Xəbər lenti
Bu gün, 19:25

 

“Bank olaraq Azərbaycan biznesinə daha çox vəsait ayırmaq marağımızdadır. Bunun üçün maliyyə vəsaitləri də var. Amma bazar özü buna tam hazır deyil”.

Bunu “Report”a açıqlamasında “Unibank” ASC-nin korporativ biznes üzrə baş inzibatçısı Tural Hüseynov yerli bankların manatın devalvasiyasından əvvəl olduğu kimi, yenidən istehlak kreditləşməsinə yönəlməsinə münasibət bildirərkən deyib.

Xatırladaq ki, Azərbaycan Dünya Bankının "Doing Business" hesabatında 25-ci pillədədir və dünyanın ən islahatçı 10 ölkəsindən biridir. Bununla belə, statistik göstəricilər yerli biznesin sözügedən hesabatla ayaqlaşa bilmədiyini göstərir. İyulun 31-də Prezident İlham Əliyevin yanında keçirilmiş müşavirədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bu ilin I yarısında ölkədə kredit qoyuluşunun 3,6% artdığını, lakin bu artımın istehlak kreditləri hesabına baş verdiyini bildirib.

“Başlıca olaraq bu artım 9%-dən çox istehlak kreditləri tərəfindən baş verib. Amma biznes kreditləri, real sektorda kreditlər bir qədər - 0,3% azalıb. Hesab edirik ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Həm bütövlükdə əhalinin borc yükünün artmasını, həm də bank sektorunun portfelində bunun 50%-ə yaxınlaşmasını izləməliyik ki, sabah bu, hansı problemlər yarada bilər. Bu gün bank sektorunda əhəmiyyətli likvidlik var. Amma biz yenə də görürük ki, biznes kreditləri artmır. Görünür, kompleks requlyativ, stimullaşdırıcı tədbirlər görmək lazım gələcək ki, bu kreditlər bütövlükdə real sektora getsin və bütövlükdə ölkədə daxili investisiya prosesini dəstəkləsin”, - deyə o, qeyd edib.

“Unibank” ASC-nin korporativ biznes üzrə baş inzibatçısı Tural Hüseynov

“Azərbaycan bazarı tam olaraq nağdsız dövriyyə ilə işləməyə hazır deyil”.

T.Hüseynovun sözlərinə görə, biznes kreditləri yalnız VÖEN-li sahibkarlara verilir və bu hesablar üzrə nağdlaşdırma imkanları qanunvericiliyin tələbləri baxımından bir qədər məhduddur: “Bazarda isə hələ də nağd əməliyyatlarla işləyən, nağdsız dövriyyədən kənar olan bizneslər çoxdur. Bu isə təbii ki o sahələri kreditləşdirməyə imkan vermir və eyni zamanda iş adamlarının ayrılan kredit vəsaitlərindən istifadə imkanlarını məhdudlaşdırır. Yəni bazar tam olaraq nağdsız dövriyyə ilə işləməyə hazır deyil. Son zamanlar VÖEN-li sahibkarların sayı artır və bu da ilin sonuna qədər biznes kreditləşməsinin daha da artacağını düşünməyə əsas verir”. 

“Bu gün Azərbaycan biznesinin maliyyə resurslarına çıxış imkanları məhduddur və bu məsələni dəfələrlə qaldırmışıq”.

Bunu isə “Report”a açıqlamasında Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham") icraçı direktoru Natəvan Məmmədova deyib.

Onun sözlərinə görə, bunun bir neçə səbəbi var: “Əgər kiçik və orta sahibkarlardan danışırıqsa, onlarda korporativ idarəetmə ilə bağlı vəziyyət, auditdən keçmə, şəffaflıq, uçot məsələləri burada öz rolunu oynayır. Bu məsələlərin qaydasında olmaması öz növbəsində bankların onları kreditləşdirmək imkanlarını məhdudlaşdırır. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, bu gün bazarda daha çox qısamüddətli – 1 ilə qədər kreditlərin verilməsinə imkan var və onlar da daha çox pərakəndə sahəyə yönəldilir. Yəni, uzunmüddətli kreditlər yoxdur. Bununla bağlı biz 2018-ci ildəki “Ağ sənəd”də mövqeyimizi bildirmişik. Orada göstərilir ki, həyata keçirilən makroiqtisadi sabitləşdirmə və adaptasiya prosesləri ölkədə makroiqtisadi sabitliyin əsaslarını yaratmaqla yanaşı, dayanıqlı iqtisadi artımın hərəkətverici hissəsi olan bank sektoru qarşısında bir sıra çətinliklər yaradıb. Bu çətinliklər sırasında ölkənin bank sistemində uzunmüddətli resursların kifayət qədər olmaması öndə durur. Belə ki, bankların öhdəliklərinin strukturunda fiziki və hüquqi şəxslərin hesablarında olan və bir ilədək müddətli vəsaitlərdən ibarət qısamüddətli öhdəliklər üstünlük təşkil edir”.

Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova

"Azərbaycanda biznes üçün uzunmüddətli kreditlər yoxdur".

N.Məmmədova qeyd edib ki, bunun nəticəsində banklar ya qısamüddətli kreditlər təqdim edir, ya da öz qısamüddətli öhdəliklərindən istifadə edərək uzunmüddətli kreditlər verirlər: "1-ci halda, əksər müəssisələr, xüsusilə də krediti investisiya layihələrinin maliyyələşməsinə yönəltmək istəyənlər bankların əhatə dairəsindən kənarda qalırlar. 2-ci hal isə bank sistemində likvidlik problemi yarada bilər”.

Onun sözlərinə görə, "AmCham" maliyyə sektoru üzərindəki təzyiqi azaltmaq və real iqtisadiyyatı stimullaşdırmaq üçün bir sıra tövsiyələri irəli sürüb: “Məsələn, dövlət kiçik və orta biznes sahiblərinə manatla, uzunmüddətli kreditlərin verilməsi üçün hər bir banka milli valyutada, aşağı faizlə kredit limiti ayıra bilər. Bu, həm AMB, həm də yeni yaradılmış məqsədli fondlar vasitəsilə etmək olar. Hazırda fəaliyyətdə olan fondların maliyyələşdirmə formatından fərqli olaraq ümumi limit çərçivəsində ayrılan hər bir fərdi kredit üçün əlavə təsdiqin tələb edilməməsi təklif olunur”.




Ana səhifəyə qayıt        Baxış: 306          Tarix: 9-08-2019, 09:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma