Sovet hakimiyyəti dövründə Azərbaycanda tədris olunan bütün təbiət elmlərinə aid dərs kitablarının rus dilindən tərcümə olunduğunu bilirsinizmi? Sən demə, bizim Elmlər Akademiyasında yüzlərlə alim olduğu halda heç biri dərslik kitabı yazmağa cəsarət etmirmiş. Bu cəsarətsizlikdə, sözsüz ki, sovet imperializminin başqa respublikaların elmi inkişafını əngəlləmək siyasəti də mühüm rol oynayıb.
Bu xof o qədər güclü olub ki, 1980-ci illərdə sovet hakimiyyətinin repressiv gücü zəifləməyə başlayanda belə, Azərbaycan alimləri öz dilimizdə dərslik kitabları yazmağa cürət etməyiblər. Bəzi alimlər bu xofu qırmaq təşəbbüsü göstərsələr də, məqsədlərinə tam nail olduqlarını söyləmək çətindir. Sinəsini qabağa verən belə alimlərdən biri də Hüseynov Əli Məhərrəm oğlu olub. O, ilk dəfə 1984-cü ildə orta məktəblərin 3, 4, 5, 6-cı sinifləri üçün “Təbiətşünaslıq” dərslikləri yazıb. Amma yazdığı dərslik kitabları yalnız 2005-ci ildən etibarən məktəblərdə oxudulmağa başlanıb.
Bəs, Azərbaycanlı məktəblilərə ilk dəfə öz dilimizdə Təbiətşünaslıq dərsliyi bəxş edən Hüseynov Əli Məhərrəm oğlu kimdir?
Tanınmış alimlə Bakı sanatoriyalarından birində təsadüfən üz-üzə gəlməyimizdən istifadə edib bu sualın cavabını özündən öyrənmək istədik.
83 yaşını arxada qoyan Əli müəllim 1935-ci il dekabrın 5-də Gürcüstanın Bolnisi rayonu Faxralı kəndində anadan olub. İlk təhsilini kənd orta məktəbində alıb. Oranı bitirəndən sonra ali məktəbə daxil olub. Məzun olduqdan sonra isə yenidən doğma kəndlərinə qayıdan Ə.Hüseynov orta məktəbdə müəllim işləyib:
“6 il orta məktəbdə dərs-hissə müdiri, müəllim oldum. Elmi dərəcə almaq məsələsi istədiyim üçün 1965-ci ildə yenidən Bakıya qayıtdım və aspiranturaya daxil oldum. 1968-ci ildə, nəhayət, elmlər namizədi dərəcəsini aldım. Elmi dərəcə aldıqdan sonra Təhsil Problemləri İnsitutunda bir müddət elmi işçi kimi işlədim. Sonradan maaş az olduğu üçün buradan ayrıldım və 1971-ci ildən sonra Nəsrəddin Tusi adına Dövlət Pedoqoji İnsitutunda dərs dedim”.
Dediyinə görə, ali məktəbin prorektoru, həmsöhbətimizə yüksək qiymət verirmiş. Görünür, ona bəslənən etimad alimin formalaşmasında da mühüm rol oynayıb. 77 elmi kitabın müəllifi olan alim orta məktəblərə “Həyat bilgisi” fənnini gətirən şəxs kimi tanınır. 6-cı kitabı işıq üzü gördükdən sonra o, Xudu Məmmədov adına mükafata layiq görülüb. Hazırda ADPU-nun kimya-biologiya fakültəsində işləyir Professordur və Respublikanın Əməkdar müəllimi adını alıb.
Ona alimlik adı gətirən elmi işi pampıq toxumunda yağın miqdarı və bu yağının makro və mikro gübrələrin təsiri barədədir. Təcrübələrini Salyan rayonunda aparıb. Bildirdiyinə görə, elmi işini müdafiə edərkən pambıq toxumlarını yığıb və analizlərini vermək üçün Leninqrada gedib: “Çünki bizdə heç bir şərait yox idi. Mən burda pis vəziyyətə qalardım. Leninqradda Germakov var idi, o mənə təklif etdi ki, pambıq yağında E vitaminin təyini üzərində işləyək və birgə metod müəyyənləşdirək. Qəbul etdim, birgə metod üzərində işlədik. Sən demə, Germakov həmin bitkinin toxumundan başqa birinə də analiz üçün verir ki, görsün, mən onları aldadıram, ya yox. Elə olur ki, əks tərəfin analizinin nəticələri “E vitamini yoxdur” şəkilində olur. Mən isə “var” deyirdim. Gedib analiz aparan qızın necə işlədiyinə baxdım. Gördüm ki, səhvə yol verir; maddələrdən birini əskik qoyur. Sonra mən analiz etdim. Qız gəlib baxdı və dedi ki, alındı”.
19 fəlsəfə elmləri doktoru üzrə doktarant yetişdirən alimin tələbələrindən 1-i elmlər doktoru adını alıb.
“Who is who?” Beynəlxalq Ensiklapediyasında tərcümeyi-halı verilən alimin əsərləri dünyanın bütün elmi kitabxanalarında saxlanılır. Zaman-zaman uğurlarının sorağı okeanın o tayından gəlir. İlk böyük beynəlxalq uğuru 1998-ci ildə Amerika elm ictimaiyyəti tərəfindən ona verilən “Qızıl heykəl” mükafatıdır. Həmin mükafatı necə aldığını bu cür xatırlayır:
“Amerikadan məktub gəldi ki, mükafata layiq görülübsünüz, sənədlərinizi bizə göndərin. Mən də göndərdim. Bir-iki ay sonra növbəti məktub gəldi. Məni “Qızıl heykəl” mükafatına layiq görmüşdülər. Oranın Azərbaycan səfirliyi mükafatı almaq üçün təqdimat mərasiminə dəvət olunur. Məni də çağırmışdılar. İmkanım olmadığı üçün gedə bilmədim və mükafatı poçtla göndərmələrini xahiş etdim. Mükafatı poçtla göndərdilər”.
Əli Hüseynov ailəlidir, 1 oğlu, 1 qızı var.
Paylaş: