyimin fərqindəyəm. İlk munasib vaxtda bu boşluğu doldurmağa calişacağam. Bu notlar,qismən də olsa, Sənin ruh halını dəyişməyə, Onu düşündürməyə yetdisə, deməli, ciddi bir həmlə yapmış oldum.

P.S.S. Mən baxdıqlarıma Sən də, O da baxa bilər, eşitdiklərimi də dinləyə bilərsiniz. Mən Sizlərə baxdıqlarımı, eşitdiklərimi yox, gördüklərimi anlatmağa çalışdım. Alındımı? Eyni dildə danışdığımızdan, hesab edirəm ki, alınma ehtimali çoxdur. Sinergetik yanaşsaq, ortaq frekansları yaxalayacaq və anlaşa biləcəyik… Ən azı, Sən və Mən.




Ana səhifəyə qayıt        Baxış: 2 572          Tarix: 30-06-2018, 20:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma