Xəbər lenti

  

Azərbaycanda hüquq-məhkəmə orqanlarının fəaliyyəti qənaətbəxş deyil. Bunu hətta iqtidar mənsubları da gizlətmirlər. Prezident İlham Əliyevin bu yaxınlarda hüquq islahatlarına başlayacağına dair fikirlər səsləndirməsi və bu sahədə müəyyən addımların atılması  hüquq sistemimizin yarıtmazlığının ən yüksək səviyyədə etirafıdır. Zira hüquq-məhkəmə sistemində güllük-gülüstanlıq olsaydı, islahatlara ehtiyac duyulmazdı.

Hüquq-məhkəmə sistemindəki vəziyyətin ürəkaçıcı olmaması haqları tapdalanan vətəndaşlarımızın alternativ çarə arayışına yol açır. Bəziləri problemini həll etmək üçün iri məmurlara rüşvət verir, bəziləri kriminal ünsürlərin “ədalət”inə sığınır, bəziləri isə dərdlərini ictimailəşdirərək nəyəsə nail olmağa çalışırlar. Sonuncuların ümidgahları isə müstəqil media orqanları olur.

Bizim üçün fəxrdir ki, toplumumuzun dərdlərini müvafiq dairələrə çatdırılmasında, ictimai müzakirəyə çıxarılmasında güvəndiyi medai qurumlarından biri də Ovqat.com saytıdır. Məhz bu fəxarət duyğusuyla hər gün ünvanımıza yollanan çoxsaylı şikayət məktublarını incələyir və kin-küdurətdən uzaq üslubda yazılmış olanları dərc etməyə çalışırıq. Çünki vətəndaşların son ümid yerini qırmaq da vicdandan deyil və bir çox məsələləri müzakirə edə-edə inqilabi təkamül yolu keçəcəyimizə inanır, bu prosesdə bizim də azacıq qatqımız olmasını istəyir, əlimizdən gələni əsirgəmirik. Hesab edirik ki, yuxarıda sıraladığımız problemlərə çözüm arayışı içərisində ən hüquqi və demokratik olanı da elə mediaya baş vurmalardır.

Ovqat.com-un ünvanına bu gün göndərilən məktublardan biri də dələduzluq iddiaları ilə bağlıdır. Rusiya vətəndaşı Quliyev Mehman Tahir oğlunun yazdığına görə, rayonlardan birinin polis rəisinin atası onu aldadaraq külli miqdarda pulunu mənimsəyib. İddianın nə dərəcədə doğru olduğuna qərar verəcək ünvan olmadığımızdan və kiminsə haqqına girmək istəmədiyimizdən məktubu olduğu kimi dərc etməyi uyğun görmədik. Zəruri bildiyimiz redaktədə zamanı isə şikayətin mahiyyətinə toxunmadıq, sadəcə haqqında ciddi ittihamlar irəli sürülən polis rəisinin və işlədiyi rayonun adını göstərməməklə işimizi tamamladıq. Fikrimizcə, hüquq-mühafizə orqanları bu şikayəti araşdırmaq istəsələr, asanlıqla hansı rayonun hansı bölməsinin polis rəisindən söhbət getdiyini aydınlaşdıra bilərlər. Çətinlik yaranacağı təqdirdə bizə məktub yazan vətəndaşın telefon nömrəsini müvafiq qurumlara çatdırmağa hazırıq.

 

Məktubda deyilir:

  

Şikayətçi Quliyev Mehman Tahir oğlu 

“Mən Quliyev Mehman Tahir oğlu Rusiya Federasiyasının vətəndaşıyam. Bakı şəhəri X rayonu polis idarəsinin Y saylı polis bölməsinin rəisinin atası Z. Novruzov oğluna arxayın olub məni aldadaraq dələduzluq yolu ilə küllü miuqdarda pulumu ələ keçirmişdi.

Belə ki, mən polis bölməsinin rəisinin atası Z. Novruzovdan Azərbaycanda biznes qurmaq təklifi aldım. İşin adı isə yükdaşıma idi. Buna görə “Hovo” markalı maşını almaq üçün Z. Novruzova 41500 ABŞ dolları pul verdim. Həmin pula 99 DE 219 nömrəli Hovo markalı yük avtomobili alındı. Avtomobili həyat yoldaşı F. Novruzovanın adına rəsmişəşdirdi.

Mən Rusiyada yaşadığım üçün həmin biznesə Z. Novruzovun özü nəzarət edirdi. Bir müddət mənə əldə olunan qazancdan müəyyən məbləğdə pul versə də, sonradan oğlunun vəzifəsindən, mənim isə etibarımdan sui-istifadə edərək məni aldatmağa başladı.

O, hazırda Hovo markalı avtomobilin nömrəsini də dəyişdirmişdir. Həyat yoldaşı F. Novruzova ilə rəsmi şəkildə boşansalar da, faktiki bir yerdə yaşayırlar. Bunu isə dələduzluq yolu ilə əldə etdiyi pulu qorumaq üçün edib, bütün əmlakını həyat yoldaşının adına rəsmiləşdirib.

Mən bunu biləndən sonra Z. Novruzovdan həmin avtomobili satıb mənim 41500 ABŞ dolları pulumu verməyi xahiş etdikdə o məni və ailəmi polis rəisi olan oğlu ilə hədələdi. Çiynində polis zabiti rütbəsi daşyan oğul isə atasının dələduzluq əməllərinə haqq qazandırır. Bu isə polis adına böyük bir ləkədir. Mən bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişəm. Ancaq hələ heç bir tədbir görülməyib.

 

Ancaq inanıram ki, Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazov mənim bu şikayətimi obyektiv araşdırıb atasının dələduzluğuna haqq qazandıran, onun cinayət əməllərini müdafiə edən polis rəisi və onun atası barəsində qanuna müvafiq tədbirlər görəcək.

 

P.S. Zəruri redaktəyə ehtiyac duymağımızda gecəsini-gündüzünə qatıb vətəndaşların keşiyində dayanan həqiqi polislərə bəslədiyimiz rəğbətin də rolu böyükdür. Hesab edirik ki, vətəndaşın iddiaları öz təsdiqini taparsa, bu ədalətsizliyə əl atan rəisin polis adına heç bir aidiyyəti yoxdur.




Ana səhifəyə qayıt        Baxış: 377          Tarix: 23-09-2019, 19:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma