Xəbər lenti
27-11-2024, 19:25

  

Elşad Paşasoy,

Musavat.com

Bir çoxları zənn edirdi ki, rəsmi Bakı Rusiyaya etiraz etməyəcək, Bako Saakyanın bu ölkəyə səfərinin üstündən sükutla keçəcək. Amma ehtimal özünü doğrutmadı, Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağ separatçılarının başçısının  Moskvaya getməsinə etirazını bildirdi.

Heç şübhəsiz Rusiya XİN də bəyan edəcək ki, Dağlıq Qarabağdakı qurumu müstəqil dövlət kimi tanımır və onun başçısının səfəri rəsmi şəkildə həyata keçirilməyib. Amma bu, nəyi dəyişir ki?..

Bundan qabaq Saakyan Fransa və ABŞ-da da peyda oldu. Bakı eyni qaydada Parisə və Vaşinqtona etiraz bildirdi. Amma daşdan səs çıxdı, Paris və Vaşinqtondan səs çıxmadı. Kimsə durub demədi ki, Saakyan soyadlı caninin, terrorçunun, başkəsənin Avropada, Amerikada nə ölümü var. Ciddi reaksiya, təpki olmadığı üçün erməni separatçısı Moskvaya - ATƏT-in Minsk Qrupunun üçüncü həmsədr dövlətinin paytaxtına da getdi.  

Əslində Bako Saakyanı qudurdan, qorxub-hürkmədən dünya turnesinə çıxmağa cəsarətləndirən elə həmsədr ölkələrdir. Saakyan Parisə getməzdən əvvəl kimləri qəbul etmişdi? Unudanlar üçün xatırladaq: Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin meri Şuşaya gəlmiş, orada “qardaşlıq” müqaviləsi imzalanmışdı. Eyni vaxtda ABŞ-dan gələn həkimlər qrupu Dağlıq Qarabağda pulsuz müayinə-müalicələr həyata keçirmişdilər.

Azərbaycan bu faktlara etiraz edəndə də Fransa XİN həmişəki nağılla cavab vermişdi: “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”. Sonra da ABŞ rəsmisi elə bu yazının müəllifinə demişdi ki, “şəxsən mən Dağlıq Qarabağa getmərəm”. Bunlar sadəcə, bizi yola verməklə məşğuldurlar. Biz deyirik niyə Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edənləri cəzalandırmırsınız, bunların qarşısını almırsınız, deyirlər onlar bizim rəsmi mövqeyimizi ifadə etmirlər.  

Erməni canisi Fransaya getməzdən əvvəl həmsədrləri qəbul etmişdi - “artsax bayrağı”nın fonunda. Bu faktın özü həmsdərlərin riyakarlığını göstərir. Bu, həm də o deməkdir ki, de-fakto həmsədrlər Paşinyanın arzusuna uyğun davranırlar, Dağlıq Qarabağı “tərəf” olaraq tanıyırlar. Əks təqdirdə niyə hər dəfə Ermənistandan Xankəndinə gəlib onunla da görüşürlər? Dağlıq Qarabağın Azərbaycanlı İcmasının nümayəndəliyinin yerini tanımayan həmsədrlər hər dəfə Saakyanla nə danışırlar, bilən varmı? Bu başkəsənin mövqeyi nə dərəcədə əhəmiyyətlidir?

Belə aydın olur ki, Saakyanı təlimatlandıran elə Minsk Qrupunun həmsədrləridir. Xankəndi görüşündən sonra Fransa, ABŞ və Rusiyaya edilən səfərin təşkilatçıları elə həmsədrlərdir. Əgər belə olmasa, Saakyanın səfərlərinə Bakının sərt reaksiyasından sonra həmsədrlər hərəkətə keçər, heç olmasa, bəyanat verib qondarma qurum rəhbərini sülh prosesinə zərbə vuran hərəkətlərdən çəkindirərdilər.

Fransa prezidenti Emmanuel Makron oktyabrda İrəvanda olarkən “ermənilər Fransa tarixinin bir hissəsidir və onun fəxridir. Ermənistan bizim üçün çox əzizdir” - demişdi. İşğalçı ölkəni “çox əziz” sayan Fransadan ədalət umuruq, hələ onun erməni separatçısına viza verməsindən təəccüblkənirik. Daha iç üzünü açıb bu ölkələr. Saakyanın ABŞ səfərində 12 saat davam edən marafonda Ermənistana və Dağlıq Qarabağa kömək üçün 11 milyon 109 min 633 dollar toplandı.  Terroru maliyyələşdirilməyin “müasir” formasıdır. O pullarla alınan silahla öz ərazimizdən bizə atəş açılır. 2 yaşlı Zəhra balamızın ölümündə Bako Saakyanı maliyyələşdirən həmsədr ölkələrin də məsuliyyəti var.

Belələrinə taleyimizi bunca etibar etdik, daha yetər! Torpaqlarımızın işğalında rolu olan bu güclər indi də ermənilərin ərazilərimizdə möhkəmlənməsi, məskunlaşması üçün pullarından keçirlər.

Ölkə prezidenti vaxtilə ad çəkməsə də, demişdi ki, Azərbaycanı güzəştlərə vadar etmək istəyirlər. Son hadisələr bir daha təsdiqləyir ki, Qarabağı bizdən qoparmaq istəyən təkcə Ermənistan deyil. ABŞ Ermənistanı qazanmaq üçün Qarabağdan da keçməyə hazırdır. BMT Təhlükəsizlik Şurasının üzvü olan bu ölkələr 4 qətnaməni çoxdan unudublar, Azərbaycanın ərazi bütövlüyünə səs vermədikləri vaxtdan...

Onların yaramaz fəaliyyətindən imtina üçün özləri fürsət verirlər. Saakyana qucaq açan paytaxtlar sifətini tam nümayiş etdirdi. Üçünə bir bəyanat yetərlidir. Rəsmi Bakıdan indi gözlədiyimiz tək budur...




Ana səhifəyə qayıt        Baxış: 631          Tarix: 26-11-2018, 08:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma