Azərbaycanlı mühacirlərin öz ölkəsini satdığını iddia edən hökumət nümayəndələrinə
Səni beş quruşa satdımsa əgər,
Sən məndən incimə, özündən inci.
Bu, sənə bazarın verdiyi dəyər,
Ucuz satılarmı bazarda inci?
Kimsəni qınama “satqındır” deyə,
Bir az da günahı axtar özündə.
Sən heç düşündünmü ucuzsan niyə
Satıcı gözündə, alan gözündə?
Sən mənə deyirsən “beşinci kolon”,
Mənim nə “kolon”um, nə “beş”im vardı.
Mən ki, tanımırdım nə İvan, nə Con.
Əcnəbi qoynumda nə işim vardı?
Yadların qoynuna sən atdın məni,
İndi dönüb mənə “xain” deyirsən?
Yad dil öyrənirəm mən yeni-yeni,
Sənsə hər duaya “amin” deyirsən.
“Kolon” sözü belə dilimə yatmır,
Mən harda kiminsə kolonu oldum?
Duyduğum yad sözlər ağlıma batmır,
Mən hansı oyunun klounu oldum?
Mənə bu oyunu öyrədən də sən,
İndi xor görürsən həmin oyunu?
Mənə bu oyunu öyrədəndə sən
Bilmirdin, hər şeyin vardır bir sonu?
Mən səni satmadım düşmənə, yada,
Sən öz satqınını içində ara.
Mən kasıb süfrəmi heç vaxt dünyada
Dəyişmədim haram dövlətə, vara.
Mən sənə üz tutub dedim dərdimi,
Məni dəyənəklə qarşıladın sən.
Gündə acqarına yedim dərdimi,
Qarnını doyurdun özgə, yadın sən.
Yoxsa, qalmayıbdır sənin yadında
Könlümdə nə qədər bol yerin vardı?
Əsla yeri yoxdu orda yadın da,
Başqa ümidlərə o könül dardı.
Könlümdə yerini, düşündünmü heç,
Bəlkə sən yıxmısan, yaranıb boşluq?
Unutma, hər boşluq dolandır tez-gec,
Etməzdin özünü beşçə quruşluq.
Səni beş quruşa satdımsa əgər,
Məndən yox, sən öncə özündən inci.
Bu, sənə bazarın verdiyi dəyər,
Ucuz satılarmı bazarda inci?
Paylaş: