Xəbər lenti
Dünən, 19:25

 

1992-ci il ailəmizin həyatında ən ağır illərdən biri oldu. Qardaşım Natiq 1991-ci ilin sonunda Rusiyada hərbi xidmətini başa vurub kəndə qayıtmışdı. Bir neçə ay sonra - 1992-ci ilin yazında isə Qarabağa getmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qatılmışdı. Həmin il orta məktəbi bitirdim. Sənədlərimi ali məktəbə verməyə hazırlaşırdım. Lakin durum buna imkan vermirdi. Ailənin dolanışığı xeyli çətin idi, ərzağın qiyməti günbəgün artırdı. İnfilyasiya o qədər sürətli gedirdi ki, 1 aylıq maaşla uzaqbaşı 1 həftə dolanmaq mümkün idi. Üstəlik, qardaşımın cəbhə bölgəsində olması ailənin durumunu daha da ağırlaşdırırdı. Bu səbəbdən əslində ailənin yanında olmaq, mənim də bir işin qulpundan yapışmağım gərəkirdi. Əslində bir çox sıxıntılar ucbatından böyüklərim də təhsilimi davam etdirməyimi istəmirdilər. Lakin oxumaq, ali təhsil almaq eşqim məni bir an da rahat buraxmırdı. Odur ki, ailədaxili uzun müzakirələrdən sonra sənədlərimi ali məktəbə verməyi qərara aldım. O il abituriyent kimi bəxtimiz onda gətirdi ki, həmin il ilk dəfə olaraq, test üsulu tətbiq edildi. Qəbul imtahanları kifayət qədər ədalətli aparıldı. Və  mən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakultəsinə qəbul oldum. Bu hadisə bir tərəfdən ailəmizin sevincinə səbəb oldusa, digər tərəfdən qayğılarını da artırdı. Belə bir çətin vəziyyətdə atam-anam 1 tələbənin də maddi ehtiyaclarını ödəməli idilər. Sıxıntı tələbəliyin ilk günlərindən özünü göstərməyə başladı. Çox çətin günlər idi...

Həmin ərəfədə rayonumuza yeni icra başçısı gəlmişdi. Bu, hamının Ədalət bəy dediyi elimizin ən işıqlı oğullarından olan Ədalət Yusubov idi. O, bizim qonşu ərazidə - Salyanın Qaraçala qəsəbəsində doğulub-böyümüşdü. Başçı seçildiyi ilk günlərdən özünə dərin hörmət qazanmışdı. Əslində o, bu hörməti daha əvvəllər qazanmışdı; yüksək mədəniyyəti, dərin ağlı, insanlara olan səmimi sevgisi və yursevərliyi ilə. Adı kimi özü də ədalətli idi. Başçı olanda öz şəxsində sübut edirdi ki, insan bütün məqamlarda insanlığını qoruyub-saxlaya bilər. Sıradan vətəndaş olanda insanlarla necə davranırdısa, başçı olanda da eyni təvazökarlığı və insanlığı qoruyub-saxlamışdı.

Üstəlik, Salyanda başçı işlədiyi dönəmdə rayonun cəsur gənclərini ətrafına toplamış, "Salyan batalyonu" yaratmış və Qarabağa - Azərbaycanın ərazi bütünlüyü uğrunda gedən döyüşlərə qatılmışdı. O, bəlkə də rayonumuzun tarixində yeganə icra başçısıdır ki, nəinki nüfuzuna xələl gətirmədən vəzifədən getdi, hörmətini birəbeş artıraraq, minlərlə insanın sevimlisi, doğması kimi vəzifə ilə vidalaşdı. Bu gün də eldə-obada hamı ona ya Ədalət bəy, ya da Bəy Ədalət deyir. Bizim tərəflərdə Ədalət adında insan çoxdur. Ancaq Bəy Ədalət deyincə, hamı söhbətin ondan getdiyini anlayır...

1-ci kursda oxuyurdum. Günlərin bir günü ailəmizdə ağır durumdan çıxış yolları uzun-uzadı müzakirə olundu. Sonda qərarı atam verdi:

-Sabah Ədalət Bəyin yanına gedəcəm!

Ədalət Bəy atamı hörmətlə qarşılamış, problemlərini dinləmişdi. Bir oğlu tələbə, digər oğlu cəbhə bölgəsində döyüşdə olan bir atanı ondan yaxşı kim anlaya bilərdi ki... Qardaşımı görmək istəmişdi. Səhəri gün qardaşım hərbi hissədən 1 günlüyə icazə alıb gəlmişdi və icra başçısı Ədalət bəylə görüşmüşdü. Cəbhədəki durumla bağlı xeyli söhbət etmişdilər. Söhbətdən sonra qardaşımı "Kürsəngi Qazma İşləri" İdarəsində fəhlə peşəsi üzrə işə götüzdürmüşdü. Qardaşım yenidən cəbhəyə qayıtdı. Amma bu gediş əvvəlki gedişlərdən olmadı. Bu dəfə o, daha ürəkli  və könül rahatlığı ilə döyüşə yollanmışdı. Nədən ki, arxada qoyub gəldiyi ailəsinin-ata-anasının durumundan arxayın idi. Ən azından, artıq ailəsinin ərzaq almaq üçün para dərdi olmayacaqdı. Və ən azından, doğulub boya-başa çatdığı rayon əmin insanın idarəçiliyində idi...

İnsan bir çətin günü,  bir də çətin gündə yanında olanı unutmur. Bu hadisədən 25 il keçib. Uzun illər keçməsinə baxmayaraq, hələ də o çətin günlər və o çətin gündə harayımıza yetən dost əli unudulmur. Bu, onun çoxdan unutduğu minlərlə yaxşılıqlardan biridir. Bu səbəbdən o, bizim üçün və eləcə də el-obamızda minlərlə insan üçün Bəy Ədalət olaraq qalır.

 Bu gün Ədalət bəyin doğum günündə onun illər öncə etdiyi yaxşılıqlardan birini xatırlatmağı özümə vəfa borcu hesab etdim.

Namiq Hacıheydərli




Ana səhifəyə qayıt        Baxış: 3 069          Tarix: 5-10-2017, 12:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma