Xəbər lenti

 

“Muxtar Respublika iqtisadiyyatının ödədiyi vergilər babat bir şirkətin ödədiyi vergilər qədərdir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “AzPolitika.info”ya müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, 2018-ci il sizcə nələrlə yadda qaldı?

– 2018-ci il ölkədə sabitlik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri ilə yadda qaldı. Həm Respublika günü, həm Bakının azad olunması günü möhtəşəm hərbi parad keçirildi. Azərbaycan parlamentinin yüz illiyi yüzlərlə nüfuzlu xarici qonağın iştirakı ilə qeyd olundu. Bundan başqa ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlər, forumlar keçirildi ki, bunlardan da biri BAXCP-nin iştirakı ilə keçirilən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammiti oldu. Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbul olunması da böyük uğur idi. İqtisadi sferada manatın kursunun sabit qalmasını qeyd edə bilərik.

Üzücü hadisələr kimi Mingəçevir elektrik stansiyasında baş vermiş qəzanı və Gəncədə törədilmiş terror aktını qeyd etmək olar.

- Bəs bir deputat, partiya sədri kimi 2019-cu ildən gözləntiləriniz nədir?

– Düşünürəm ki, Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsi ilə torpaqlarımızın işğaldan azad olunmasına imkanlar yaranmışdır. Ümid edirəm 2019-cu il Qarabağın işğaldan azad olunması istiqamətində ciddi qərarların qəbul olunduğu il olacaq.

Bütün daxili və xarici müqavimətə baxmayaraq, Prezidentin sosial-iqtisadi sahədə islahatları genişləndirəcəyini də gözləyirəm. Bəzi vəzifəli şəxslər başa düşməlidirlər ki, keçmişdəki xidmətlərinin qarşılığını milyon dəfələrlə artıqlaması ilə alıblar. İndi isə dövrün çağırışları, onların da mənafeyi tələb edir ki, idarəetmə təkmilləşdirilsin, islahatlar genişləndirilsin.

Ölkəmizin güclənməsini istəyən bütün qüvvələr islahatların alternativinin ağır və üzücü böhran olacağını anlayıb, islahatları genişləndirmək üçün Prezidentə dəstək olmalıdırlar. 1993-cü ildə Prezident Elçibəyin komandasında da yaranacaq böhrandan faydalanacaqlarını düşünən iddialı insanlar var idi. Elçibəy devrildikdən sonra onların aqibətinin necə olduğunu hamımız gördük. Tarix ondan nəticə çıxarmaq üçün öyrənilməlidir…

Gələn il Naxçıvanın sosial-iqtisadi inkişafına dair Xüsusi Dövlət Proqramının qəbul olunacağına da ümid edirəm. Naxçıvan MR-in iqtisadiyyatının inkişaf etdirilməsi Qarabağın erməni işğalından azad olunması qədər vacib, təxirəsalınmaz və strateji baxımdan əhəmiyyətli məsələdir. Mən büdcə müzakirələri zamanı hökumətin diqqətini növbəti dafə Naxçıvanın problemlərinə yönəltmək istəyirdim, amma müzakirələr dayandırıldığından imkan olmadı.

- Belə bir proqramın qəbul olunmasını zəruri edən nədir?

– Azərbaycan Respulikasının Prezidenti Nazirlər Kabinetinin 2017-ci ilin iyulunda keçirilən iclasında və ondan qabaqkı müşavirələrdə söyləmişdi ki, “Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Bölgə rəhbərlərinin fəaliyyətinə həm də bu göstəricilərə görə qiymət veriləcək”. Cənab Prezidentin bu mövqeyinin nəticəsidir ki, ölkənin 34 şəhər və rayonu gələn ilin büdcəsindən nəinki dotasiya almayacaq, hətta Sumqayıt, Abşeron, İmişli, Mingəçevir, Şirvan, Yevlax, Qəbələ, Quba və s. bu kimi şəhər və rayonlar öz xərclərini qarşılamaqla yanaşı dövlət büdcəsinə 10 milyonlarla manat vəsait ödəyəcəklər. Yerdə qalan bütün digər bölgələrin hamısına isə birlikdə 104 milyon manat dotasiyanın ayrılması nəzərdə tutulur.

naxcivan

Naxçıvan blokada vəziyyətində olduğundan Cənab Prezidentin yuxarıda qeyd etdiyim fikirlərini, mənə görə Naxçıvana aid etmək doğru olmaz. Naxçıvan Muxtar Respublikasına 2019-cu ilin dövlət büdcəsindən 300 milyon 360 min manat dotasiya ayrılacaq. Naxçıvanın hər il artımla ayrılan dotasiya ilə yaşadığını mərkəzi mətbuatdan öyrənən yerli sakinlər buna görə ölkə Prezidentinə və hökumətə çox minnətdardılar. Məhz ayrılan dotasiya və ondan səmərəli istifadə hesabına regionda qaz və işıq problemi həll olunub, yollar çəkilib, məktəb, səhiyyə obyektləri, inzibati binalar tikilib, abadlıq işləri görülüb. Amma kasıblıq ucbatından qaz pulunu ödəyə bilməyən, kənd yerlərində yaşayan bir çox insanlar odunla evlərini qızdırır, odun sobalarda yemək hazırlayırlar. Naxçıvanda yaşayan əhalinin kasıb olmasını nəzərə alan hökumət təyyarə biletlərinin ucuz olması üçün AZAL-a əlavə olaraq büdcədən vəsait ödəyir. İnsanlar məşhur misalda deyildiyi kimi, “onlara balıq verməkdənsə balıq tutmağın öyrədilməsinin” daha səmərəli olduğunu söyləyirlər.

Gələn il Naxçıvan büdcəsinin yalnız 21.7%-i, yəni 83.3 milyon manatı yerli gəlirlər hesabına formalaşacaq. 455 mindən artıq insanın qeydiyyatda olduğu region üçün bu rəqəmin nə qədər kiçik olduğunu söyləməyə ehtiyac yoxdur. 341 min insanın yaşadığı Sumqayıtın gəlirləri 90 milyon manatdır. Muxtar Respublikanın 83.3 milyonluq yerli gəlirlərinə Naxçıvan MR Dövlət Gömrük Komitəsi tərəfindən toplanan vəsait də daxildir və bu vəsait də dövlət büdcəsindən daxil olan dotasiya kimi qəbul olunmalıdır. Dünyanın heç bir federativ və ya konfederativ dövlətində subyektlərin gömrük və miqrasiya xidməti yoxdur. Azərbaycan isə hətta unitar dövlətdir. Bu dövlət institutları müstəsna olaraq mərkəzi hakimiyyət tərəfindən formalaşdırılır və gömrük daxilolmaları yerli büdcəyə yox, dövlət büdcəsinə köçürülür. Keçmişdə Naxçıvanın iqtisadi durumunun daha ağır vəziyyətdə olmasını, blokada vəziyyətində yaşamasını nəzərə alaraq büdcə vəsaitləri hesabına əlavə iş yerlərinin açılması üçün Muxtar Respublikada DGK və DMX formalaşdırılmışdır. Amma bunun mənfi nəticələri ondan ibarət olmuşdur ki, bu gün Naxçıvandan Bakıya və əks istiqamətdə hərəkət edən, əşya və yük daşıyan insanlar gömrük yoxlamalarından keçmək və qanunsuz “rüsum” ödəmək zorunda qalmışlar, sanki başqa dövlətdən gələn əcnəbilər kimi.Hətta Avropa İttifaqının vətəndaşları belə bir üzv dövlətdən digərinə gedərkən gömrük yoxlamalarına məruz qalmırlar.

Ölkədə vahid gömrük tariflərinin olduğu halda haradasa gömrük nəzarəti yaxşı təşkil olunmayıbsa, qanunlar düzgün tətbiq olunmursa həmin problemlər həll olunmalıdır, daha vətəndaşlar bunun əziyyətini çəkməməlidir. Başqa bir təhlükəli vəziyyət isə ondan ibarətdir ki, gələcəkdə Dağlıq Qarabağa elan etdiyimiz geniş muxtariyyət statusu verəsi olsaq, onlara da özlərinin Dövlət Gömrük Komitəsini yaratmalarına razılıq vermək zorunda qalacağıq.

Muxtar Respulika DGK tərəfindən yığılan vəsait, o cümlədən Bakıdan verilən dotasiya və Prezidentin ehtiyat fondundan ayırdığı vəsaitlər hesabına maliyyələşdirilən investisiya layihələrindən daxil olan ƏDV, mənfəət vergisi və sosial müdafiə fonduna edilən ödənişlər 83.3 milyonluq yerli gəlirlərdən çıxılsa, Naxçıvan MR iqtisadiyyatının real durumunu göz önünə gətirmək olar. Bu zaman bəlli olacaq ki, Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının ödədiyi vergilər babat bir şirkətin ödədiyi vergilər qədərdir. Əlbəttə, kimsə düşünə bilər ki, yəqin vergidən yayınma halları var, yaxud toplanan vergi büdcəyə ödənilməyib mənimsənilir. Yox, belə deyil. Bu halda insanlar iş üçün Naxçıvanı tərk etməzdilər.
Naxçıvan MR-in duz, mineral sular və mərmər kimi təbii sərvətlərinin istifadəsindən gələn gəlirlər iqtisadiyyatın dirçəldilməsi üçün yetərli deyil. Naxçıvanda istehsal və emal müəssisələri yaradılmalı, sənaye inkişaf etdirilməlidir. Bu məqsədlə Naxçıvanın sosial-iqtisadi inkişafına dair Nazirlər Kabineti tərəfindən Xüsusi Dövlət Proqramının qəbul olunmasına ehtiyac var. Uzun müddətdir Naxçıvanda azad iqtisadi zona yaradılmasına dair aparılan müzakirələr yekunlaşdırılmalı, bütün korporativ maraqlar kənara qoyulmalı və bu barədə hökumət tərəfindən təcili qərar qəbul olunmalıdır. Belə olarsa həm Naxçıvandan, həm ölkənin digər regionlarından olan iş adamları, həm xaricilər ora investisiya qoyar, yeni iş yerləri açılar. Yaşamaq üçün iş yeri uğrunda mübarizə mənəvi dəyərləri deqradasiyaya uğratmaz, əhali kütləvi şəkildə Naxçıvanı tərk etməz.

Azad iqtisadi zonanın yaradılması sərhədyanı ticarətin inkişafına da öz müsbət təsirini göstərəcəkdir. Naxçıvanla sərhəd açılana qədər qardaş Türkiyənin İqdır şəhərindənəqliyyat vasitəsi kimi at arabasından istifadə olunurdu, amma indi Naxçıvanla sərhədyanı ticarətin nəticəsi kimi İqdır Türkiyənin ən inkişaf etmiş şəhərlərindən birinə çevrilmişdir. Eynilə, sanksiyalar altında yaşayan İranın Culfa şəhərində azad iqtisadi zona yaradılandan sonra sərhədin bu tayından müşahidə etdiyimiz hündürmərtəbəli binalardan ibarət yeni bir şəhər salınmışdır.

Naxçıvan MR-də iqtisadiyyatın inkişafı üçün iqtisadi azadlıqlar genişləndirilməli, sahibkarların aşağı faizli kreditlərə çıxışı təmin edilməlidır. Bu məqsədlə nüfuzlu xarici bankların Naxçıvanda filiallarının açılmasına nail olunmalı, Neft Fondunun vəsaitlərinin bir hissəsi Naxçıvandakı banklarda yerləşdirilməlidir.

Yalnız doğulduğum Əbrəqunus kəndindəki vəziyyəti təsvir etməklə nə qədər iş yerlərinin bağlandığını və nə üçün insanların Naxçıvanı tərk etdiyini diqqətinizə çatdıra bilərəm. İlk öncə qeyd edim ki, mərhum Prezident Heydər Əliyev ilk dəfə 1967-ci ildə bizim kənddən, Əbrəqunus seçki dairəsindən Azərbaycan SSR-in Ali Sovetinə deputat seçilmişdir və deputat vəsiqəsi Milli Məclisin muzeyində saxlanılmaqdadır. Əbrəqunus 1948-ci ilə qədər rayon mərkəzi olmuş, sonra isə Culfa ilə birləşdirilmişdir. Sovet hakimiyyətinin son illərinə qədər kənddə iki (internat və kənd orta məktəbi) məktəb, texniki peşə məktəbi, xəstəxana, ictimai iaşə obyektləri (yeməkxana, çayxanalar), klub, kitabxana, aptek, təqaüdçülər üçün ev, rabitə qovşağı, əmanət bankının filialı, poçt, sovxozun inzibati binası, kənd sovetinin inzibati binası, çörək zavodu, tədarük məntəqəsi, ən əsası, iki şərab zavodu mövcud idi. Hazırda məktələr birləşdirilib bir yeni məktəb, bələdiyyə və kənd icra nümayəndəliyi üçün inzibati bina, tibb məntəqəsi tikilib. Bundan başqa kəndimizdən olan xeyirxah insanların ianəsi hesabına mərasim evi və məscid də tikilmişdir. Yuxarıda sadaladığım idarə və müəssisələr bağlanıb, binaları isə kəndin mərkəzində xarabalığa çevrilib. Təəsssüf ki, heç kim uzun illərdir həmin yerləri alıb nəsə qurub-yaratmaq istəmir. Vaxtilə həmin müəssisə və idarələrdə yüzlərlə insan çalışırdı. Şərab zavodlarında işləyənlərlə yanaşa çoxlu sayda insanlar sovxozun üzüm bağlarında çalışırdı, həm də həyətyanı təsərrüfatlardan topladıqları üzümü şərab zavodlarına təhvil verib pul qazanırdılar. İndi zavodlar və üzüm bağları məhv edildiyindən və yeni iş yerləri açılmadığından o insanların çoxu, o cümlədən hərbi xidməti başa vuran gənclər iş tapmaq üçün İstanbula, Bakıya, Rusiyaya köçmüş və bu köç davam etməkdədir. Kənddə qalan ağsaqqallar isə oturmağa yer tapmadığından yayda kəndin mərkəzindən keçən soyuq qaz kəmərinin üstündə oturub, qışda isə ayaq üstündə dayanıb bir-biri ilə hal-əhval tutmaq zorunda qalmışlar. Oxşar vəziyyət yaşayış məntəqələrinin mütləq əksəriyyəti üçün səciyyəvidir. Hazırda İstanbulda, Bakıda naxçıvanlıların ayrıca qəbristanlıqları yaranmışdır. Naxçıvan qadınları İstanbulda yerli sakinlərin işləmədiyi kimyəsal fabriklərdə çalışmaqdadırlar. Uşaqları isə təhsil almaq imkanlarından məhrum olmuşlar. Bu problem deputat həmkarım Fazil Mustafa tərəfindən dəfələrlə Milli Məclisdə qaldırılmışdır. Naxçıvanlıların İstanbuldakı ağır həyatı barədə sosial şəbəkələrdə kifayət qədər ürək ağrıdan videoçarxlar mövcuddur. Bakıya köç etmiş naxçıvanlıların çoxu isə Bakiətrafı kəndlərdəki qeydiyyatsız gecəqondularda yaşayır.

Hökumət tərəfindən Naxçıvanda real vəziyyətin öyrənilməsi üçün mütəxəssislərdən ibarət işçi qrup yaradılsa daha üzücü mənzərə ilə üz-üzə qalarıq…

Hörmətli Baş nazirin də Naxçıvanda doğulub boya-başa çatdığını nəzərə alıb, ümid edirəm ki, O, Naxçıvandan köçün qarşısının alınması, insanların həyat şəraitinin yaxşılaşdırılması, Naxçıvan sakinlərinin öz yurdlarına Böyük Qayıdışını təmin etmək üçün min illər boyu Azərbaycan türklərinin yaşadığı qədim Naxçıvanın sosial-iqtisadi inkişafına dair Xüsusi Dövlət Proqramının qəbul olunması, Naxçıvan MR-in Azad İqtisadi Zona elan olunması məsələləri ilə yanaşı Əbrəqunusun rayon statusunun bərpa olunması məsələsini də Nazirlər Kabinetində müzakirə edərək ölkə Prezidentinə zəruri məlumatları təqdim etməklə müvafiq qərarların qəbul olunması üçün səylərini əsirgəməyəcəkdir.

Sonda xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, hər bir vətəndaşımıza xoşbəxtlik və xoş güzəran arzu edirəm. Allah xalqımızı qorusun!

Rasim ƏLİYEV




Ana səhifəyə qayıt        Baxış: 692          Tarix: 31-12-2018, 01:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma