Məhəmməd Talıblı
Ölkədə zülmün ərşə dirənməsinə baxmayaraq siyasi temperatur yüksəlmir. Lakin yay ayının ilk həftələrinə baxmayaraq havanın temparaturu 44 dərəcəni ötdü. Metrologogiya departamentinin verdiyi məlumata görə, bu son 120 ildə qeydə alınan rekord göstəricidir. Havalandırma sistemlərinin bu istilik qarşısında acızliyini hamımız görürük. Hansı vasitəyə əl atırsansa, yenə də bu istiliyi “dərində” hiss etməklə barışmağa məcbursan. Amma bundan da dözülməz vəziyyətə məhkum olunanlar göz önünə gəlir. Bu vəziyyətdə ağlına ilk gələn heç bir soyuducu sisteminı malik olmayan məhbusların durumu olur. Onların dörd divar arasında bu istiliklərə qatlanması sözün əsl mənasında dözülməzdir. Söhbət nə residivistlərin, nə də dövlət malını talayaraq məhbuslardan getmir. Onlar da insandırlar. Etdikləri və sübut edilə bildiyi cinayətə görə cəzalarını çəkməlidirlər. Haqqında düşündüklərimiz etmədiyi cinayətə görə məhbus həyatı yaşayırlar. Onlar siyasi baxışlarına görə sifarişli motivlə həbs həyatı yaşayan siyasi məhbuslardır. Belə insanların sayı 150 nəfərdən çoxdur. Onlar təkcə ömürlərindən oğurlanan illərinə görə deyil, həm də həmin illərin dözülməz şərtlər altında keçməsinə görə dözürlər.
Elçibəy bu millətə azad olması üçün mübarizə yolunu göstərmişdi. Özü bu yolun ilk yolçularından idi. Bu yolda olanlar təkcə hədəflənmiş yolun yolçuları deyildilər. Həm də gedilən yolun kələ-kötür yerlərini duymaq duyğusunu anlamaq gücü ilə bağlı həmrəy idilər. Əbülfəz Elçibəyin vicdan əmsalını ifadə edən bir fikri həmin anlayışı bütün həssaslığı ilə ortaya qoyur: “Mən qışı heç sevmədim. “Niyəsi” çox qəribə gələcək. Çünki, mən cəbhədə əsgərim üşüyəndə evdə ayağımı ayağımın üstünə qoyub çay içərək qəzet oxuya bilmərəm.”
Qışın istisində, yayın sərinində başqa həyatı yaşayanları düşünmək yalnız alicənab və nəcib (Konfutsidə) kişilərin işi ola bilər. Hamını özü kimi yaşamasını təsəvvür edən insanlar dərin insan ola bilməz. Onların mülahizələri də bitkin olmaz. Çünki diletantlara da elə gəlir ki, hamı onlar kimi yaşayır və düşünür.
“Millət ataları” adını qazanan dövlət rəhbərləri millətin hər bir üzvünün həyatını özünün həyatı kimi düşünə biləndə və onların həyat lentlərini özünün yaşantıları kimi hiss edə biləndə bunu qazanır. Millət olmanın əlamətlərinin əsası da məmləkətin və ya dünyanın bu başında yaşayanın o biri başında olanın yaşamından xəbər tutması və ona verdiyi reaksiya ilə ölçülür. Deməli, millətə rəhbərlik edənlərin davranışından başlayır millət olmanın şərtləri. Rəhbərin verdiyi mesajlar, onun düşüncə tərzi və davranışları topluma millətolmanın meyarlarını aşılayır. Hümmət-milliyyət- millət fazasından keçmənin öz tələbləri və əsas prinsiplərini mahiyyəti ilə anlayan Elçibəy düşüncəsi bu cür ictimai əxlaqı formalaşdırmaq gücündə idi. Lakin PostElçibəy dövrü daha çox ictimai şüurda apolitik və sosial fleqmatizm tendensiyasını formalaşdırdı. Ona görə indi bizi öz başının hayında olan insan toplusu kimi görmək istəyirlər. Hərə özü üçün yaşasın. Hər bir kəsin özünün eqoist maraqları və dünyası olsun. Qarşılıqlı yardımlaşma və dayanıqlaşma ənənələri olmasın. Mənəvi tellər qırılsın. İnsanlar izolyasiyaya salınsın. Özü cızdığı dairədə fırlansın. Kənar impulslardan gözləntiləri tamamilə səfra ensin. Beləliklə, düşdüyü vəziyyəti alın yazısı kimi qəbul edib, taleyi ilə barışsın. Elçibəy “Bu mənim taleyimdir” kitabını yazanda da fatalizmi nəzərdə tutmurdu. Şəxsi taleləri millət yolunda şüurlu seçim olaraq dərk edib, onu millətə həsr etmənin örnəyini vermişdi. Hərənin bir müqəddəs tale yaratmasını nəzərdə tuturdu. İnsan azad seçiminə və iradəsinə söykənən bir tale...
Azərbaycanda susmağı təqdir edən fikirin əsaslandırması üçün mənasını tam anlamadıqları bir atalar sözünü bəhanə resepti kimi istifadə edirlər: “Danışmaq gümüşdürsə, susbaq qızıldır” Əslində danışa bilməməkdirsə, susmağın daha məqsədəmüvafiqliyini nəzərdə tutulan bu müdrik fikrə yalnış bir fon verilib. Fikirlərinə xüsusi önəm verdiyim Uğur Mumcunun bir fikri bu mənada düşünməyin, ardıncada danışmağın vacibliyini çox səlist ifadə edir: “İnsanlar yalnız danışdıqlarına deyil, həmdə susduqlarına görə məsuliyyyət daşıyırlar.” O şeylərdən danışmaq ki, o nəsnələri düşünməyi hər kəsin ağlı kəsmir. O kəslərdən danışmaq ki, onların danışmaq imkanları yoxdur və ya məhduddur. Belə insanların sözçüsü və tərcümanı olmalıyıq. Bəzi insanların düşdükləri vəziyyətin gerçəkliyi haqqında düşünmək və danışmaq sentimalizmini Tanrı seçilmiş bəndlərinə verir. Seçilmişlərdən olun!
Paylaş: