Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Bakıda ucaldılacaq abidəsinin ideya müəllifi xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur.
Heykəltəraş milli qəhrəmanın abidəsinin tələbələri tərəfindən hazırlandığını bildirib:
"Heykəlin müəllifləri Rahib Qarayev və Zamik Rzayevdir. İstedadlıdırlar. Hər il iki-üç nəfər bu cür istedadlı gənc çıxır, mən də çalışıram ki, Akademiyada onlar üçün iş yeri yaradım.
Albertin komandiri Akademiyaya gəlib mənə dedi ki, biz istəyirik Albert üçün büst düzəldəsiniz. Mən ona dedim ki, düzəldərik, ancaq büst yox, abidə. Qoy, şəhərimizdə Milli Qəhrəmanımıza abidə ucaldılsın. Bundan sonra vəsait ayrıldı. Ancaq o vəsait heç heykəlin materialının alınmasına çatmadı. Mən bu uşaqları çağırdım. Dedim heykəli bunlar işləyəcəklər. Amma mən ideya verdim ki, böyük abidə olsun, tank və qaya olsun, bir də qəhrəmanın öz fiquru görünsün. Mən necə dedimsə, onlar da eskizi o cür hazırlayıb gətirdilər. O işə əlimi də vurmamışam, sadəcə, ideya vermişəm. Demirəm, mən müəllifəm. Ümumiyyətlə, götürsək, dünyada belədir ki, ideya verən müəllif, düzəldən icraçı sayılır. Ancaq bu mənə lazım deyil. Mənə lazımdır, bütün şəhərimiz görsün ki, bizim heykəltəraşlarımız var və onlara iş versinlər. Siz görəcəksiz, necə gözəl abidə olacaq!"
Ömər Eldarov heykəltəraşlara öz cibindən qonorar ödədiyini deyib:
"Heykəlin hazırlanmasına ayrılan vəsait heç material alınmasına çatmadı. Albertin heykəlinin düzəldilməsinə öz cibimdən 8000 manat verdim".\\APA
Paylaş: