Xəbər lenti

 

Azərbaycan Milli Məclisinin sabiq sədri, professor Yaqub Məmmədovla müsahibəni təqdim edirik:

- Yaqub müəllim, Türk ordusunun Suriyada həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatını necə qiymətləndirirsiniz? Türkiyə bu əməliyyatla milli təhlükəsizliyinə yaranan problemi həll edəcəkmi?

- Bu məsələyə iki baxış var. Bir tərəfdən terrorçuları, onlara bağlı qrupları zərərləşdirməklə problem həll edilən deyil. Bu məsələni həll etməyin başqa yolunu tapmaq lazımdır. Baxın, neçə illərdir ki, Türkiyə terrorizmə qarşı mübarizə aparır, dağlarda vuruşur, şəhid verir, yüzlərlə qazilər yaranır. İllər əvvəl terrorçuların lideri Abdullah Öcalanı həbs etdilər. Amma nə dəyişdi? Bu gün də PKK problemi var və Türkiyə mübarizəsini davam etdirir.

İkincisi, hazırda Türkiyə Suriya ərazisində ona təhdid yaradan kürd yaraqlılarını zərərləşdirir. Bu tərəfdən də Avropa ölkələri, Amerika, İsrail və digər ölkələr Türkiyənin bu addımına etiraz edirlər. Deməli, proses yenə də uzanacaq.

Mənim fikrimcə, xəstəliyi müalicə etmək üçün onun səbəbi tapılmalı və o səbəb aradan qaldırılmalıdır. Amma səbəb tapılmır və ya onu aradan qaldırmaq mümkün olmur. Kürd separatçılarına dəstək verən, onlara silah ötürən dövlətlər var. Fikrimcə, bu dövlətlərlə oturub problemi həll etmək lazımdır. Əks təqdirdə terrorçuları qırıb qurtarmaqla bu məsələni həll etmək mümkün olmayacaq. Az qala bu proses İsrail-Fəlsətin məsələsinə çevrilib.

Sözsüz ki, türk ordusu ölkədə sabitliyi təmin etmək, sərhədlərini gücləndirmək, terror ünsürlərini özündən uzaqlaşdırmaq məqsədilə Suriyada əməliyyat aparır. Digər tərəfdən də, Qərb dövlətləri, ABŞ və İsrail buna etiraz edir. Kürdlər də dünyaya səpələnib, hər yerdə bu prosesə qarşı fəaliyyət göstərirlər. Biz arzu edirik ki, Türkiyə bu problemin öhdəsindən gələcək.

- Siz düşünürsünüz ki, ABŞ-ın kürd separatçılarını müdafiə etməsi, onlardan ibarət 30 minlik ordu yaratması və bu separatçıların Türkiyə milli təhlükəsizliyini təhdid etməsi konteksində türk ordusunun Suriyaya daxil olması yanlış addımdır?

- Xeyir, mən demirəm ki, bu addım doğru deyil. Türkiyə özünün təhlükəsizliyini təmin etmək məqsədilə Suriyada əməliyyat keçirir. Ancaq mən hesab edirəm ki, bu əməliyyatla paralel olaraq, kürd terrorçularının arxasında duran qüvvələr bu işdən əlini götürməlidir. Əks təqdirdə bu məsələ yenidən uzanacaq, gecikəcək, köklü həllini tapmayacaq. Yəni Türkiyənin Suriyaya daxil olub terrorçuları öldürməsilə məsələ həll edilmir. Terrorçuların arxasında duran dövlətlərlə məsələni müzakirə etmək, bu dövlətlərin separatçı və terrorçulara silah, maddi kömək, siyasi və diplomatik dəstək verməsinin dayandırılmasına nail olunmalıdır. Əgər bu dəstək olmasa, fikrimcə, Türkiyə çoxdan bu vəziyyətdən çıxmış olardı.

- Suriyanın gələcək taleyi necə olacaq, bu ölkədə hansı ssenarilər yaşana bilər?

- Mənim fikrimcə, hazırda Türkiyənin Suriyada apardığı əməliyyat Suriya dövlətçiliyi üçün son dərəcə xeyirlidir. Bu əməliyyat Bəşər Əsədi müəyyən qədər gücləndirəcək. Nəzərə alınmalıdır ki, Türkiyə ordusu əməliyyatı başa çatdırdıqdan sonra Suriya ərazisində qalmayacaq. Deməli, Türkiyənin terrorçulardan təmizlədiyi ərazilər sonra Suriya dövlətinin nəzarətinə keçəcək. Türkiyə özü dəfələrlə elan edib ki, Suriyada işğalçı siyasət aparmaq niyyəti yoxdur. Amma Suriya problemi özlüyündə mürəkkəb problemdir. Bu problemin necə başa çatacağı hələ gələcəyin məsələsi olaraq qalır. Böyük dövlətlərin Suriyada maraqları toqquşur, odur ki, bu proses hələ uzanacaq. Problemin həlli üçün ilk olaraq Suriyada marağı olan böyük güclər arasında razılaşma əldə olunmalıdır.

- ABŞ elan etdi ki, artıq Suriyadan çıxır. Sizcə, bu Suriya böhranının həlli istiqamətində mühüm gediş deyilmi?

- ABŞ əsgərləri Suriyadan çıxmayacaq. Ola bilsin ki, ABŞ-da qarşıdan gələn seçkilərlə əlaqədar olaraq, Prezident Tramp belə addımlar atır. Əslində bu boş söhbətdir. Mən inanmıram ki, ABŞ birtərəfli şəkildə Suriyanı tərk etsin. Bu, çətin məsələdir. Obama hakimiyyətə gələndən elan etmişdi ki, Əfqanıstanda olan ABŞ ordusunu çıxaracaq. Nə oldu, çıxardılarmı? Bəyanat vermək başqa, real addım atmaq başqa. Gah deyirlər çıxırıq, gah deyirlər, əsgərlərimizin sayını çoxaldacağıq. Yəni ABŞ-ın addımlarına birmənalı yanaşmaq lazım deyil.

- ABŞ həm də Türkiyəyə Suriyadakı əməliyyatlarına görə sanksiya tətbiq etmək qərarını açıqladı. İki müttəfiq ölkə arasında yaranan bu ziddiyyəti necə izah etmək olar?

- Əvvəla, Türkiyə bir NATO ölkəsidir, Amerika ilə yaxın əlaqələri var. Əgər indi ABŞ Türkiyənin Suriyada apardığı əməliyyata dəstək vermirsə, əksinə onun əleyhinə təbliğat aparırsa, üstəlik Ankaraya sanksiyalar tətbiq edirsə, deməli, çox mürəkkəb durum var. Odur ki, ABŞ, Rusiya, İran, İsrail və Avropa dövlətlərinin razılığı olmadan kürd separatizmi problemini həll etmək çox çətin olacaq.

Ərdoğan qətiyyət nümayiş etdirərək, ordunu Suriyaya yeridib və fəal əməliyyatlar aparır. İndi görək, sonu necə olacaq.

- Siz türk ordusunun qarşısına qoyduğu məqsədi yerinə yetirəcəyinə inanırsınızmı?

- Yaxın dövr üçün ordu ona tapşırılan bütün məqsədilərə nail olacaq. Amma sonrası necə olacaq? Nəzərə almaq lazımdır ki, Suriyada kürdlərin sayı 20-30 min deyil. 20-30 min onların silahlı strukturudur. Amma belədə kürdlərin sayı daha çoxdur.Üstəlik xaricdə olan kürdlər ora dəstək verir, Qərb isə birmənalı dəstəyini ifadə edir. İranda da bu yandan mitinq keçirirlər. Vəziyyət çox qəlizdir. İndi deyirlər ki, türk ordusu Suriyada qarşısına qoyduğu hədəfə çatdıqdan sonra təcili Suriyanı tərk etməlidir. Mənə görə, bu, doğru yanaşma deyil. Əksinə ordu əməliyyatı başa çatdırdıqdan sonra bu ərazilərdə Türkiyənin mövqeyi gücləndirilməlidir. Əgər ordu geri qayıtsa, kürd silahlıları yenidən boşluğu doldura bilər. Türk ordusu əməliyyatdan sonra bu əraziləri o şərtlə tərk edə bilər ki, Suriya hakimiyyəti orada kürdlərin təşəkkül tapmasına, dağıdılan kürd silahlılarının toparlanmasına imkan verməsin. Bunun üçün Suriya dövləti gücləndirilməli, ordusu fəal iş aparılmalıdır. İndi buna imkan verib-verməyəcəklərini demək çətindir. Suriyada olan qüvvələrin hər birinin öz marağı var. Suriya dövlətçiliyinin saxlanılıb-saxlanılmaması məsələsinin özündə belə marağı olub-olmayan tərəflər var.

- Hazırda Suriya ilə Türkiyə arasında diplomatik əlaqələrin olmaması hansı çətinliklər yaradır?

- Mənə görə, əlaqələr bərpa edilməlidir. Əlaqələrin olmaması əslində türk ordusunun əməliyyatının nəticələrinə mənfi təsir göstərən amildir. Diplomatik əlaqələr olmalıdır ki, bu ərazilərin sonrakı taleyi, oranın idarə edilməsi məsələsi aydınlaşdırılsın. \\Teleqraf




Ana səhifəyə qayıt        Baxış: 489          Tarix: 15-10-2019, 19:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma