Onun adını çoxdan – orta məktəbdə oxuduğum illərdən eşitmişdim. Hər kəs onun ismini sayğı ilə çəkirdi. Təkcə rayonumuzda deyil, respublikamızda ən yaxşı həkimlərdən biri olduğunu deyirdilər. Şəxsi tanışlığımız isə 1999-cu ildən başladı. Söhbət həkim Əlixeybər Axundovdan gedir – həyatımdakı yaxşılardan biri olan Əlixeybər həkimdən.
1997-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakultəsini bitirib, müəllim kimi təyinatla öz kəndimizə - Salyan rayonunun Varlı kəndinə göndərildim. Böyük arzular və ideallarla əmək fəaliyyətinə başladım. İşimi çox sevir, hər gün sabahkı dərslərə ciddi şəkildə hazırlaşırdım. Dərslərdən əlavə müntəzəm olaraq yaradıcılıqla da məşğul olurdum. Tanınmış jurnalist Fəxrəddin Becanoğlunun redaktorluğu ilə “Yaralı Azərbaycan” adlı ilk şeirlər kitabım yenicə nəşr olunmuşdu. Bir müddət sonra səhhətimdə fikrimi tez-tez məşğul edən və məni qayğılandıran bir problem meydana gəlməyə başladı. Bu, sinir ağrıları idi. Ağrılar getdikcə məni daha çox rahatsız etməyə başlayınca, rayon mərkəzinə həkim yanına getməyi qərar aldım. Xəstəxanaya gedib ilk qarşıma çıxan nevropotoloqla görüşdüm. Adını söyləmək istəmədiyim bu şəxs soyuq və ünsiyyətsiz adam idi. Dərdimi dinləyəndən sonra bir dərman yazdı. “Bu dərmanı içəndən sonra yaxşı olacammı” – sualına soyuqqanlı şəkildə “hə” – cavabını verdi. Dərmanın qiyməti nə az, nə çox, düz “5 şirvan” elədi. Həmin vaxt bu, təxminən mənim yarım aylıq maaşım idi. Elə həmin gündən dərmanı içməyə başladım. Bir həftə keçdi. Durumumda heç bir fərq olmadı. Əksinə, dərmanın müsbət nəticə verməməsi gərginliyimi daha da artırdı. Yenidən həmin həkimin yanına getdim. Bu dəfə fərqi yoxlamaq məqsədi ilə 3 adda dərman yazdı - sanki üzərimdə təcrübə keçirmiş kimi. Həmin gün bu dərmanları da aldım və içməyə başladım. Yenə nəticə olmadı. Nəticəsizlik məndə ruh düşkünlüyü yaratmağa başlamışdı. Böyüklərdən biri hansı həkimin yanına getdiyimi soruşdu. Adını deyincə, ağız büzdü və məni danlayırmış kimi: “Sən rayonda Əlixeybər kimi həkim ola-ola onun yanına niyə gedirsən”? – dedi və sabah Əlixeybər həkimin yanına getməyimi məsləhət gördü. Səhəri gün Salyan rayon Mərkəzi Xəstəxanasına yollandım. Axtarıb həkimin iş otağını tapdım. Xeyli növbə olduğu üçün sırada dayandım. Növbəm çatanda içəri daxil oldum. Həkimlə salamlaşıb özümü təqdim etdim və son zamanlarda çap olunan şeir kitabımdan həkimə hədiyyə etdim. Şair olduğumu bilincə, hörmətlə yer göstərdi. Yaradıcılıqla bağlı suallar verməyə başladı. Fürsət düşən kimi dərdimi, fiziki ağrılarımı anlatmağa başladım. Düşündüm ki, indi resept yazacaq, xeyli məsləhətlər verəcək. Amma düşündüyüm kimi olmadı. Mən sözümü bitirən kimi sual verdi:
-Şeir yazandan sonra özünü necə hiss edirsən?
Hiss etdiyimi dedim. Sonra yenə mövzunu problemimin üzərinə gətirdim.
Əlixeybər həkim sanki məni dinləmirdi. Hər dəfə ağrılarımı deyəndə tam başqa mövzuda suallar verirdi: “Şeirlərini əsasən günün hansı vaxtında yazırsan”? “Hansı musiqiləri daha çox sevirsən”? “Əsasən hansı mövzularda yazırsan”? “Oktay Rzanı tanıyırsan”?...
Nəhayət, deyəsən səbirsizləndim:
-Həkim, bəs siz mənə dərman yazmayacaqsız?
Gülümsədi və “dərmanı xəstə adama yazarlar, sən xəstə deyilsən axı” – dedi. Qulaqlarıma inanmadım. Nədən ki, mən artıq ciddi şəkildə xəstə olduğuma inanmışdım. Odur ki, qeydi-ixtiyari: “Necə”? – deyə soruşdum.
-Səndə heç bir xəstəlik yoxdu. Sadəcə olaraq, bir az özünü yormusan. Səni incidən şeylərdən bir az uzaqlaş, sevdiyin musiqiləri dinlə, bir müddət söhbətlərindən zövq aldığın adamlarla otur-dur. Bir də çalış sanatoriyaya get, dincəl. Sənə dincəlmək lazımdı – dedi.
Elə bil üzərimdən dağ götürüldü. Əlixeybər həkim “dərmanı xəstə adama yazarlar, sən xəstə deyilsən axı” – sözünü o qədər səmimi və inandırıcı şəkildə dedi ki, deyəsən mən doğrudan yaxşı olmuşdum. Artıq heç bir müalicəyə ehtiyacım yox idi.
Həkimlə yeni tanışlığımız qısa müddətdə dostluğa çevrildi. Cəmi bir neçə ay sonra həkimin tövsiyəsi və dəstəyi ilə sanatoriya müalicəsində oldum. Qayıdandan sonra yanına getdim. Xeyli söhbətləşdik. Bundan sonra hər rayon mərkəzinə yolum düşəndə onunla görüşürdüm. Hər dəfəsində xeyli söhbətləşərdik. Mənəviyyat adamı olan bu insanla söhbətimiz doyumsuz olurdu. Tez-tez görüşməyimiz azmış kimi bizim tərəflərdən yanına gələn bütün xəstələrdən məni tanıyıb- tanımadığını soruşar və həmin adamdan salam göndərərdi. Aylar, illər keçdikcə aramızda daha doğma münasibət yaranırdı. 2002-ci ildə şad günündə - oğlunun toyunda iştirak etdim. Çıxış edərək ürək sözlərimi dedim, təbriklərimi çatdırdım. 2005-ci ildən sonra yurdumuzun başkəndinə köçdüm. Bundan sonra əlaqələrimiz bir qədər zəiflədi. Lakin buna baxmayaraq ara-sıra zəngləşmələr davam etdi. Axı, Əlixeybər həkim yaddan çıxarılası, unudulası adam deyil...
...Son zamanların söhbətidi. İnternet üzərindən Salyan rayon İcra Hakimiyyətinin saytı vasitəsi ilə rayonda nəşr olunan “Qələbə” qəzetinin son nömrəsini – 2019-cu ilin 9 avqust tarixli növbəti sayını oxuyurdum. “Həkim-nevropotoloq Əlixeybər Axunduvon 70 yaşı tamam oldu” başlıqlı xəbər yazısını oxudum. Bu münasibətlə rayon İcra Hakimiyyətində tədbir keçirilibmiş. Dərhal həkimə zəng elədim. Ona ürək sözlərimi dedim. Uzun ömür, can sağlığı dilədim. Xoş sözlərimi dinlədikdən sonra:
-Çox sağ ol, Namiq! Sən qədirbilən oğlansan – dedi.
-Üzərimdə mənəvi haqqınız var, həkim! Heç zaman unuda bilmərəm – söylədim.
Hiss etdim ki, bu cavab dünyanın çox sınaqlarından çıxmış 70 yaşlı həkimə bir az təskinlik, bir az da məmnunluq verdi. Bilirəm ki, Əlixeybər həkim həyatında yüzlərlə insana təmənnasız yaxşılıq edib. Onu da bilirəm ki, bu yüzlərlə insan arasında onun təmənnasız yaxşılığını çoxdan unudanlar var. Həkimin başqa umduğu heç bir şey olmasa da ömrünün bu müdriklik çağında onlardan “qədirbilənlik” gözləməyə tam mənəvi haqqı var. Çox dəyər verdiyim, xətrini dünyalar qədər istədiyim bu insanın dəyərləndirməsində “qədirbilənlərlər” kateqoriyasına aid edilməyimsə mənə məmnunluq verdi. Nədəni bu ki, bu sözün alt qatında: “Sən qədirbilməzlərdən olmadın” – mesajı gizlənmişdi.
... Bu isə son günlərin söhbətidi;
Kəndimizdən xəstəlik keçirən yaxın qohumum zəng elədi. Əslində xəstə olduğunu bildiyim üçün ona bir neçə dəfə zəng etmişdim. Ancaq telefonu bağlı olmuşdu. Bunu ona xatırlatdıqda: “Həkim icazə vermirdi. İndi danışmağa icazə verdi. Həkim burdadı, səninlə danışmaq istəyir” –dedi.
-Kimdir, hansı həkimdir? – soruşunca;
-Əlixeybər həkimdi – dedi.
Çox sevindim. Söhbətləşdik. Hal-əhval tutquq. Sonda;
-Namiq! Mənə görə sözün, qulluğun?- dedi.
-Çox sağ olun həkim. Sözüm, qulluğum, xahişim odur ki, özünüzdən muğayat olun. Siz dəyərli və gərəkli adamsız –dedim.
Həkimin cavabı dost diləyindən daha çox bir böyük tapşırığı kimi səsləndi:
-Sən də özündən muğayat ol. Bir də ailədən muğayat ol, əsas olan ailədi – dedi.
70 yaşınız qutlu olsun! 80 yaşınızda görüşənədək, böyük insan, Əlixeybər həkim!
Namiq Hacıheydərli
Prezident təqaüdçüsü
Şair, araşdırmaçı
10 sentyabr 2019-cu il
Paylaş: