Xəbər lenti

  

Ovqat.com-un məlumatına görə, Teleqraf.com-un suallarını politoloq Qabil Hüseynli cavablandırıb. Müsahibəni təqdim edirik:

– Qabil bəy, Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasını və burada müzakirə olunan məsələləri necə qiymətləndirirsiniz?

– Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası sözsüz ki, böyük əhəmiyyətə malikdir. Çünki bu iclasda əsas müzakirə olunan məsələlədən biri faşizm üzərində qələbənin 75 illiyinin necə qeyd edilməsinin müzakirəsinə həsr edilib. Azərbaycan Prezidenti İlham Əliyevin iclasdakı çıxışı diqqətçəkicidir. Prezident faşizm üzərində qələbənin 75 illiyinin qeyd edildiyi bir zamanda Ermənistanda faşizmin populyarlaşdırılması ilə bağlı öz fikirlərini diqqətə çatdırıb. Söhbət Üçüncü Reyxin ordusunda döyüşmüş, orada polkovnik rütbəsinə yüksəlmiş Qaregin Njdenin heykəlinin İrəvanın mərkəzində qoyulmasından gedir. Rusiya dəfələrlə bu faşizm əlaltısının heykəlinin sökülməsini tələb etsə də, Ermənistan tərəfi bunu etməyib. Sual oluna bilər: nəyə görə Qaregin Njdenin heykəli ermənilər üçün bu qədər əhəmiyyətlidir? Mən burada rusiyalı tarixçi Oleq Kuznetsovun fikirlərinə istinad etmək istəyirəm. O qeyd edir ki, ümumiyyətlə, Qaregin Njde faşistlərin xidmətində olarkən, “Daşnaksütyun”, “Hnçak” və bu qəbildən olan digər partiyalara məsləhət görmüşdü ki, Adolf Hitlerin “Mənim mübarizəm” əsərini diqqətlə oxusunlar və faşizm nəzəriyyəsinin Ermənistan milli variantını hazırlasınlar, çünki bu nəzəriyyə, yəni nasional-sosializmin erməni milli variantı erməni xalqını xilas və gələcəyini təmin edə biləcək yeganə nəzəriyyə ola bilər. Bu gün də həmin baxışları təbliğ edən, Ermənistanda yayan kifayət qədər insana və cərəyanlara rast gəlmək mümküdür. Yəni, faşizmə meyillənmək, faşizm ideologiyasını özlərinin bir növ siyasi ideologiyasına çevirməyə çalışan erməni xalqının bir çox nümayəndələri faktiki olaraq faşizmi təbliğ etməklə məşğuldur.

– Ermənistanın baş naziri öz çıxışı zamanı Qaregin Njde ilə bağlı tarxii həqiqətləri təhrif edib, o cümlədən Aleksandr Soljenitsının QULAQ-da, Njdenin isə Vladimir həbsxanasında cəza çəkdiyini bildirib. Sizcə, bu müqayisə nə dərəcədə düzgündür?

– Nikol Paşinyan əvvəla, Qaregin Njdenin bütün tərcümeyi-halını saxtalaşdırır. Njde hələ gəncliyindən faşizm ideologiyasına uyğun bir adam idi. İkinci Dünya Müharibəsi baş verəndə isə sovet ordusu sıralarından qaçaraq faşistlərin sırasına keçmiş bir xəyanətkardır. Təkrar edirəm; o, faşizm ideologiyasının ermənilərin boynuna biçilməsi haqda fikrin müəllifidir. O bildirir ki, faşizm ideologiyası Ermənistanın nicatıdır, onu xilas edəcək ən ciddi və mütərəqqi ideya və ideologiyalardan biridir. Oleq Kuznetsov faktlarla, dəlillərlə və müxtəlif mənbələrə istinad etməklə sübut edir ki, Qaregin Njde Ermənistanın gələcəyini faşizmdə görürdü. Ermənistanın Dağlıq Qarabağda, xüsusilə Xocalıda törətdiklərini faşistlər Holokost zamanı törətməyiblər.

O ki qaldı Njdenin Soljenitsınla müqayisə edilməsinə, bu, tamamilə gülüncdür. Soljenitsın mütəfəkkir, yaradıcı bir adam olub. QULAQ düşərgələrində ağır əzab-əziyyət çəkmiş bir insan olub və sözün həqiqi mənasından təpədən dırnağadək dissident idi. Mövcud rejimin, sovet quruluşunun əleyhinə olan bir adam idi. Soljenitsın sovet quruluşuna qarşı mübarizə apararkən, ona alternativ olan ideologiyanı da ortaya qoydu. Soljenitsın Qərb demokratik quruluşunu sovet dövləti üçün ən yararlı bir quruluş kimi təqdim edirdi. Soljenitsının böyük məktəbi var. Onun böyük ardıcılları var. Soljenitsın bəraət aldıqdan sonra onu SSRİ-də də geniş təbliğ edirdilər və onun hesabına Andrey Saxarov, Starovoytova kimi yüzlərlə insan meydana çıxdı. Bu nöqteyi-nəzərdən Njdenin Soljenitsınla müqayisə edilməsi yalnız və yalnız gülüş doğurur.

– Türkiyənin Suriyanın şimal-şərqində həyata keçirdiyi əməliyyatla bağlı fikirlərinizi bilmək istərdik…

– Bu əməliyyatı ancaq müsbət qiymətləndirmək mümkündür. Belə hesab edirəm ki, bu əməliyyat Türkiyənin təhlükəsizliyinə, sərhədlərinin qorunmasına xidmət edən bir addımdır. Bu, əməliyyat onların tam təbii haqqı, hüququdur. Əməliyyat hər hansı dövlətdən ərazi qoparmaq məqsədi daşımır. Sadəcə, onun ərazisindəki 3,5 milyondan artıq Suriya qaçqınını geri qaytarmaq üçün imkan əldə etmək məqsədi daşıyır. Artıq bir sıra dövlətlər başa düşməyə başlayıblar ki, Türkiyə sözün həqiqi mənasında terror təşkilatına qarşı mübarizə aparmaqdadır. Eyni zamanda bu terror təşkilatlarının kökünü kəsməklə sərhədlərinin təhlükəsizliyini təmin etməkdir. Bir də sözsüz ki, Suriya qaçqınlarını öz doğma yurdlarına qaytarmaqdır.

– Əməliyyata bir sıra Qərb ölkələri, xüsusilə Fransa və Böyük Britaniya mənfi münasibət bəslədiklərini açıqlayıblar. Sizcə, bu ölkələrin mövqeyi nəyə əsaslanır?

– Əgər bu ölkələrin ərazisinə çox yox, 500 min qaçqın gəlsəydi, o zaman onlar Türkiyəni daha yaxşı başa düşərdilər. Onlar uzun müddətdir ki, PKK terrorunu, kürdlərin Türkiyəyə qarşı separatçı hərəkətlərini dəstəkləyən qüvvələr – siyasi boşboğazlardır. Bu nöqteyi-nəzərdən onların hərəkətləri hər cür pislənməyə layiqdir. Sonda hamı tərəfindən görünəcək ki, Türkiyənin indiki qayğıları humanist, humanitar xarakter daşıyır və Suriya qaçqınlarının geriyə dönüşünə yardım etmək məqsədi güdür.

– Maraqlıdır ki, Ərəd Dövlətləri Liqası, o cümlədən Fələstin əməliyyatlarla bağlı Türkiyəni qınayan bəyanat yayıb…

– Bu, ərəb millətçiliyidir. Ərəblərin mövqeyi hər zaman ərəb millətçiliyinə söykənir. Onlar bölgədə Türkiyəni tarixi kökləri hələ Osmanlı dövlətinə gedib çıxan qısqanclıqla pisləyirlər. Bu nöqteyi-nəzərdən ərəblərin fikirlərindəki bu qəzəbi, kini-kudurəti bəlkə də bir qədər başa düşmək olar. Amma Fələstin üçün Türkiyənin etdiklərini Fələstinin indiki rəhbərliyinin nəzərdən qaçırması və Türkiyə əleyhinə olan xora qoşulması həddən artıq hiddət doğurur. Fələstinin indiki başçısı Mahmud Abbasın nə qədər ideyasız və sürüşkən bir adam olduğunu açıq göstərir. Türkiyə həmişə Fələstinin yanında olub, İsraillə münasibətlərini korlayıb və bütün dövrlərdə Fələstinə ən böyük humanitar yardım göstərən dövlətlərdən biri olub.




Ana səhifəyə qayıt        Baxış: 746          Tarix: 12-10-2019, 21:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma