Ermənistanın Müdafiə naziri David Tonoyan Azərbaycanda olan erməni hərbçilərlə Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsinin mümkünlüyünü istisna etməyib.
O, bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
D.Tonoyan qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndəliyində keçirilən görüşündə Azərbaycan əsirlərinin dəyişdirilməsi təklif olunub.
Politoloq Arzu Nağıyev bildirir ki, Azərbaycan əsir və girovların, eyni zamanda meyitlərin üç gündən gec olmayaraq qaytarılmasını aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə hələ 2016-cı ildə Ermənistan tərəfinə təklif edib. Amma rəsmi İrəvan hər məsələdə olduğu kimi yenə də beynəlxalq qaydaları pozur.
Azərbaycan D.Əsgərov və Ş.Quliyevin terror-təxribat əməllərinə görə həbs edilmiş - Karen Kazaryan və cəbhənin Füzuli istiqamətində könüllü surətdə təslim olmuş Araik Kazaryanla qarşılıqlı mübadiləsinə hazırdır. Ermənistan tərəfinin isə qarşılıqlı addım atmaması, erməni əsgər valideynlərini ayağa qaldırıb.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən, Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyevə qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. \\Qaynarinfo