Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzər hövzəsi dövlətlərinin prezidentləri “Xəzərin hüquq statusu haqqında Konvensiya” imzalayıb. Bu sənədlə Azərbaycanın qərb sərhədlərinin hüquqları, eləcə də Xəzəryanı dövlətlər arasında daxili və ərazi sularının delimitasiyası (xəritədə qeyd olunmaqla dövlət sərhədinin razılaşdırılmasıi) müəyyənləşdirilib. Əslində 5 gün əvvəl 25 ilin müzakirəsindən keçərək razılaşdırılan Konvensiya yalnız hüquqi baxımdan deyil, həm də ictimai nöqteyi-nəzərdən əhəmiyyətlidir. Lakin, təəssüflə qeyd etmək istərdim ki, bununla bağlı geniş ictimai müzakirələrə rast gəlinmədi. Sanki, Azərbaycanın Xəzər dənizdə su sərhədlərinin müəyyənləşdirilməsi üzərindən hamılıqla sakitliklə keçirik. Bəlkə nə baş verdiyinin hələ fərqində deyilik. Məsələ burasındadır ki, rus və ingilis dillərində əlçatan olan Konvensiyanın hələ də Azərbaycan dilində variantı dərc edilməyib. Baxmayaraq ki, 24 maddədən ibarət olan Aktau Konvensiyanın sonuncu maddəsində onun digər dillərlə yanaşı Azərbaycan dilində də rəsmi dərci təsbit olunub.
Azərbaycan dilində versiyanın axtarışı heç bir nəticə vermədi. Xarici İşlər Nazirliyinin saytında yalnız nazir Elmar Məmmədyarovun Aktauda keçirilmiş Xəzəryanı dövlətlərin V Zirvə toplantısının nəticələrinə dair bir sıra informasiya agentliklərinə verdiyi müsahibənin xülasəsi yerləşdirilib. Prezident.az saytında isə bu barədə yalnız qısa məzmunlu informasiyalar və geniş profildə şəkillər təqdim edilir. Halbuki sənədin rus versiyasi kremlin.ru saytında elə həmin gündən yerləşdirilib. Hesab edirəm ki, ilk növbədə ölkə vətəndaşları ana dilində məlumatlandırılmalı və onların belə vacib sənədlərə rəy bildirməsi üçün informasiyaya çıxış təmin edilməlidir.
İkincisi, Konvensiyanın 22-ci maddəsində qeyd olunur ki, ölkədaxili prosedurlara uyğun olaraq Konvensiya üzv dövlətlərin ratifikasiyasına təqdim olunmalıdır. Odur ki, bu sənəd tezliklə Milli Məclisin müzakirəsinə çıxarılmalı və təsdiq edilməlidir.
Nəhayət, sənədin mətninə gəlincə, Xəzər dənizinin su sahəsi daxili sulara, ərazi sularına, balıqçılıq sahələrinə və ümumi su sahəsinə ayrılır. Bu Konvensiya yalnız su sahəsindən istifadə normalarına aydınlıq gətirir. Belə ki, hər bir dövlətə 15 mil və ya 24 km ərazi sularından sərbəst istifadəyə, eləcə də ərazi sularına bitişik olan 10 mil və ya 16 km sahədə balıqçılıq zonasını yaratmağa hüquq verir. Yəni, Azərbaycan bütövlükdə Xəzər dənizinin sahildən 40 km-ə qədər olan ərazi sularında müstəsna hüquqa malikdir. Bir sözlə Azərbaycanın Xəzər dənizindəki sektoru sahildən maximum 40 km-dir. Sektor daxilində Azərbaycan süni adalar, qurğular, qurğular, dənizaltı kabellər və boru kəmərləri çəkə, həmin sularda balıqçılıq sənayesi yarada bilər. Sektordan kənar ərazidə bütün məsələlər isə beynəlxalq hüquq prinsipləri və normalarını nəzərə alınmaqla yalnız sahil dövlətlərinin öz aralarındakı razılaşma əsasında tənzimlənir.
Yekunda onu qeyd etmək istərdim ki, bu Konvensiya əslində Xəzər dənizinin dibi ilə sərhədlərə və yeraltı sərvətlər üzərində mülkiyyət hüquqlarına da aydınlıq gətirməli idi. Konvensiya qeyd olunur ki, belə məsələlər çoxtərəfli deyil, ikitərəfli razılaşma ilə tənzimlənməlidir. Bu isə yerdə qalan bütün məsələlərdə (yeraltı sərvətlərdən və dənizin dibindən istifadədə) Rusiyanın nəzarətində olan sahil ölkələri nominal, əsasən Rusiya və qismən də İranla real razılaşma deməkdir.
Konvensiyada diqqəti çəkən məqamlardan biri də Xəzərdə yalnız sahil ölkələrinin hərbi dəniz donanmaları üzə bilər. Əslində ilk baxışdan normal təsir bağışlayan bu razılaşma daha çox İranın və Rusiyanın maraqlarına cavab verir və bu sahədə onların üstünlüyünə şərait yaradır.
Beləliklə, hesab edirəm ki, daha çox Rusiyanın maraqlarına cavab verən “Xəzərin hüquq statusu haqqında Konvensiya”nın imzalanmasını şimal qonşumuzun qələbəsi kimi dəyərləndimək olar. Fikrimcə, bu şərtlərlə Konvensiyanı imzalamayıb öhdəliklər götürməkdənsə, əvvəlki qaydada davam etmək Azərbaycanın maraqlarına daha çox cavab verirdi.
Paylaş: