Sentyabr ayının 1-i bəşəriyyətin yaddaşına həkk olunmuş ən böyük silahlı qarşıdurmanın, İkinci Dünya Müharibəsinin başlanmasının 80-ci ildönümü qeyd ediləcək.
O dövrdə mövcud olan 73 dövlətdən 62-i adıçəkilən müharibədə (dünya əhalisinin 80%-i) iştirak edirdi. Hərbi əməliyyatlar 3 qitənin ərazisində və dörd okeanın sularında aparılırdı.
Bu qanlı müharibədə nə az, nə çox, 55 milyon insan həlak olub ki, bunun da 27 milyonu keçmiş Sovet İttifaqının payına düşür. Təbii ki, müharibədə igidlik göstərərək həlak olanlar sırasında Azərbaycanımızın qorxmaz oğul və qızları da var. Amma qeyd etmək lazımdır ki, həyatını itirənlərin xeyli hissəsi konsentrasiya düşərgələrində işgəncələrə məruz qalaraq öldürülən, eləcə də müxtəlif xəstəliklərdən və aclıqdan dünyasını dəyişən mülki əhalidir.
Sovet-alman cəbhəsində sovet ordusu tərəfindən faşist diviziyalarının, onların müttəfiq və satellitlərinin 80 faizdən çoxu darmadağın edildi. Müharibədən dərhal sonra bütün dünya bu danılmaz faktı qəbul etdi.
Sentyabrın 1-də faşist təcavüzünə məruz qalan ilk Avropa dövləti olan Polşa II Dünya Müharibəsinin başlanmasının 80 illiyi münasibətilə silsilə tədbirlər keçirməyi planlaşdırır.
Qeyd edək ki, nasist Almaniyasının hücumu və İkinci Dünya Müharibəsinin başlandığı gün - sentyabrın 1-də ölkədə ənənəvi olaraq anım tədbirləri keçirilir.
Bu ilki yubiley tədbirlərinə NATO-ya üzv ölkələr, Avropa Birliyi və Şərq Tərəfdaşlığı (ŞT) nümayəndələri dəvət olunub, Rusiya isə dəvətlilər sırasında yoxdur.
Yubiley tədbirlərinə işğalçı dövlət Almaniya da dəvətlidir.
Varşava Donald Trampın gəlişinə xüsusi ümid bəsləyir. Ağ Ev hələlik rəsmi cavab verməyib, bununla belə Polşada artıq Trampın avqustun 31-də ölkəyə gəlib sentyabrın 1-dək orada qalacağı bildirilir. Polşa mətbuatı yazır ki, buna ümid edən ölkə rəhbərliyi xatirə tədbirlərini Qdanskdan Varşavaya köçürməyə hazırlaşır.
Müharibənin başlanmasının 80 illiyi ilə bağlı tədbirlərdə Rusiyanın olmamasını rəsmi Varşava 1939-cu ildə beynəlxalq hüquq normalarının pozulması ilə izah edir. Xatırladaq ki, İkinci Dünya Müharibəsi 1939-cu ilin 1 sentyabrında Almaniyanın Polşaya hücumi ilə başlayıb. Bundan sonra Polşa ərazisinin bir hissəsi Almaniyaya, digər hissəsi isə Sovet İttifaqına verilib.
Rəsmi Varşava həmçinin bildirir ki, Rusiyanın dəvətlilər siyahısında olmamasının daha bir səbəbi Ukraynanın cənub-şərqindəki silahlı qarşıdurmadır.
“Polşaya qarşı silahlı təcavüzün ildönümünü bu gün qonşusuna qarşı bu cür münasibət göstərən bir liderlə qeyd etmək doğru olmazdı”? - rəsmi Varşavanın mövqeyi belədir.
Yəhudi əsilli ictimai–siyasi xadim, beynəlxalq münasibətlər üzrə ekspert, CIPDH-nin (Fransa Beynəlxalq İnsan Hüquqları Mühafizə Komitəsi) beynəlxalq əlaqələr üzrə sədri, AZER-İSRA Holdingin prezidenti, İSRA-AZER iş adamları birliyinin rəhbəri, "SAFADİ" adına Beynəlxalq Diplomatiya Akademiyasının sədri, sülhməramlı səfir Aleksander Şapiro Suliman “Hürriyyət”ə açıqlamasında sözügedən məsələyə münasibət bildirib:
“Məlum olduğu kimi, bu il Varşava II Dünya Müharibəsinin başlama tarixini hazırkı müttəfiqləri ilə birgə qeyd etmək qərarına gəlib.
Polşa prezidentinin mətbuat xidməti bəyan edib: "Polşa bu dramatik hadisələri bu gün beynəlxalq hüquq normalarına əməl edilməsi prinsiplərinə əsaslanaraq, bütün dünyada sülhün bərqərar olması naminə yaxından əməkdaşlıq etdiyimiz ölkələrlə birlikdə qeyd edəcək".
Bəyanatda o da vurğulanıb ki, dəvətlilər sırasında NATO-ya üzv ölkələr, Avropa Birliyi, Şərq Tərəfdaşlığı nümayəndələri, eləcə də yubiley tədbirlərinin keçirilməsinin təşəbbüskarı olan ölkələrdən biri kimi Belarus var.
Tarixi məntiqə zidd olaraq və çox guman ki, müharibə salnaməsinin saxtalaşdırılması məqsədi ilə nasizmin darmadağın edilməsində böyük rol oynayan Rusiya, eləcə də keçmiş SSRİ-nin digər respublikaları, o cümlədən öz qara nefti ilə qələbəyə əvəzsiz töhvə verən Azərbaycan yubiley tədbirlərinə dəvət olunmayıb. Amma dönəmin işğalçı dövləti olan Almaniya nədənsə dəvətlilər sırasındadır.
1939-cu ilin 1 sentyabrında Polşaya məhz Almaniyanın hücum etməsi respublikanı narahat etmir, çünki hazırda hər iki ölkə NATO və Avropa İttifaqının üzvüdür.
Bu məqamda biixtiyar özünə sual verirsən ki, bəs İkinci Dünya Müharibəsinin yekunlarına əsasən yaradılan, məramı dünyada sülhü və təhlükəsizliyi qoruyub möhkəmləndirmək, ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək olan BMT hardadır?
Yenidən dirçəlməkdə olan faşizm problemini və 3-cü Dünya Müharibəsinin başlanma təhlükəsini vurğulamaq, eyni zamanda, müharibədə həyatını itirən 55 milyon insana və bəşəriyyətin xilası naminə şücaət göstərən ölkələrə təşəkkür bildirmək üçün bundan daha uyğun bir tədbir ola bilərmi?
Sözügedən tədbirin təşkilində aparıcı roldan yayınmaqla BMT, İkinci Dünya Müharibəsi tarixinin saxtalaşdırılmasına, siyailəşdirilməsinə və təhrif edilməsinə imkan yaradır.
Müasir Polşanın tarixi qələbənin əsas yaradıcısı Rusiyaya olan münasibətini nəzərə alsaq, BMT-nin hazırkı mövqeyi və davranışı ən azından qəribə görünür.
Sözügedən tədbir ölkələr və birliklər arasında əlaqələrin möhkəmlənməsinə kömək edə bilər. Təbii ki, əgər onun təşkilinə məntiqlə, ağılla yanaşılsa. Bu isə hazırkı vəziyyətdə yalnız BMT-nin nəzarəti ilə mümkündür.
Axı Polşanın Rusiyanın və keçmiş SSRİ-nin digər respublikalarının, eləcə də müharibənin ən ağır məhrumiyyətlərinə dözmüş Serbiya, Çin və s. kimi dövlətlərin iştirakı olmadan təklif etdiyi formatın məntiqsizliyi göz önündədir.
Varşavanın anlaşılmaz məntiqinə görə, təcavüzkar dövlət olan Almaniya və onun müttəfiqləri tədbirlərdə iştirak edir, antihitler koalisiyasının üzvləri isə dəvət edilməyib.
Gəlin hazırkı qonaqların siyahısını nəzərdən keçirək və artıq tarixə gömülən 1939-cu ili yada salaq. Sizcə, o zaman tədbirlərə hörmətli qonaq qismində dəvət alan hansı NATO, Avropa Birliyi, xüsusilə də Şərq Tərəfdaşlığı haqqında danışmaq olardı? Axı o dövrdə ən cəsarətli elmi fantastika müəllifləri belə bu cür qurumları xəyal etmirdilər.
Gəlin düşünək: bu yığıncağın üzvlərini nə birləşdirir və onlar hansı məqsədlə bir yerə toplaşırlar. İştirakçıların yarıdan çoxu ya Hitler tərəfdə döyüşüb, ya da müqavimət göstərmədən ona təslim olublar. Hətta neytral ölkələr belə Hitler Almaniyasını xammal, avadanlıq, silahla təmin edərək faktiki 3-cü Reyxə işləyib.
Rusiyanın iştirakı olmadan keçirilməsi planlaşdırılan bu yığıncaq mənə 1938-ci ilin payızında Münhendə təşkil olunan toplantını xatırladır. Əgər həmin yığıncaqda yeni dünya nizamının yaradılması və bəşəriyyəti “idarə etmək” istəyən növbəti şəxsə dəstək naminə müharibə etmək qərarına gəlsələr, əsla təəccüblənmərəm.
Doğrudur, Avropa şərqə aparan yolu tanıyır, amma unutmayaq ki, zaman dəyişib, buna görə də qiymət fərqli olacaq”.
Hazırladı: Banu OĞUZ,
Hurriyyet.org
Paylaş: