Xəbər lenti

  

İş adamı Barat Abdullayevin məhkəmə prosesi davam edir.

"Ovqat.com"un  məlumatına görə, dünən Bakı Ağır Cinayətlər Məh­kə­mə­sin­də iş adamı Barat Abdullayevin həyat yoldaşı Təyminə Şamil qızı Abdullayevaya qarşı qaldırılmış cinayət işinə baxılıb.

Xatırladaq ki, Təyminə Şamil qızı Abdullayeva Azərbaycan Res­pub­li­ka­s­ı­nın Cinayət Məcəlləsinin 320.1, 320.2, 178.3.2. və 315.2-ci maddələri ilə təqsirləndirilir.

Hakim Ramella Allahverdiyeva məhkəmə iclasını açaraq, təq­sir­lən­di­rilən şəxs - T. Abdullayeva barəsində qaldırılan işə yenidən baxıl­dı­ğına dair məhkəmə iştirakçılarına məlumat verib. Daha sonra hakim şikayətçi sabiq polis əməkdaşı Oktay Məmmədovu (məcburi gətirilmə qərarı icraatının rəhbəri) dinləyib.

O. Məmmədov bildirdi ki, 2015-ci ildən 2017-ci ilin yanvar ayına qədər 17-ci polis bölməsində əməliyyat müvəkkili vəzifəsində çalışıb, bu iki il ərzində bir neçə belə məcburi gətirilmə qərarı icraatının rəhbəri olub. Bu işə gəldikdə isə, o, əvvəl verdiyi izahatını təsdiqləyərək şikayətçi olduğunu bildirib.

Şikayətçi sözünü bitirdikdən sonra hakim Ramella Allahverdiyevanın razılığıyla T. Abdillayevanın vəkili Janna Bağırova şikayətçiyə bəzi suallar verib.

J. Bağırova O. Məmmədovdan ilk əvvəl həmin günkü hadisəni bütövlüklə danışmasını istəyib.

Məmmədov qeyd edib ki, həmin gün müstəntiq Pərviz Məmmədzadə onu otağına çağıraraq 178.3.2 saylı qərarı verərək icra etməsini tapşırıb (qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirməklə bağlıdır).  Əmrdə icraçı kimi Oktay Məmmədov (məcburi gətirilmə qərarı icraatının rəhbəri) və Orxan Babayevin (keçmiş kiçik əməliyyat müvəkkili olub) adları qeyd olunub:

“Əmri götürüb getdik T. Ab­dul­la­yevanın yaşadığı evin qarşısına və saatlarca gözlədik ki, o, evdən çıxsın, biz də icraatımızı yerinə yetirək. Bir neçə saatdan sonra T. Abdullayeva bacısı Rəna və bacısı qızının hara­dan­sa gəldiklərini gördük. İcraatın rəhbəri mən olduğumdan T. Ab­dul­la­yevaya yaxınlaşdım və bildirdim ki, haqqında məcburi gətirilmə qə­rarı var və buna görə də bizimlə bölməyə gəlməlidir. Lakin o, sözlərimə əhəmiyyət vermədi, məni və əməkdaşımı təhqir və təhdid etdi. Məcburiyyət qarşısında qalıb Təyminə xanımı tutaraq maşına doğru gətirdik. Maşına mindirdikdə isə Təyminə xanım qollarımı, sinəmi dırnaqla cırmaqladı və məni itələdi. Bu zaman isə ayağım burxuldu”.

Bu hadisədən bir ilə yaxın keçməsinə baxmayaraq həmin ağrı hələ də ayağında hiss etdiyini deyən Məmmədov sözlərinə belə davam edib:

“Daha sonra Təyminə xanımı məcburi gətirmək üçün idarədən kömək istədik, çünki onun tutulmasında, gətirilməsində ətrafındakı qohumları mane olurdular. Bacısı Rəna mənim telefonumu və maşınımın açarlarını, Orxan Babayevin isə pul kisəsini götürüb Təyminənin buraxılmayacağı təqdirdə əşyalarımızı verməyəcəyini bildirdi. Əmrə tabe olmadığını görüb məcburi maşına otuzdurub əvvəl xanımın yaşadığı ərazi üzrə 26 saylı polis bölməsinə, daha sonra isə 17 saylı polis bölməsinə aparmışıq və Pərviz Məmmədzadənin dindirilməsinə verilmişik”.

Əvvəlki prosesdə olduğu kimi bu dəfə də Barat Abdullayevin nümayəndəsi Ceyhun Müslümov replikalar ataraq, qarşı tərəfin fikirlərini tez-tez kəsir və etirazını bildirirdi. Hakim Ramella Allahverdiyeva isə B. Abdullayevin nümayəndəsinin tələbini qəbul etməyib və Janna Bağırovanın sual verməyə davam etməsini istəyib.

Bağırova Orxan Məmmədova müxtəlif suallar ünvanlayaraq, düzgün və dolğun cavab verməsini tələb edib. Maraqlıdır ki, zərərçəkmiş Məmmədov suallara müxtəlif cavablar verərək mətləbdən yayınmaq istəyirdi. Məsələn, o, ifadəsində əvvəl qeyd edib ki, rəisin əmri əsasında T. Abdullayevanın evi qarşısına gəlib. Janna Bağırovanın sorğu-sualından sonra isə məlum olub ki, sabiq polis əməkdaşı mülki formada öz rəsmi vəzifəsini yerinə yetirməyə çalışıb və T. Abdullayevaya yaxşınlaşaraq, heç bir sənəd göstərmədən onlarla bölməyə getməsini tələb edib. T. Abdullayeva hansı əsasla gedəcəyini soruşduqda isə polislər qərarın maşında olduğunu deyiblər. Lakin nə T. Abdullayevaya nə də ki, onun yaxınlarına heç bir qərar göstərilməyib. Əksinə, zor tətbiq edərək T. Abdullayevanı güclə maşına əyləşməyə məcbur ediblər. Bu zaman T. Abdullayevanın etiraz edən yaxınlarına da əhəmiyyət verməyib, əksinə onlara qarşı da zor tətbiq ediblər.

Vəkil Janna Bağırova şikayətçiylə mükalimədən sonra üzünü hakimə tutub müvəkkilinin əslində təqsirləndirilən yox, zərərçəkmiş, onun haqqında irəli sürülən hər 4 maddənin isə əsassız olduğunu bildirib. Onun fikrincə, bu iş qarşı tərəfin sifariş əsasında həyata keçirdiyi planı olub.

Vəkil  bir daha xatırladıb ki, 17-ci polis bölməsinin rəisinə rəsmi surətdə yazılı müraciət edib. Müraciətə cavabında polis rəisi məcburi gətirilmə qərarının icrası barədə heç bir sənəd imzalamadığını bildirib. Vəkil həmin sənədi də məhkəməyə təqdim edib.

  

 

Bağırovanın sözlərinə görə, heç bir sanksiya olmadan istənilən adamı bu şəkildə polis idarəsinə aparmaq qeyri-qanunidir və bu, insan oğurluğu mənasına gəlir: “Üstəlik, polis əməkdaşlarının mülki formada Təyminə xanımın qarşısına çıxdıqlarını nəzərə alsaq, müvəkkilimin qeyri-qanuni tələbə müqavimət göstərməsinə təbii baxmaq və bu cür metodlarla işləyənlərin özünü hüquqi məsuliyyətə cəlb etmək lazımdır”.

Daha sonra T. Abdillayevanın digər müdafiəçisi Vasif İsrafilov bir neçə suallar verib. Suallarından biri də belə olub: “Siz şikayətinizdə qeyd etmisiniz ki, Təyminə xanım hər ikinizə xəsarət yetirib, həyat və sağlamlığa real təhlükə yaradıb. Mümkünsə, bu cümlənin dispozisiyasını izah edəsiniz; necə olur ki, 40-45 kq-lıq bir zərif xanım sizin kimi cüssəli polis işçilərinə belə bir xəsarət yetirə bilib?!”

O. Məmmədov bu sualı düzgün və dolğun cavablandıra bilməyib və sualdan yayınmaq istəyib.

Nəhayət, Hakim Ramella Allahverdiyeva Barat Abdullayevin nümayəndəsinə müvəkkilinin məhkəməyə niyə gəlmədiyini soruşub. B. Abdullayevin vəkili isə bildirib ki, o, müəyyən səbəblərdən gələ bilməyib, qismət olarsa, gələn prosesdə iştirak edəcək.

Növbəti proses mayın 31-ə təyin olunub

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 461          Tarix: 25-05-2017, 09:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma