Xəbər lenti

 

İş adamı Sahib İbrahimov hakim qarşısına çıxarılıb. Onun cinayət işi üzrə növbəti məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilib.

Məhkəmə prosesində zərərçəkmiş Səmayə Babayeva ifadə verib.

Zərəçəkmiş qadın Sahib İbrahimovu tanımadığını, 2013-cü ildə mənzili Eldəniz Cəfərovdan 141 min manata aldığını söyləyib.

O deyib ki, istintaqa çağrılanda mənzilinin başqa şəxslərə satıldığını bilib. Evi 3 nəfərə satılan zərərçəkmiş bundan xəbərsiz olduğunu və hazırda şikayətinin olmadığını deyib.

Digər zərərçəkmiş Gülbacı Hüseynova da məhkəmədə dindirilib.

Zərərçəkmiş söyləyib ki, həyət evlərini Sahib İbrahimova verib və bunun qarşılığında ona 8 mənzil vəd edilib.

"Sahib müəllimlə danışdıq, mənzilləri isə bizə Məzahir Cəfərov göstərdi. Sonra problem yarandı, biz şikayətçi olduq. Bundan sonra zərərimiz ödənildi və şikayətim yoxdur"- deyə zərərçəkmiş söyləyib.

Mədinə Bağırova da zərərçəkmiş kimi dindirilən zaman ifadəsində söyləyib ki, 2015-ci ildə Xətai rayonunda Məzahir Cəfərovdan 74 min manata ev alıblar. İstintaq dövründə evlərinin başqa şəxslərə satıldığını öyrənən zərərçəkmiş bildirib ki, hazırda da həmin mənzildə yaşayırlar.

Növbəti məhkəmə prosesi yanvarın 16-na təyin edilib.

Xatırladaq ki, adı daha əvvəl də bir neçə cinayətdə hallanan S.İbrahimov bu dəfə də dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi cinayət əməllərini törətməkdə günahlandırılır.

Ev dustaqlığında olan S.Ibrahimov barəsindş cinayət işi əvvəl “Sahil-D Kompani” şirkətinin vəzifəli şəxsi Adilağa Hüseynov barəsindəki işlə birgə aparılıb. Daha sonra S.İbrahimovla bağlı materiallar ayrıca icraata götürülüb.

İttihamda göstərilir ki, Sahib İbrahimov “STS” şirkətinin 95 faiz payçısı və “Sahil-D Kompani” şirkətinin 25 faiz payçısı olub. Bu işləri görərkən isə onun iş ofisi qardaşı İbrahim Nehrəmliyə məxsus “Avesta” şirkətinin binasında olub.

Həmin ofisdə təsisçisi olduğu şirkətlərin tikdiyi binalardan mənzilləri ayrı-ayrı müştərilərə təkrarən satıb.

Sahib İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Bildirək ki, S.İbrahimov həbs edilmiş daha sonra isə ev dustaqlığına buraxılımışdı.

S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

İlkin Muradov
Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 556          Tarix: 9-01-2019, 12:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma