İsveçrədə yaşayan tanınmış jurnalist Elbəyi Həsənli də deputat Fazil Mustafanın başlatdığı Şah İsmayıl müzakirələrinə qoşulub.
Musavat.com xəbər verir ki, bu barədə status yazan E. Həsənli Fazil Mustafanın mövqeyini kəskin tənqid edib. Millət vəkili Fazil Mustafa onun bu statusuna cavab verib. Lakin həm də onu Facebook sosial şəbəkəsində dostluğundan silib: "Ədalətsiz davranışına görə"...
Elbəyi Həsənlinin və Fazil Mustafanın müvafiq statuslarını ardıcıllıqla təqdim edirik.
Elbəyi Həsənli: "İngilis dilində "corner stone" ifadəsi çox işlənir. Dilimizə "məhək daşı" və ya "guşə daşı" kimi tərcümə oluna bilər...
Sayın Fazil Mustafanın Şah İsmayılla bağlı mövqeyi şiddətlə tənqid olunur. Ancaq adam iki ayağını bir başmağa dirəyib ki, yox ki, yox. Şah İsmayıl pisdir, şərab içəndir...
1993-cü ildə Əbülfəz Elçibəyin fərmanı ilə “Şah İsmayıl” ordeni təsis edilib. O vaxt hökumətdə yüksək vəzifə tuturduz. Etirazı o vaxt edəydiz..
"Corner stone" ifadəsinə qayıdıram. Hər bir millətin "məhək daşı" sayıla biləcək şəxsiyyətləri var. Biz millət olaraq həmin o daşların üzərində bina olmuşuq. Siz isə deyirsiz ki, gəlin, o binanın özülündə yer alan Şah İsmayıla aid guşə daşını çıxarıb, ataq. Yəni, min illər ərzində qurulmuş o binanı öz əlimizlə öz başımıza uçuraq...
Bəli, Şah İsmayılı da tənqid etmək olar. Ancaq Şah İsmayılı kiçiltmək, onu şərab içən bir əyyaş kimi xalqa sırımağa çalışmaq, yolverilməzdir!
O, Səfəvilər dövlətinin banisi və Azərbaycan Türkünün dünya tarixinə atdığı silinməz imzadır...
Mən bu kimi eybəcər iddiaların Türkiyədəki bəlli dairələrin sifarişi ilə həyata keçirilməsinə inanmaq istəməzdim. Heç istəməzdim..."
Fazil Mustafanın cavabı: "Cənab Elbəyi Həsənli! Ümid edirdim ki, təcrübəli jurnalist kimi ən azı bir mətni oxuyub anlamalıydınız ki, müsahibəmdə Şah İsmayılın şərab içməsini irad olaraq səsləndirməmişəm. Sadəcə şiə anlayışı ilə ona bağlılığın bu dərəcədə aşırı olmasının anlaşılmadığını nəzərdə tutmuşam. Bu faktı da Füzuli "Bəngü-Badə"də bildirir. Mənbələr də onun Şeybani xanın kəllə sümüyündə şərab içdiyini təsdiqləyir. İkincisi isə ona görə 1993-cü ildə etiraz etməmişəm ki, o dövrdə mən də sizin indiki düşündüyünüzü düşünürdüm. Sonra çox sayda araşdırdığım mənbələr göstərdi ki, Ağaoğlu, Rəsulzadə, Zərdabi, Axundov, Mirzə Cəlil bütün bəlalarımızın kökündə Səfəvi zehniyyətinin durduğunu açıq və dolayı yolla ortaya qoyurlar. O zaman Nadirin Muğan qurultayında o möhtəşəm antisəfəvi çıxışından xəbərsiz idim və bu fikirləri də 1997-ci ildə çıxan "Azərbaycan türkünün iman davası" kitabımda və sonrakı onlarla məqaləmdə ifadə etmişəm. Əgər 1828-ci ildə rus işğalı olmasaydı, bu gün biz güneydəki azərbaycanlılardan fərqli durumda olmayacaqdıq. Əlbəttə, fərqli görüşlərdə ola bilərsiniz, ancaq bu formada şəxsimə qarşı hörmətsiz yanaşmanızı gözləməzdim. Azərbaycanda baş yarmalar, mərsiyələr, dini fərqliliyə görə insanı öldürmələr və məzhəb dövləti anlayışı məhz Səfəvilərlə başlayıb. Həmin məzhəb dövlətini də bu gün İran eyni qaydada qurub və 25 milyon azərbaycanlının bu ad altında anasını ağladır. Kiminsə türk olması bu kimi təzahürləri millətimizə xəstəlik kimi miras qoymasına əsas vermir. Təsbitiniz yanlışdır və əminəm ki, daha ciddi təhlil aparsanız, bu məsələyə niyə milli strategiyamızın vacib məsələsi kimi baxmamızın səbəbini anlayacaqsınız. Ədalətsiz davranışınıza görə virtual dostluğumuza da son qoyuram. Sayğılarımla".
Musavat.com
Paylaş: