Xəbər lenti

 

Prezident İlham Əliyevin mart ayının 16-da imzaladığı əfv fərmanına müxtəlif yanaşmalar var. İçərilərində ən radikal müxalif liderlərin də bulunduğu əksəriyyət bu addımı humanizm nümunəsi kimi qəbul və təqdir edirlər. Kiçik bir azlıq isə ölkə başçısının bu insancıl addımına kölgə salmağa çalışır, imzalanan fərmanı xarici və daxili təzyiqlərin nəticəsi kimi qiymətləndirirlər. Halbuki cənab İlham Əliyev 16 illik hakimiyyəti dövründə xarici basqılara əhəmiyyət vermədiyini, bütün addımlarını milli maraqlar çərçivəsində atdığını dəfələrlə sübuta yetirb. Onun son əfv fərmanı da bu qəbildən olan addımlardan biridir. Təsadüfi deyil ki, xarici hesabatlarda adları siyasi məhbus kimi düşənlərin bəziləri Prezidentin imzaladığı əfv fərmanına salınmayıb. Elə faktın özü də ölkə başçısının xarici basqılarla deyil, öz iradəsi və mərhəmət hissiylə hərəkət etdiyini təsdiqləyir.

Prezidentin 2003-cü ildən bəri davam etdirdiyi hakimiyyət illərinə nəzər salsaq, son əfv fərmanının ilk olmadığını görə bilərik. Bu 16 illik hakimiyyət dövründə ölkə başçısı analoji 33 fərman və sərəncam imzalamaqla minlərlə insana azadlıq bəxş edib. Bildirildiyinə görə, bu fərmanlar nəticəsində 5 minə yaxın məhkum əfv olunmuş, onlardan 4500-dən çox şəxs azaqlığa qovuşmuşdur. Təkcə 2018-ci il 24 may tarixli sərəncamla 634 şəxs əfv olunmuşdur. Hər bir məhbusun ailələrini, qohum və dostlarını nəzərə alsaq, İlham Əliyevin bu addımlarının nə qədər evə sevinc gətirdiyini anlamaq çətin deyil.
Ölkə başçısı öz humanizmi ilə atasının siyasi mirasını davam etdirməsi də bu mərhəmət duyğusunun hansısa xarici və daxili basqılardan qaynaqlanmadığını, Azərbaycan dövlətçilik ənənəsinin uzun illərdən bəri davam edən xarakterik özəlliyi olduğunu sübuta yetirir. Sirr deyil ki, mərhum prezident və ümummilli lider Heydər Əliyevin dövründə də analoji addımlar atılırdi, özü də təkcə hansısa ayrıca götürülmüş şəxslərə verilən əfv fərmanları ilə yox, müxtəlif illərdə qəbul olunan böyük amnistiyalarla. Məlumatlara görə, 1995-ci ildən indiyə qədər 11 amnisitiya aktı qəbul olunub və bu aktdan 117 minə yaxın məhbus faydalanıb. Onlardan böyük əksəriyyətinin cəza müddəti azaldılıb, 30 mindən çox insan isə azadlığa buraxılıb.
Cənab İlham Əliyevin hakimiyyəti dövründə onun xanımı da bu humanizm aktlarının hazırlanmasında rol almağa başlayıb və mərhəmət duyğusu Prezident ailəsinin rəmzlərindən birinə çevrilib. Ümumiyyətlə son 4 amnistiya aktının (2007, 2009, 2013, 2016) Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslər nəticəsində qəbul edilməsi də fikrimizi təsdiqləyir.

Xüsusilə dövlət və milli bayramlarda həbsdən azad olunan həmin insanlar arasında ölkə başçısına ən qatı düşmən olanlar da, dövlət çevrilişinə cəhd edənlər də olub. Faktiki olaraq öz rəqiblərinə mərhəmətli davranmaqdan çəkinməyən Prezidentin bu mövqeyi bir çox hallarda düşmənləri tərəfindən də müsbət qiymətləndirilib və onların hakimiyyətin ən yaxın dostuna çeviriblər. Aralarında bir sıra deputatların, jurnalistlərin, partiya liderlərinin də olduğu bu insanların Prezidentə təşəkkür borcunu dostluq mesajları ilə qaytarmalarına bir çox məkrli insanlar dodaq büzsələr də, əslində humanizmin bu cür müsbət nəticələri qətiyyən gözlənilməz deyil və tarix boyu dəfələrlə təkrarlanıb. İslam tarixinin ən ədalətli və güclü qəhrəmanı Həzrət Əli barədə nəql edilən bir əhvalat bunun ən bariz örnəklərindəndir. Məlumata görə, döyüşlərdən birində müşriklərin ən güclü cəngəvərini məğlub edən Həzrət Əli ona son zərbəni vurmaq istərkən düşməninin ağır təhqirilə üzləşir. Ölüm ayağında belə imamın üzünə tüpürmək iyrəncliyi göstərən bu adamı cəhənnəmə vasil etmək fikrindən vaz keçib sərbəst buraxan Həzrət Əli qılıncını qınına salır. Onu niyə öldürmədiyini soruşan düşməninə isə belə cavab verir:

-Mən səninlə Allah rizası üçün savaşırdım. Sən mənim üzümə tüpürəndə isə bu müqəddəs hissə öz nəfsim də qarışdı. Şəxsi nəfsimə bulaşmış bir hisslə səni öldürmək ilahi davaya kölgə sala bilərdi.

İmamın bu sözlərindən sonra həmin müşrikin islamı qəbul etdiyi və döyüşlərdən birində şəhadət şərbəti içdiyi bildirilir. Prezident İlham Əliyevin onu özünə düşmən bilənlərə qarşı eyni həssasiyyətlə yanaşdığı ortadadır. Xüsusilə son əfv fərmanında onlarla siyasi məhbus hesab edilən insanları azadlığa buraxması ən böyük hümanzm nümunəsi kimi yaddaşlarda qalacaq.

Görünür, bəzi müxalif liderlər də məhz bu baxımdan Prezidentin son əfv fərmanını yüksək qiymətləndirir, ona böyük dəyər verirlər. Düzdür, məhbəsdən azad olunanlar arasında belə, bu yüksək humanizm aktını düzgün qiymətləndirməyənlər də var. Bəziləri hətta bunu açıq dilə gətirməkdən belə çəkinmir, azadlığa qovuşduqları üçün xarici qüvvələrə minnətdar olduqlarını bildirirlər. Sözsüz ki, bu fikirlər Prezidentin mərhəmət hissinə kölgə salmır, sadəcə sözügedən mərhəmət hissinin fərqli vicdanlarda fərqli şəkildə inikas olunduğunu göstərir. Bu da təbiidir; hər ayna qarşısında dayandığı nəsnələri öz təbiətinə uyğun şəkildə əks etdirir.

Humanizm qarşılıq güdülməyəndə əsl möhtəvasına qovuşduğundan, İlham Əliyevin əfv fərmanına fərqli münasibətlər də onun rəhmdilliyini, hər hansı bəd niyyət daşımadığını, saf bir insani duyğudan nəşət tapdığını bir daha ortaya qoyur. Bir daha sübut edir ki, Prezident hətta öz düşmənlərini belə əfv edəcək qədər böyük şəxsiyyətdir. Onun bu mərhəməti qarşısında göstərilən naşükürlüyü düşünəndə yenə Həzrət Əlindən nəql edilən məşhur bir hədis yada düşür: Həmin hədisə görə, İmamdan dəfələrlə “biri sənə pislik edərsə, sən ona necə cavab verərsən”deyə soruşurlar. İmamın cavabı “yaxşılıqla cavab verərəm” olur. İsrarlı pisliyə qarşı israrlı yaxşılığın hikmətini xəbər alanda isə verdiyi cavab belə olur:
-Kimsə öz pisliyindən əl çəkmək istəmirsə, mən niyə yaxşılığımdan vaz keçim.

Başqa sözlə desək, “Yeməyəcəyin balığı tutdunsa at suya, balıq bilməsə də, Xalıq biləcək”.

Mürvət Həsənli,
ADAM




Ana səhifəyə qayıt        Baxış: 1 203          Tarix: 18-03-2019, 22:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma