Xəbər lenti
Dünən, 19:25

 

Moderator.az tanınmış ictimai-siyasi xadim, sabiq deputat Maksim Musayevin 20 Yanvar faciəsindən sonrakı ilk günlərdə Azərbaycanın siyasi elitasında baş verən olaylar və ayrıca yanvarın 24-25-də  Azərbaycan KPMK-nın 1-ci katibinin seçilməsi ilə bağlı plenumda şahidi olduqları barədəki söhbətini təqdim etmişdi. Lakin artıq 29 il ötməsi səbəbindən həmsöhbətimiz həmin plenumda respublika rəhbəri(1-ci katib) seçilmiş Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovun çıxışlarının məzmununu unutduğunu bildirmişdi.  Qeyd edək ki, o dövrdə Moskvanın Bakıda tətbiq etdiyi fövqəladə vəziyyət, komendant saatı, yaratdığı xof səbəbindən  20 Yanvar qətliamı ilə bağlı keçirilmiş rəsmi tədbirlər, eləcə də  Ali Sovetin məlum sessiyası və MK-nın plenumunda stenoqram, video-çəkiliş məsələsi problemə çevrilmişdi...  

Araşdırmamız zamanı eks-prezident Ayaz Mütəllibovun, eləcə də həmin dövr üçün bir neçə aparıcı şəxsin 24-25 yanvar 1990-cı il plenumundakı çıxışlarının bəzi məqamlarının əks olunduğu  stenoqramı əldə etdik. Vəd etdiyimiz kimi, o günlər baş  verənlər haqda oxucularda daha aydın təsəvvür yaransın  deyə,  həmin  tədbirdə Nazirlər Sovetinin sədri kimi iştirak etmiş A.Mütəllibovun çıxışından parçaları nəzərinizə çatdırırıq:

 

“Yoldaşlar, dayanın, əgər mən səmimi olmaq istəyirəmsə və əgər siz məndən soruşursunuzsa, onda mən heç bir etiraz olmadan cavab verərəm, mən heç nə əlavə etmək istəmirəm. Cavab verirəm: Mən nə eşitmişəmsə, onunla da sizə cavab verdim. Mən N. İ. Rıjkovla(  o günlər SSRİ Nazirlər Sovetinin sədri- S.L.) iki dəfə danışmışam, budur, yoldaşlar şahiddirlər. Birinci söhbət zamanı ona belə dedim:

“Biz sizə yalvarırıq, biz xahiş edirik ki, yoldaş Yazova zəng edəsiniz. Bu işləri səhərə qədər təxirə salın. Biz səhər büronu çağıraq və məsələləri həll edərik. Bizdə rəhbərlik böhranı vardır. Biz bu məsələni həll etməliyik. Onda orduya da bir ehtiyac olmaz...”

İkinci söhbət zamanı Rıjkova dedim ki, bunu etmək olmaz. “Bizdə xeyli rus yaşayır, siz onları dəhşətli vəziyyətə qoyursunuz. Siz Azərbaycanda yaşayan rusları çox ağır vəziyyətə salırsınız. Bunu etmək olmaz, biz sizdən çox xahiş edirik, yalvarırıq. Bu məsələni həll etmək üçün bizə səhərə qədər imkan verin...”

...Yoldaşlar, bu, MK-nın məlumatından deyildir, bu, mərkəzin platforması deyildir, mənim öz platformamdır. Əziz yoldaşlar, son vaxtlar respublikada baş verənləri görməmək, meydanda, MK binası qarşısında edilən çağırışları eşitməmək, bunlara əhəmiyyət verməməyə çalışmaq, hadisələrin ancaq bir tərəfini nəzərə almaq olmaz. Hiddət! Mən də bununla razıyam, hər bir xalq belə qoşun yeridilməsinə hiddətlənə bilər və onun buna haqqı vardır. Lakin hər şeyi axıra kimi təhlil etmək lazımdır. Burada plenum yığışıb. Hər birimiz, MK-nın hər bir üzvü, Mərkəzi Komitə, MK bürosu Azərbaycanda baş verənlər üçün məsuliyyət daşıyır. Xalq nə üçün Xalq Cəbhəsinin ardınca getdi? Məgər onun nə üçün getdiyini bilmirik? Məgər xalqın nə haqqında danışdığını, hansı narazılıqların, şikayətlərin olduğunu bilmirik? Məgər biz bundan vaz keçib ancaq bir məsələyə baxa bilərik? Mən ancaq ona təəssüf edirəm ki, Xalq Cəbhəsində hamı bunu başa düşmür. Orada yaxşılar — bacarıqlı vətənpərvərlər də vardır. Biz onlarla əməkdaşlıq etməliyik. Çünki onlar öz xalqının əsl oğullarıdır. Onlar xalq üçün xoşbəxtlik istəyirlər, bizdə olmuş, olan və hələ də baş verən biabırçılıqlardan qəzəblənirlər. Eyni zamanda orada mürtəce əhval-ruhiyyəli adamlar da vardır. Yeri gəlmişkən, deyim ki, bunlar özləri onları pisləyirlər...

Vətənpərvərlik hisslərinin təsiri altında gənclərə: «Gedək Vətəni müdafiə edək», — demək kifayətdir ki, hər bir gənc özünü tankın altına atsın. Lakin bunu etməzdən əvvəl onun nəticələri barədə düşünmək lazımdır. Bu baxımdan bizə tam etimadsızlıq göstərildi ki, siz artıq heç nə edə bilmirsiniz, biz hakimiyyəti öz əlimizə alırıq... Axı siz görürsünüz ki, hər şey dayanıb...».

(Sonra elə uzun-uzadı müzakirələr gedir ki, istər-istəməz konkret suallar verilir)

A.N. Mütəllibovun belə suallara bir cavabı var: «Mən indi sizə konkret müqəssirlərin adlarını çəkə bilmərəm...”

Təqdim etdi: Sultan Laçın




Ana səhifəyə qayıt        Baxış: 511          Tarix: 30-01-2019, 23:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma